Keçmiş məzunlar bu tarixdə qəbul imtahanı verəcəklər

İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.

Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcəkdir.

“İmtahana buraxılış vərəqəsi” sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.

Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcəkdir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •