Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü — 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 2 ay mühasirədə qalaraq qeyri bərabər döyüşlərə tab gətirməyərək 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb, tarixi və dini avidələrimizi məhf edib.
Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Qeyd edək ki, Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.
Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
Zəngilanda Tikinti, quruculuq işləri sürətlə davam edir.
Zəngilan şəhər mərkəzində inşa olunan Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023 cü il sentyabrın 28-də edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024 cü il mayın 18-də Zəngilan məscidinin açılışını edib və məsçid Zəngilan sakinlərinin istifadəsinə verilib.
Hal hazırda Zəngilan Şəhərində 12 yaşayış binası və Vətən Müharibəsi Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaq üzrədir və inşallah bu il dekabr ayına 104 ailənin köçürülməsi planlaşdırılır.
Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.
Torpaqlarımızın işğaldan azad olunmasında öz şirin canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Şəfa diləyirəm.
Allah Rəşadətli Ordumuzu qorusun, yaşasın Ali Baş Komandan!
Bayramınız mübarək əziz Zəngilanlılar!
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri