“Səni tərənnüm edirəm, Vətən!”: Görünən torpağın görünməz övladları

«Qarabağ mənim gözümdə zorla saxladığım göz yaşıdır!”

Aydın Canıyev, Xocavənddən məxsusi Miq.az saytı üçün

Xocavənddən reportaj əvəzi – aprel döyüşləri şərəfinə və ehtiramla —

I YAZI

...Gecəyarısı qəfil zəng məni ayağa qaldırdı.

Koronavirus həyəcanı deyildi!

Yanğın və digər fövqəladə hallarla da heç bağlılığı yoxuydu.

Bu həyəcan siqnalı 32 il əvvəlin mirasıydı!

Onda fövqəladə hallar nazirliyimiz yoxuydu!

Onda dünya karantin eləməmişdi, heç elə fikri də yoxuydu!

На изображении может находиться: один или несколько человек, люди стоят, небо, трава, гора, на улице и природа

İndi adı tapılıb, ad qoyulub: koronavirus. Amma 32 il əvvəl biz deməliydik, biz ad qoymalıydıq: tarixin kArenovirus (karinavirus) xəstəliyi aktivləşib. Ona qədər ağıllılarımız, bilginlərimiz, ziyalılarımız, rəhbərlərimiz susmuşdu. Deməmişdilər.

Mən hər dəfə xəritəsinə baxanda canım Azərbaycanımın.. utanıram.

…1 metr 98 santimetr boyuyla və 120 kiloqram çəkisiylə sonda xərçəngə tutularaq… necə bir dəri, bir sümük qaldısa atam, Azərbaycan da bax eləcə: 2,5 milyon kvadrat kilometrdən… xəritəyə baxın görün NƏ VƏ HANSI GÖRÜNTÜDƏ qalıb!

Zəng Elgündən idi. Səbirə bacıgildən – «Qarabağın Həcəri” – edirdi:

— Ustad, neynirsən?

Sağollaşıb çıxdım evdən: birbaşa Tərtərə. Tərtər mənim Azərbaycan adına açıq və gizli sevgilərimin müqəddəs ünvanıdı: bir az kəmfürsətlik edib, əvvəldən deyim ki, üç gün, üç gecə Dağlıq Qarabağda gəzərkən döyüş bölgələrini, anam elə hey zəng edirdi. Ki… Aydın, sən hardasan, neynirsən, Məmməd iki gündü yuxuma girir, deyir Aydını çağır. Hardasan?

— Rəisə, Məmməd bir də soruşsa, deyərsən ki, Aydın Günəşiylədi, narahat olmasın.

Mənim qəbirdə olan dədəm Məmməd mən erməniylə üzbəüz sərhəddə cəmi üçcə gün üç yüz metr məsafədə olanda əl-ayağa düşür, anamı dinc qoymur, qardaşımı narahat edir, amma 32 ildi… Dağlıq Qarabağ o erməniylə üz-üzədi, hər gün atışma olur, hər gün Məmmədin oğlu Aydın ölur, hər gün Aydının anası ağlayır, hər gün Aydının qızları yetim qalır, hər gün Aydının xanımı dul qalır, hər gün Aydının bacısı ağlar qalır, saç yolur, «qardaş qanını saçına xına qoyur”, amma və lakin… KİMSƏLƏR taxtdan, kreslodan tərpənmir… diri olsalar da, əllərində silah-sursat olsa da, səlahiyyət və güc olsa da, mükəlləf olsalar da!
Mən Tərtərə niyə getməyimi etiraf edirəm: dəm havasına, kabab (əslində tut arağıyla xaş) eşqinə uçdum… ilkin olaraq! Amma həm də Günəşim gəzən yerləri hamıdan xəlvət gözümlə görməyə.

Tərtərə gecəyarısı çatdım. «Şeyx Əhməd” – Elgün məni qarışılamağa çıxanda… burnuma rus-ingilis-fransız sperması qarışıqlı «erməni” adlı «duxi”nin iyi gələn mərmi, güllə «ətri” dəydi!

