AVMVİB sədrindən Silahlı Qüvvələr Günü münasibətilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı xalqımızı təbrik edib! Təbrikdə qeyd olunur:

«26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradıldığı bu əlamətdar tarix Vətənə xidmət edən hər bir hərbçinin, zabitin və ordunun qürur günüdür. Bu münasibətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini, vətənpərvər zabit və əsgərlərimizi səmimi qəlbdən təbrik edir, onlara Vətənə xidmət kimi şərəfli missiyalarında yeni uğurlar arzulayıram.

Bu gün Azərbaycan Ordusu xalqımızın qürur mənbəyinə çevrilmiş, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə imza atmışdır. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq nəticəsində rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir.

Bu zəfərin davamı olaraq, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı ilə Qarabağ bölgəsində qalan qanunsuz erməni silahlı dəstələrinə son qoyulmuş, ölkəmizin suverenliyi tam bərpa olunmuşdur. Bu, təkcə hərbi deyil, siyasi və mənəvi müstəvidə də Azərbaycan dövlətinin gücünün və qətiyyətinin sübutudur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq biz də 44 günlük Vətən müharibəsi dövründə ordu ilə çiyin-çiyinə dayanmış, səngərdə və səngərarxasında dövlətimizin yanında olmuşuq. Bu gün də vətənpərvərlik ruhunun cəmiyyətə aşılanmasında, gənclərimizin milli ruhda tərbiyəsində, qazilərimizin və şəhid ailələrinin sosial müdafiəsində iştirak etməyə davam edirik.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də Azərbaycanın hüquqi, siyasi və hərbi cəhətdən möhkəm əsaslar üzərində inkişaf etdiyini göstərir. Bu gün Silahlı Qüvvələrimiz təkcə sərhədlərimizi deyil, eyni zamanda Konstitusiyamızda təsbit olunmuş milli maraqlarımızı da qoruyur.

Bu bayram günündə biz torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizi ehtiramla anır, Allahdan onlara rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. Qazilərimizə isə möhkəm can sağlığı, uzun ömür və daim dövlətimizin qayğısı ilə əhatələnmiş bir həyat arzulayırıq.

Əminik ki, ordumuzun şanlı yolu bundan sonra da yalnız zəfərlərlə davam edəcək. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qüdrətli Azərbaycan dövləti!»

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: