Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev 17 noyabr — Milli Dirçəliş Günü ilə bağlı təbrik mətni ilə çıxış etmişdir. Təbriki diqqətinizə çatdırırıq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri kimi, bütün xalqımızı 17 noyabr — Milli Dirçəliş Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gün xalqımızın milli azadlıq mübarizəsinin başlanğıcını, milli şüurun dirçəlişini və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində tarixi dönüş nöqtəsini təcəssüm etdirir.
Milli Dirçəliş Günü Azərbaycan xalqının öz milli kimliyini, azadlıq və müstəqillik idealını qoruyub saxladığını bir daha sübut edir. Bu günün tarixi əhəmiyyəti, xalqımızın azadlıq sevgisi və əzmkarlığı hər birimiz üçün böyük bir ilham mənbəyidir.
Bu möhtəşəm dirçəlişin davamı olaraq, Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə xalqımızın qalib bir xalq olduğunu, dövlətimizin güclü və sarsılmaz iradəyə malik olduğunu bir daha dünyaya göstərdi.
Bu gün biz şəhidlərimizi hörmət və ehtiramla anırıq. Onların müqəddəs qanı ilə yazılan tarix heç vaxt unudulmayacaq. Eyni zamanda, qazilərimiz və müharibə veteranlarımız da bu şanlı qələbənin şərəfli iştirakçılarıdır. Onlar qalib Azərbaycan xalqının qürur mənbəyidirlər və tarixin qızıl səhifələrinə adlarını həkk ediblər.
Bir daha bu möhtəşəm gün münasibətilə sizi təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram!
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
AVMVİB Mətbuat xidməti