Mən hər şeyi yüksək səviyyədə bacarsam da, içməyi bacarmıram – tez sərxoş oluram! Amma həmin gecə «Şeyx Əhməd”lə nə qədər vursam da, özümü unuda bilmədim, sərxoş ola bilmədim: hər tərəfdə «erməni brendləri”inin»izi” vardı: evlərin damı, küçələr bu adlı «kosmetika məhsulları” ilə bəzədilmişdi: «pudra”sı, «sürmə”si, «pomada”sı göz deşirdi, ağıl güllələyirdi, ürək parçalayırdı! Yadıma İbadulla Mədətovun birinci kursda mühazirədə dediyi düşdü: ay qızlar, bu pomada bilirsinizmi nədən hazırlanır? Donuz spermasından, az çəkin üzünüzə.

Bizim qızlar çəkmədi! Amma Azərbaycanın gözünə, dodağına, yanağına 32 ildi bu «pomada”, «ənlik-kirşan” çəkilir! Bağrın tökülsün sənin, nə tut arağı, nə rus arağı, nə ingilis viskisi, nə xaş… sərxoş olmaqmı olar!?

Amma görünür Azərbaycan həm də sərxoşdur!

Amma görünür, Azərbaycan hələ də xərçəngə yoluxduğunun fərqində deyil!

Amma görünür, Azərbaycan hələ də AŞ PA, ATƏT, Madrid prinsipləri, Senat qətnamələri ilə aldığı «kimyaterapiya”dan ağrıları hiss eləmir!

Mən bu «ölü sükut”un hakim olduğu bölgədə… diri qalan «Elgünün bibisi”«Qarabağın Həcəri” Səbirə bacıgildə anında qərar verdim:

— «Şeyx Əhməd”, qəflə-qatırı hazırla, getdik düşmənlə üz-üzə ən yaxın səngərə!

Mənim anidən və spontan qərarlarım olur, dostlar bilir ki, dedimsə, edəcəm. Bu, Yardımlıda da belə olub, Qazaxda da, Xaçmazda da, Şəkidə də, Naxçıvanda da, Moskvada da, Vladivostokda da və hətta… Tiflisdə, Yerevanda da. Dəstək olmasalar belə, tək gedəcəm.

«Şeyx Əhməd”im – Elgün Gəncimsoy, atası Qarabağ qazisi və əlili, əmisi şəhid olan hərbi jurnalist dostum bütün dostlara ağız açası oldu: maşın, qarşılanma və sərhədə-sonuncu səngərə qədər icazəyə və müşayiət personalına qədər anlaşdı müvafiq şəxslərlə.

… Xocavənddə Aslan və Ələddin Quliyevlərlə görüşdük. İkisi də döyüşçü, ikisi də Xocavənd fədakarı, ikisi də erməni içində AZƏRBAYCANLI QÜRURU, LƏYAQƏTİ sərgiləyən «müharibə əjdahası”.

Face-dən Aslan kişiylə dostam, ehtiyatda olan Ələddinlə orda tanış olduq!

Bu iki döyüşçü ilə danışmaq mənə bəs etdi ki, Xocavənd üçün Ağcabədidən, Lənkərandan, Ağdamdan, Füzulidən, Kürdəmirdən, Şəkidən, əlqərəz, Azərbaycanın hər yerindən gəlib döyüşən hər bir döyüşçünü adbaad tanıyım, Xocavəndin yaranmasını, yaşadılmasını, qorunmasını təfsilatıyla bilim, bu insanların unudulmazlığını, onlara verilən dəyərin aliliyini, tökülən hər damla qanın göz yaşına və sevgiyə bələnərək dəfninə şahid olum.

