I Qarabağ müharibəsində itkin düşmüş şəhid Atakişi Qəhrəman oğlu Atayevin nəşi uzun illərdən sonra tapılaraq, doğma vətən torpağında — Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Mərasimdə şəhidin ailə üzvləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, qazilər və müharibə veteranları iştirak ediblər.
Çıxış edənlər şəhid Atakişi Atayevin Vətən qarşısında göstərdiyi xidmətlərdən bəhs edərək, onun Azərbaycan torpaqlarının azadlığı uğrunda canını fəda etdiyini vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimizin ruhu daim uca tutulmalı, onların qəhrəmanlığı gələcək nəsillərə örnək kimi çatdırılmalıdır.
Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, onun ailəsinə başsağlığı verilib. Şəhidin məzarı üzərinə əklillər və tər güllər qoyulub.
Qeyd edək ki, Atakişi Atayev I Qarabağ müharibəsində igidliklə döyüşərək itkin düşmüş, uzun illər ərzində onun taleyi barədə dəqiq məlumat olmamışdır. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra aparılan araşdırmalar və şəhidlərin qalıqlarının müəyyən edilməsi prosesi çərçivəsində onun nəşi tapılaraq ailəsinə təhvil verilib.
Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq!
AVMVİB-in Mətbuat xidməti


