AVMVİB sədrindən Türkiyə xalqına başsağlığı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı Türkiyə xalqına və dövlətinə dərin hüznlə başsağlığı verib. Başsağlığı mətnində deyilir:

«Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması və nəticədə türk hərbçilərinin şəhid olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki hər bir azərbaycanlının qəlbini ağrıtdı, çünki biz bir millət, iki dövlətik və birimizin dərdi digərimizin dərdidir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından şəhid olan qardaşlarımızın ailələrinə, yaxınlarına, həmçinin bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, səbir və dözüm diləyirik. Allah şəhid olan türk əsgərlərinə rəhmət eləsin, yaralıların şəfasını versin. Azərbaycan xalqı bu kədərli gündə qardaş Türkiyənin yanındadır. Rəhmətlik Atatürk demişdir ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Biz həmişə qardaş Türkiyənin yanındayıq”.

Sonda Füzuli Rzaquliyev vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq bağları sarsılmazdır, hər iki xalq daim sülh, sabitlik və dövlətçilik ideallarını birlikdə qorumaqda davam edəcək.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: