Əziz həmvətənlər!
Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.
15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Məhz Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarmışdır. Bu gün hər birimiz qürur hissi ilə qeyd edirik ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının uzaqgörən siyasəti, qətiyyəti və xalqla birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, dünya birliyində daha da güclənmişdir. Bu gün ölkəmiz sabitlik, inkişaf və milli həmrəylik nümunəsi kimi tanınır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq hesab edirik ki, Milli Qurtuluş Günü xalqımızın birliyini, dövlətimizə sədaqətini və milli maraqlar ətrafında sıx birləşməsini ifadə edən müqəddəs tarixdir. Biz veteranlar hər zaman olduğu kimi bu gün də dövlətimizin, dövlətçiliyimizin və milli maraqlarımızın keşiyində dayanmağa hazırıq.
Bu əlamətdar gün münasibətilə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı, veteranlarımıza uzun ömür arzulayıram.
15 İyun — Milli Qurtuluş Gününüz mübarək!
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