Saysız-hesabsız yazılar yazmışam döyüşçülərimizdən, amma bu fikri ilk dəfədir yazıram: məhz Xocavənddə döyüşənlərin, həlak olanların ruhu öz layiqli dəyərini alır! Məhz Xocavənddə şahid oldum: rayon mərkəzindən 35 kilometr aralı və həmin 35 kilometrin tamamında 40 kilometr sola, 50 kilometr sağa bir bölgəni rayon əhalisi və rəhbərliyi, ordu ÜRƏYİYLƏ QORUYUR!


Məhz Xocavənddə hiss olunur ki…

Elzas-Lotaringiya 42 il almanların işğalında qalanda fransız xalqı nə ölkə rəhbərliyini ittiham etdi, nə də ordunu, xalq nə orduya yardımdan qaldı, nə də kilsədə dualarından!

Bax, bunu Xocavənddə gördüm: əhali və rəhbərlik… inamıyla, iradəsiylə, idarəetməsiylə Prezidentin və İnancının yanındadı! Bu ayrı döyüş bölgələrində belə deyil – ad çəkib ürək bulandırmayacam!

Aslan kişiylə, Ələddin kişiylə səngərə doğru irəliləyirik: danışırlar və mən düz bir il iki ay qabaq ürəyimdə qübar bağlayan, içimi göynədən dərdimə — göz yaşımı dəfn etməyə yer tapmadığım vətən parçasına… ünvan tapdım.

Keçən ilin elə bu vaxtlarından – martın əvvəllərindən Moskva-Tver zülmünə ürcah olanda diaspora təşkilatımızla əməkdaşlığa başladım. Mayın 9-da Qələbə günü münasibətilə bəlli marşrutla «Poqoroloe kladbişşe”də olanda ağlıma bir fikir gəldi: Rusiya ona görə nəhəngdi ki, onun torpaqlarının yeraltı sərvətləri siyahısında təbii zənginliyi həm də düşmənin məhv edilmiş döyüş silahları, texnikaları, əsgərləri və eyni zamanda müxtəlif xalqların fədakar insanları öz qəhrəmanlıqlarıyla cilalayır. Özbəklər, qırğızlar, tatarlar, azərbaycanlılar, ruslar bu torpaq uğrunda vuruşub və qurban gediblər: rus torpağı beynəlmiləl birliyin
fədakarlığı üstündə qüdrətlilik və hegemonluq cücərdir!

На изображении может находиться: Aslan Quliyev, стоит, небо, на улице и природа

Mən bunu Azərbaycan üçün demək istəyirdim!

Mən bu əzəməti öz torpağıma aid etmək istəyirdim!

Mən bu şərəfi öz ölkəmin xalqları adına yazmaq istəyirdim!

Mən istəyirdim ki, göz yaşlarımı Azərbaycanın məhz belə əzəmətli olan torpağında dəfn edim!

Mənim əzəmətdən, şərəfdən, qürurdan axan göz yaşlarım dəfn olunacaq bir parça torpaq olmasa, mən də ölərəm, Azərbaycan da!

Xocavənddə mən o bir parça torpağı tapdım!!!

Aslan kişi İlyasdan danışırdı. Hüseynovdan: «Aydın, bax, bu ərazimiz İlyasın qanı hesabına bizdə qaldı!” – göz baxdıqca uzanan ərazidi… Azərbaycan adına!

Bir az daha irəli gedirik: İbad Hüseynli zirvəsi! Minaya düşsələr də, ehtiyat qüvvələri az olsa da, amma zirvə qorunub qalıb!

Daha irəlidə… illərlə baş qaxıncına dönən daha bir sualın super cavabını aldım: hər kəs hamını vətənə borclu hesab edir! Al gəldi: Azərbaycan-Vətən-Dövlət olaraq biz, Xocavəndin varlığına bax bu abidəyə adı həkk olunan… şəhidlərə — oğullara və qızlara borcluyuq!

