AVMVİB sədrindən Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini, müharibə iştirakçısı olan polis əməkdaşlarını və bütün asayiş keşikçilərini təbrik edib.

Füzuli Rzaquliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarını təsis etməsi xalqımızın hüquq-mühafizə tarixində mühüm bir mərhələ olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən etibarən 2 iyul tarixinin rəsmi olaraq Azərbaycan Polisi Günü kimi qeyd edilməsi isə bu qurumun dövlət və cəmiyyət üçün əhəmiyyətinin ən yüksək səviyyədə tanındığının göstəricisidir.

AVMVİB sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları hərbçilərlə çiyin-çiyinə vuruşaraq qəhrəmanlıq nümunəsi göstərmişlər. Təkcə Vətən müharibəsi dövründə polis sıralarından yüzlərlə əməkdaş şəhid olmuş və yaralanmışdır. Bu faktlar Azərbaycan polisinin təkcə asayişin deyil, həm də vətənin keşiyində mətinliklə dayandığını sübut edir.

Təbrikdə həmçinin vurğulanıb ki, bu gün AVMVİB sıralarında çoxsaylı müharibə iştirakçısı olan polis veteranları yer alır. Onlar təkcə döyüş meydanında deyil, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində də öz vətənpərvərlik mövqeləri ilə seçilirlər. Füzuli Rzaquliyev bu əlamətdar gün münasibətilə AVMVİB-in müxtəlif şəhər və rayon şöbələrində fəaliyyət göstərən polis veteranlarımızı səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri bildirmişdir: «Azərbaycan polisi bu gün də ölkəmizdə ictimai sabitliyin təmin olunmasında, hüquq və asayişin qorunmasında, dövlətçiliyimizin müdafiəsində mərdlik və fədakarlıqla çalışır. Asayişin keşiyində dayanan polis əməkdaşlarımız mərd, mətin, dövlətə və Vətənə sadiq olan igid oğullarımızdır. Hər birinə sağlamlıq, xidmətlərində uğurlar arzulayıram».

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: