Talıbov Şamil İspəndiyar oğlu 1955-ci ilin fevral ayının 2-də Ağdərə rayonunun Baş Güney kəndində anadan olmuşdur. 1962-ci ildə Cəfər Cabbarlı adına orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1972-ci ildə tam orta məktəbi bitirmişdir.
1973-cü ildə Sovet Ordusu sıralarında xidmətə getmiş, Almaniya Demokratik Respublikasında ümumi qoşunlarda xidmət etmişdir. 1976-cı ildə tərxis olunmuş, 1977-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunda uzun müddət çalışmışdır.
1988-ci ilin fevralında Azərbaycan Respublikasının Konstitusiyasına qarşı bədnam ermənilərin təcavüzü zamanı xalq hərəkatına və özünü müdafiə xidmətinə qoşulmuşdur. Xalq hərəkatının davamı olaraq, Azərbaycan Respublikasının könüllü batalyonu yarandıqda həmin batalyonun tərkibində iştirak etmişdir.
1992-ci ildən Qarabağda gedən döyüşlərdə – Ağdam, Ağdərə, Kəlbəcər və Laçın rayonlarının müdafiəsində iştirak etmişdir. 1992-ci ildə Laçın rayonunun Fingə kəndinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanmışdır. 1994-cü ildə ordudan tərxis olunmuşdur.
Talıbov Şamil İspəndiyar oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ilk təsis qurultayının üzvlərindən biri olmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Talıbov Şamil İspəndiyar oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, cansağlığı və uzun ömür arzulayır.
AVMVİB-in Mətbuat xidməti


