İbrahimov Sahil Nurəddin oğlu doğma Vətən torpağına tapşırıldı

3 iyun 2025-ci il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə itkin düşmüş, 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İbrahimov Sahil Nurəddin oğlu doğma Vətən torpağına tapşırıldı. Əmircan qəsəbəsi Şəhidlər xiyabanında baş tutan dəfn mərasimi xalqımızın igid oğullarına olan sonsuz ehtiramının təcəssümünə çevrildi.

Qürurverici, eyni zamanda kədər dolu mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin beynəxlalq əlaqələr üzrə müavini, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB rayon şöbələrinin sədrləri Eldar Rüstəmov, Rəcəb Baxşıyev, Ramiz Musayev, Etibar Vəliyev, müharibə veteranları İlham Rüstəmov, Vidadi Ağagülov, qazilər, şəhid ailələri, Qərbi Azərbaycan İcmasının nümayəndələri Şəmsi Qoca, Əbdüləli Həsənov, Ələsgər Məmmədov, Bakı Dövlət Universitetinin professoru Məhəmməd İmanlı, Suraxanı sakinləri, məktəblilər və ictimaiyyət üzvləri iştirak etdilər.

Şəhid Sahil İbrahimov Qərbi Azərbaycanın Amasiya rayonunun Çivinli kəndində dünyaya göz açmışdı. Vətənə olan sonsuz sevgisi onu gənc yaşında cəbhəyə aparmış, 1993-cü ildə Ağdərədə gedən amansız döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. Onun nəşi illərlə itkin sayılmış, bu gün isə ailəsi və xalqı tərəfindən şərəflə qarşılanaraq vətən torpağına tapşırıldı.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, əsgərlər tərəfindən şəhidin müqəddəs ruhuna ehtiram əlaməti olaraq üç dəfə yaylım atəşi açıldı. Azərbaycanın üçrəngli bayrağı şəhidin ailəsinə təqdim olunaraq, əbədiyyətə qovuşan qəhrəmanın döyüş şücaətinə olan rəmzi minnətdarlıq ifadə olundu. Bayraq Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən şəhidin qardaşı Cəmil İbrahimova təqdim edildi.

Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov mərasimdə duyğusal çıxış edərək şəhidlərə ithaf etdiyi poetik nümunələrlə mərasimi bədii emosional notlarla zənginləşdirdi. Mərasimdə din xadimləri – axund və imamlar tərəfindən şəhidin ruhuna dualar oxundu.

Bu mərasim bir daha göstərdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmur. İtkin düşən, amma ruhən millətinə yön verən qəhrəmanlarımız hər zaman ürəklərdə yaşayır. Sahil İbrahimovun müqəddəs ruhu qarşısında baş əyirik.

Ruhu şad, məkanı cənnət olsun!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-06-03-at-13-31-09-1

Whats-App-Image-2025-06-03-at-13-31-06

Whats-App-Image-2025-06-03-at-13-31-06-1

Whats-App-Image-2025-06-03-at-13-31-07

Whats-App-Image-2025-06-03-at-13-31-07-1

Whats-App-Image-2025-06-03-at-13-31-07-2

Whats-App-Image-2025-06-03-at-13-31-07-3

Whats-App-Image-2025-06-03-at-13-31-08

Whats-App-Image-2025-06-03-at-13-31-08-1

Whats-App-Image-2025-06-03-at-13-31-09

Bu xəbəri paylaşın: