Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər. Gəncliyin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkəmizin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Gənclər təkcə ölkədaxili uğurlarla deyil, beynəlxalq miqyasda da Azərbaycan dövlətinin maraqlarını layiqincə təmsil edir və qoruyurlar.
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin tərkibində müharibə veteranları və qazilərlə yanaşı, gənc nəslin nümayəndələri də fəal şəkildə iştirak edir. Onların arasında Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşmüş və bu şərəfli yolun davamçıları kimi vətənpərvərlik missiyasını öz üzərinə götürmüş gənclər də yer alır.
AVMVİB-in Gənclərlə İş Üzrə Şöbəsi dövlətimizin gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu şöbə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, onların sosial rifahının yaxşılaşdırılması və peşəkar bacarıqlarının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Eyni zamanda, gənclərin müharibə veteranları və qazilərlə sıx əməkdaşlıq etməsinə, onların təcrübəsindən faydalanmasına, Vətən uğrunda qəhrəmanlıq tarixinə dərindən bələd olmalarına şərait yaradır.
Azərbaycanın gələcəyi olan gənclərin hərtərəfli inkişafı, onların vətənpərvərlik ruhunda yetişməsi və cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün AVMVİB-in gördüyü işlər mühüm əhəmiyyət daşıyır. Bu fəaliyyətlər dövlətin gənclər siyasətinə uyğun olaraq, Azərbaycan gənclərinin milli və mənəvi dəyərlər əsasında formalaşmasına mühüm töhfə verir.
Gününüz mübarək, əziz gənclər!
AVMVİB-in Mətbuat xidməti