AVMVİB layihə çərçivəsində bölgələrdə veteranlarla görüşləri davam etdirir — FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə veteranlarla görüşləri davam etdirir.

Layihə çərçivəsində bu dəfə Samux rayonunda geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin sosial məsələlər üzrə sədr müavini Qurban Osmanov, AVMVİB Samux rayon şöbəsinin sədri Polad Ağamalıyev, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.

Tədbirdə çıxış edən AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. Layihənin icrası artıq bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.

Tədbirlə bağlı sədr müavini Qurban Osmanov “Bu layihələrin həyata keçirilməsi müharibə veteranları tərəfindən razılıqla qarşılanır. Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyi əlavə bir imkan əldə edir. Bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm” deyə qeyd etdi.

Çıxış edən Samux rayon şöbəsinin sədri Polad Ağamalıyev layihənin həyata keçirilməsinin vacibliyindən danışdı. O, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti olduğunu və bu rayonda da həyata keçirilməsinin müharibə veteranları tərəfindən rəğbətlə qarşılandığını bildirdi.

Layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verildi. Onların qarşılaşdıqları problemlər öyrənildi. Problemlərin həlli yolları onlara izah olundu. Ən böyük problem maddi imkansızlıq ucbatından müharibə vaxtı aldıqları stres-travmaların və xəsarətlərin daha da şiddətlənməsi ilə əlaqədar olaraq müalicə oluna bilməmələri, döyüşlərdə iştirakını təsdiq edən “müharibə veteranı” vəsiqəsini ala bilməmələri və işsizlik idi. Müharibə veteranı vəsiqələrinin alınması üçün ilkin sənədlərin toplanmasında hüquqi məsləhətlər verildi. Müdafiə nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə və nazirliyin “Veteran adlarının və vəsiqələrin verilməsi” komissiyasına onların daxil olmuş ərizələrinin vaxtında cavablanması ücün təşkilat tərəfindən müraciətlər olunacağı bildirildi.

AVMVİB Mətbuat xidməti

07225e1de31d4d4ca4e7ab97198b20472692024133461

385e0cc5706f4dc4b8a0b13ea1b3b54d2692024133586

d8c5485d986b48529b2b1338dfde6b7a2692024133648

Bu xəbəri paylaşın: