Şəhid Əliheydər Səlahəddin oğlu Hüseynlinin Anım Günü keçirildi

Vətən torpağı yalnız onun uğrunda canını fəda edən mərd oğullar sayəsində müqəddəs olur. Şəhidlik isə ən uca zirvədir, Tanrı qatına yüksəlişdir. Bu gün Vətən uğrunda canını qurban vermiş igid şəhidimiz, Əliheydər Səlahəddin oğlu Hüseynlinin şəhadətə qovuşmasının 4-cü ildönümü ilə bağlı onun müqəddəs ruhuna ehtiram göstərilən Anım Günü keçirildi.

Əliheydər Səlahəddin oğlu Hüseynli 1994-ci ildə Ağstafa rayonunun Qırlı kəndində dünyaya gəlmişdir. Hələ uşaqlıq illərindən onun ruhunda vətənpərvərlik, torpağa sevgi, vətəndaşlıq hissləri kök salmışdı. Valideynlərinin və müəllimlərinin dediklərinə görə, Əliheydər özündə qorxmazlıq, mərdlik və fədakarlıq kimi xüsusiyyətləri erkən yaşlardan nümayiş etdirirdi. Bu yüksək dəyərlər ona həyatda ən böyük amalı — Vətən uğrunda döyüşmək kimi müqəddəs bir yol seçməyə ilham vermişdir.

Əliheydər 2020-ci ildə başlayan Vətən Müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə qatıldı. Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və cəsarət göstərərək özünü fərqləndirdi. Onun qəhrəmanlıq dolu fəaliyyəti döyüş yoldaşları və komandirləri tərəfindən yüksək qiymətləndirilirdi.

2020-ci ilin noyabr ayının 7-də Xocavənd istiqamətində aparılan döyüşlərdə Əliheydər qəhrəmancasına həlak oldu. O, şəhidlik zirvəsinə yüksələrək, öz qanı ilə Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda yeni bir dastan yazdı.

Əliheydər Səlahəddin oğlu Hüseynli öz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Onun adı yalnız ailəsinin deyil, bütöv bir xalqın qəlbində əbədi yaşayır.

Bu gün Ağstafa rayonunda təşkil olunan Anım Günündə şəhidimizin xatirəsi böyük ehtiramla yad edildi. Ziyarət mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağstafa şöbəsinin sədri və üzvləri, qazilər, müharibə iştirakçıları, şəhidin ailəsi, yaxınları, müəllimləri və dostları iştirak etdilər. Məzar başında müqəddəs dualar oxundu, şəhidimizin ruhu şad edilmək üçün ehsan süfrəsi açıldı.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-11-21-at-18-00-21

Whats-App-Image-2024-11-21-at-18-01-26

Bu xəbəri paylaşın: