Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını və AVMVİB-in üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
«Əziz həmvətənlər!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından sizi müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram!
Bu il Novruz bayramını Azərbaycan xalqı tamamilə fərqli bir ruhda – qalib ölkənin vətəndaşları kimi qeyd edir. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində Novruz tonqalları bütöv və suveren Azərbaycan torpaqlarında alovlanır. Qarabağ və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş yurd yerlərimizdə Novruzun sevincini yaşamaq artıq gerçəkliyə çevrilib.
Bu bayram günlərində, ilk növbədə, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələrinə Allahdan səbr diləyirəm. Vətən uğrunda döyüşən qazilərimizi və müharibə veteranlarımızı da səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram.
Qoy Novruzun odu hər evə istilik, hər ailəyə sevinc gətirsin! Qoy dövlətimiz daim qüdrətli, xalqımız isə birlik və bərabərlik içində olsun!
Bayramınız mübarək!
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
AVMVİB-in Mətbuat xidməti