Yaddan çıxarmayaq: Xocavənd həm də Vətənin borclu olduğu torpaqdır – düşmənlə üz-üzə qalaraq şəhid olan övladlarına görə!

Çar Rusiyasının və Sovet hökümətinin ermənlişədirdiyi əzəli Dağlıq Qarabağ torpağı Martuni və Hadrut üstündə Xocavənd yaradanlara eşq olsun – 5 kənd o yandan, 10 kənd bu yandan!

Qoruyanlara eşq olsun!

Mən məhz o səngərlərdən boylananda, mən məhz o şəhid qanları üstündə bizim olan torpaqların bizdə qalmış torpaqlarında düşündüm: «Qarabağ mənim gözümdə zorla saxladığım göz yaşıdır!”

Gözümün yaşı, gözümüzün yaşı sizə halal olsun, borclu olduğumuz oğullar, qızlar, — deyərək, irəli, mümkün olduğundan artıq, güllə hədəfinə rahat gələcək qədər irəli gedirik!

Aslan kişi xatırladır: burada Lənkəran uşaqları döyüşüb, «Lənkəranın 83-cü kəndi” deyirdik bura.

O döyüşçü uşaqların çoxu mənim dostlarımdır, olub, adları sadalandıqca qürur duydum… Azərbaycan adına!

Mən Kəlbəcər uğrunda döyüşüb Kəlbəcəri alıb ayağını itirən erməniyə belə Azərbaycan torpaqları uğrunda vuruşmasına, Azərbaycan torpağını işğal edəcək qədər sevməsinə təşəkkür edən adamam. Kim bu torpağı sevirsə, onun uğrunda vuruşursa, ölürsə, onu sevməliyik!

Azərbaycanlı olub Azərbaycanı sevməyən, onun uğrunda vuruşmayan, onun üçün ölməyən, ona sahib olmağı bacarmayan, istəməyən azərbaycanlının nəyini sevim ki, nəyinə təşəkkür edim ki!?

Mən Xocavənddə bu gün olan, yaşayan və döyüşmüş hər kəsə özümü borclu bildim. Və təşəkkürümü bu yazıyla çatdırıram.

На изображении может находиться: небо, на улице и природа

Daha bir döyüşçü qardaşımızla görüşdük… rəhmətlik İlyas Hüseynovun qanıyla qoruduğu, öz əliylə saldığı tut bağında: Əbülfət Hüseynov.

Döyüş xatirələri, minaya düşməklər, kontuziyalar, yaralanmalar, fəaliyyətin məhdudlaşması, təkliflərin bada verilməsi, imtina olunan imkanlar barədə danışdıqca Əbülfət kişi, sakitcə qulaq asıram və düşünürəm:

görəsən, erməniləri nəinki Azərbaycandan, hətta külli-Qafqazdan yox etməyəcən bəs edən bu təklifi Əbülfət Hüseynov kimə deməliydi daha?

Gec də olsa, amma həm də gec deyil: zaman o zaman olmasa da, tarix o tarix olacaq: əgər dediyim balaca bir ərazidə İlyas, İbad, Əbülfət, Aslan, Ələddin varsa, əgər yaxından Ağcabədi, Füzuli, Ağdam, uzaqdan Lənkəran, Quba haraya çatırsa! Olacaq əlbəttə ki, olacaq o gün!

Keçdiyimiz yolda Qaraca Çobanın olduğu qəbir də var. Söz oynatmayacam, pafos da nümayiş etdirməyəcəm. Çünki… Qaraca Çoban məndən də qırmızı adam olub, qayıdıb deyəcəkdi ki, a kişi, mən o boyda köklü-köməcli ağaca bağlandım, dibindən çıxartdım, getdim Qazan xanın köməyinə, nə özünə «dəli-dolu Aydın” deyib üstümə gəlmisən, ehtiramın təpənə dəysin, əlin açıq, ayağın açıq, get dəliliyini elə, al silahı, yıx sürü, gəl üstümə de:

— Qaraca Çoban, sən bağlandığın ağacla «çal qılıncını, Xan Qazan, yetdim” dedin, mən dəliliymlə «vur, komandir, vur” dedim və vurdum… anasını sevdim… düşmənin!

