Fransanın Azərbaycana qarşı sərgilədiyi mövqe beynəlxalq hüquq normalarına ziddir

Füzuli RZAQULİYEV,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

Son illərdə, xüsusilə Qarabağ münaqişəsi dövründə Fransanın qərəzli mövqeyi dövlətimizə qarşı daha da güclənmişdir. Fransa, Avropa İttifaqının mühüm üzv dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, beynəlxalq arenada sülh və ədalət prinsiplərini müdafiə etməli olduğu halda, regional konfliktlərə yanaşmasında obyektivliyini itirir və bəzən açıq-aşkar tərəf tutur ki, bu da Fransa dövlət siyasətinin xalqımızın iradəsinə və dövlətimizin sülh siyasətinə maneələr yarardır. Fransa, Minsk Qrupunun həmsədri kimi çıxış edərkən, münaqişənin həlli üçün obyektiv vasitəçi rolunu oynamalı idi. Lakin Fransanın siyasi dairələrində Ermənistana açıq dəstək və Azərbaycan maraqlarına biganə yanaşma açıq şəkildə görünürdü.

Prezident Emmanuel Makronun Ermənistanı müdafiə edən bəyanatları və Fransanın dövlət qurumlarının Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqe, bu ölkənin beynəlxalq hüquq normalarına uyğun hərəkət etmədiyini göstərir. Fransanın Qarabağla bağlı mövqeyi regionda uzunmüddətli sülhün əldə edilməsinə ciddi maneə yaradır. Bu, yalnız Azərbaycan ictimaiyyətində narazılıq doğurmaqla qalmır, həm də beynəlxalq hüquqa ziddir, çünki BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələri var. Fransanın erməni diasporunun güclü təsiri altında fəaliyyət göstərməsi isə obyektivliyi təhlükə altına alır.

Onu da nəzərdən qaçırmamalıyıq ki, Fransada erməni diasporasının siyasi təsirinin güclü olması, ölkənin xarici siyasətinə mənfi təsir göstərir. Bu lobbiçilərin Azərbaycan əleyhinə olan fəaliyyətləri Fransanın daxili və xarici siyasətində təhrif olunmuş qərarların qəbuluna səbəb olur. Nəticədə Fransa regionda obyektiv oyunçu deyil, ermənipərəst mövqedən çıxış edən bir dövlət kimi çıxış edir. Fransa ilə Azərbaycan arasında enerji əməkdaşlığı uzun müddət ərzində potensiallı sahələrdən biri kimi görünürdü. Lakin Fransanın siyasi mövqeyi və ikili standartları bu əməkdaşlığı təhlükə altına atır. Fransa, Azərbaycanın enerji ehtiyatlarına maraq göstərsə də, geosiyasi maraqlarını güdərək bölgədə balansı pozmağa çalışır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rol oynadığı bir vaxtda, Fransa hökumətinin bu məsələni nəzərə almaması, ölkənin regiondakı roluna ciddi suallar yaradır.

Bütün bu proseslər Qərb dünyasında, xüsusilə də Fransada tətbiq olunan ikiüzlü siyasətin göstəricisidir. Demokratiya, insan haqları və beynəlxalq hüquq prinsiplərinin tərəfdarı kimi çıxış edən Fransa, praktiki olaraq, müttəfiqlik və lobbiçilik maraqlarına əsaslanan qərarlar qəbul edir. Bu, beynəlxalq ictimaiyyətdə Fransanın obyektivliyinə və ədalətinə olan inamı zəiflədir və Fransanın Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa hörmət etmədən apardığı siyasət ölkələr arasında uzunmüddətli strateji tərəfdaşlıq imkanlarını məhdudlaşdırır. Göründüyü kimi, Fransanın Ermənistanın maraqlarını ciddi-cəhdlə müdafiə etməsi və erməni diasporasının təsiri altında olması, bu ölkənin regionda obyektiv oyunçu kimi çıxış etmək qabiliyyətini şübhə altına qoyur. Azərbaycan, öz növbəsində, beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, ədalətli və balanslı bir yanaşma tələb edir.

Lakin, biz — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq inanırıq ki, Ali Baş Komandanımız İlham Əliyev cənablarının polad iradəsi, siyasi müdrikliyi və zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycan bu maneələrdən də üzüağ çıxacaq. Biz buna qətiyyətlə inanırıq. Sıralarımızda mövcud olan on minlərlə müharibə veteranı adından bəyan edirik ki, hər zaman dövlət başçımızın yanında, onun əmrindəyik. Biz qalib xalqıq, ermənilər istəməsə də Zəngəzur dəhlizi açılacaq. Zəngəzurda görüşənədək!

Bu xəbəri paylaşın: