12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan, müstəqil dövlətimizin hüquqi və siyasi əsaslarını müəyyən edən əlamətdar bir gündür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu münasibətlə xalqımızı təbrik edərək bildirib:
“1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsas hüquqi dayağı, azadlığımızın və milli birliyimizin təminatıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu ali sənəd müasir Azərbaycanın inkişafının ideya və hüquqi təməlini yaratdı.
Bu gün həmin ideoloji və hüquqi xətt Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu, vətəndaş rifahı bu Konstitusiyanın ruhuna və prinsiplərinə söykənir.
Biz — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olaraq, daim dövlətimizin və dövlətçiliyimizin yanında, Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin suverenliyi və milli dəyərlərinin qorunması naminə fəaliyyətimizi davam etdiririk.
Bu müqəddəs gündə xalqımıza sülh, firavanlıq və əmin-amanlıq arzulayır, Konstitusiyamızın yaşamasına və möhkəmlənməsinə xidmət edən hər bir vətəndaşımıza təşəkkürümü bildirirəm.”
AVMVİB-in Mətbuat xidməti