Xocavənddə həyat qaynamır.

Xocavənddə insanlar qaynamır!

Xocavənddə dünya qaynamır!

Xocavənddə… düşmən mərmilərindən yanıb külə dönə biləcək qədər geniş ərazilərdə taxıl zəmiləri göyərir — ətrafda heç kim yox!

Xocavənddə diqqətdən, qaygıdan, sığaldan MƏCBURƏN məhrum torpaqlar oyanır hər səhər!

O zəmiləri əkən oğlanları düşmən görə bilmir!

Hər səhər oyanan o torpaqlar o torpaqları qoruyan oğlanlara görə Azərbaycan adına oyanır.

Düşmənin görə bilmədiyi oğlanları görmək bizim borcumuzdur!

Mən o oğlanların-qızların şərəfinə yazdım bu yazını bu apreldə. Martda da yaza bilərdim!

Aprel döyüşləri şərəfinə — keçən il apreldə də Xocavənd düşmənlə üz-üzəydi!

İmkan eləsək, dəli-doluluğumuz tutsa, Əbülfət kimi oğlanlarımızı dinləsək, gələn apreldə nəinki Xocavəndlə üz-üzə, heç Qafqazla üz-üzə erməni qalmaz!

Eləsək də, tutsa da…, — deyirəm!

Sonda deyim bu əminlik nədəndir məndə: Xocavənddə düşünürlər ki, torpağa su qatanda palçıq olur, qan qarışanda vətən.

Mən bu sözü Xocavənddə eşitdim Xocavəndi qoruyan oğlandan. İstəmədi adını çəkim. Mən də öz adımdan yazdım.

Vətən adına, vətən üçün deyilən hər söz elə olmalıdı ki, ona hər bir azərbaycanlı imzasını qoymaqdan, öz adına çıxmaqdan şərəf duysun.

Bu şərəfi bizə verən vətən əsgəri, sağ ol!

Sağ ol ki, varsan, Xocavənd var, Xocavəndin əkin sahələri dən bitirir, Xocavəndin torpaqları hər gün Azərbaycan adına oyanır!

Mən sizdən razı qaldım, Vətən sizdən razıdır, gün o gün olsun qardaş qardaşa, doğma doğmaya qovuşan kimi, torpaqlarımızın həsrətinə son qoyasınız! Və mən torpaq sevgisindən, ayrılan torpaqların qovuşmasından gözəl bir yazı yazam. Nəyi bacarmasam da, sevgidən gözəl yazıram – bir-birini sevənlərdən, başqalarının bir-birinə sevgisindən, başqa sevgilərdən, özüm sevsəm də, sevilməməyimə baxmayaraq!

Sevgi bütün qələbələrin rəhnidir!

Sevgi bütün dərmanların məlhəmidir!

Bu torpaqları da sevgiylə xilas edəcəksiniz, əminəm: hətta Əbülfət bir az qabağa gedib deyən kimi: torpaqları azad etmək üçün silahdan öncə… «nəsə” olmalıdır!

O daha «nəsə” olan günə qədər gözləyərik!

Sizə sevgiylə ayrıldım. İnanıram ki, o torpaqlara gələn dəfə gələndə daha bir addım irəli gedə bilərəm.

Siz bunu edəcək oğlanlarsınız – Aslan, Ələddin, Əbülfət, İbad, İlyas, Babək, Elgün… saysız-hesabsız qardaşlarımız!

На изображении может находиться: 3 человека, в том числе Aslan Quliyev и Aydın Can, люди стоят, небо, трава, гора, на улице и природа

Bu xəbəri paylaşın: