Naxçıvanda 21 şəhid polis əməkdaşının Anım Günü keçirildi

15 mart 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Daxili İşlər Nazirliyinin 21 şəhid polis əməkdaşının xatirəsinə həsr edilmiş ümumrespublika tədbiri keçirildi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, müharibə veteranları, şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirin açılış nitqini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naxçıvan Muxtar Respublika təşkilatının sədri Rövşən İsmayılxanlı etdi. O, şəhid polis əməkdaşlarının vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqdan danışaraq onların əziz xatirəsinin daim uca tutulacağını vurğuladı.

Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri, müharibə veteranları, şəhid ailələrinin üzvləri və müxtəlif təşkilatların nümayəndələri çıxış edərək, şəhid polis əməkdaşlarının şərəfli xidmət yolundan, onların vətənpərvərlik nümunəsindən bəhs etdilər. Çıxışçılar arasında tarixçi alim, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də yer aldı.

Tədbirin bədii hissəsində Kəngərli rayon Mədəniyyət Evinin solisti İlham Məmmədov və Babək rayon Çəhri kənd mədəniyyət evinin solisti Mais Əliyev vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Naxçıvan Uşaq Akademiyasının qiraətçiləri və Naxçıvan Texniki Kollecinin tələbələri şeirlər səsləndirdilər. Sonda Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin ifasında «Zəfər rəqsi» təqdim edildi.

Bu tədbir bir daha göstərdi ki, vətənin müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəman polis əməkdaşlarının xatirəsi daim əziz tutulur və gələcək nəsillərə ötürülür.

AVMVİB-in Mətbuat xidməti

2025-03-20-104045

2025-03-20-103926

2025-03-20-103941

2025-03-20-103955

Bu xəbəri paylaşın: