MİLLİ QURTULUŞ GÜNÜ – DÖVLƏTÇİLİYİN XİLASINDAN ZƏFƏR YOLUNA: AZƏRBAYCANIN TALEYİNİ DƏYİŞƏN TARİXİ DÖNÜŞ

Tarixdə elə günlər vardır ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirir. Azərbaycan xalqının taleyində belə müstəsna hadisələrdən biri də hər il 15 iyun tarixində qeyd olunan Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə siyasi hakimiyyət dəyişikliyini deyil, müstəqil Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən xilas edilməsini, dövlətçiliyin möhkəmləndirilməsini, milli birliyin təmin olunmasını və gələcək inkişaf strategiyasının əsasının qoyulmasını ifadə edir. Məhz bu səbəbdən Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi, dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirilir. XX əsrin sonlarında Sovet İttifaqının süqutu nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətlə müşayiət olunurdu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənmiş, torpaqlar işğal edilir, yüz minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Eyni zamanda ölkə daxilində hakimiyyət böhranı, iqtisadi tənəzzül, qanunsuz silahlı birləşmələrin fəaliyyəti və idarəetmədə xaos dövlətin mövcudluğunu ciddi təhlükə altına salmışdı. Dövlət institutlarının zəifləməsi, vətəndaş qarşıdurmasının dərinləşməsi və ölkənin parçalanma təhlükəsi Azərbaycanın müstəqilliyini real təhlükə ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyun ayında baş verən hadisələr ölkədə siyasi böhranı daha da kəskinləşdirdi. Gəncədə baş vermiş silahlı qarşıdurma və ölkənin müxtəlif bölgələrində yaranan gərginlik vətəndaş müharibəsi təhlükəsini artırdı. Mövcud hakimiyyət yaranmış vəziyyəti idarə etmək iqtidarında deyildi. Belə bir ağır şəraitdə xalqın böyük əksəriyyəti öz ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevə bağladı. Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev iyunun 9-da Bakıya gəldi, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Sonralar məhz bu tarix xalqın və dövlətin xilası ilə əlaqələndirilərək Milli Qurtuluş Günü elan edildi. 15 iyun hadisələrinin tarixi əhəmiyyəti yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmır. Bu gün Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı hesab olunur. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atıldı. Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət idarəetmə sisteminin yenidən qurulması və hüquqi dövlət prinsiplərinin formalaşdırılması nəticəsində ölkədə sabitlik təmin edildi. Məhz sabitlik iqtisadi inkişafın, sosial rifahın və beynəlxalq əməkdaşlığın əsas şərti oldu.

Milli Qurtuluşun mühüm nəticələrindən biri də hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması idi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini təsbit etdi. İnsan hüquq və azadlıqlarının qorunması, hakimiyyət bölgüsü, qanunun aliliyi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Bu hüquqi baza Azərbaycanın müasir dövlət modelinin formalaşmasında mühüm rol oynadı. Qurtuluşdan sonra ölkənin iqtisadi dirçəlişi də yeni mərhələyə qədəm qoydu. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi Azərbaycanın iqtisadi inkişafında dönüş yaratdı. Xarici investisiyalar ölkəyə cəlb olundu, enerji strategiyası formalaşdı, beynəlxalq iqtisadi əməkdaşlıq genişləndi və dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artdı. Əldə olunan maliyyə imkanları nəticəsində yollar, məktəblər, xəstəxanalar, sənaye müəssisələri tikildi, sosial proqramlar həyata keçirildi, regionların inkişafına xüsusi diqqət ayrıldı. Milli Qurtuluşun digər mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi oldu. Xarici siyasətdə balanslaşdırılmış və milli maraqlara əsaslanan kurs müəyyən edildi. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlığını genişləndirdi. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr ölkənin geosiyasi əhəmiyyətini daha da artırdı. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP kimi layihələr Azərbaycanın dünya enerji bazarında strateji mövqeyini möhkəmləndirdi. Qurtuluş siyasətinin mühüm istiqamətlərindən biri də güclü ordu quruculuğu idi. Dövlətin iqtisadi imkanlarının artması Silahlı Qüvvələrin modernləşdirilməsinə, müasir silahlarla təchiz olunmasına və peşəkar hərbi kadrların hazırlanmasına şərait yaratdı. Müdafiə sənayesinin inkişafı, hərbi infrastrukturun yenilənməsi və milli təhlükəsizlik sisteminin gücləndirilməsi gələcək uğurların əsasını təşkil etdi. Bu strateji inkişafın ən mühüm nəticəsi 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Qələbə qazandı, ölkənin ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin tələbləri faktiki olaraq yerinə yetirildi. 2023- cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam təmin olundu.

Beləliklə, 1993-cü ildə başlanan dövlətçilik strategiyası tarixi Zəfərlə öz məntiqi nəticəsinə çatdı. Bu fakt bir daha göstərdi ki, Milli Qurtuluş yalnız həmin dövrün deyil, gələcək onilliklərin də taleyini müəyyənləşdirən strateji seçim olmuşdur. Milli Qurtuluş Günü həm də milli həmrəyliyin və vətənpərvərliyin rəmzidir. Həmin gün xalq siyasi baxışından, sosial mənsubiyyətindən və yaşından asılı olmayaraq vahid məqsəd ətrafında birləşərək dövlətçiliyin qorunmasını üstün tutdu. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, xalqın öz dövlətinə olan inamı və birliyi ilə ölçülür. Azərbaycan cəmiyyətinin sonrakı illərdə qazandığı uğurların əsasında da məhz bu milli birlik dayanır. Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi sabitliyi, iqtisadi potensialı, enerji təhlükəsizliyində oynadığı mühüm rol, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə və müstəqil xarici siyasəti ilə seçilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, «Böyük Qayıdış» proqramının həyata keçirilməsi, «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası Azərbaycanın gələcəyə inamla irəlilədiyini nümayiş etdirir. Bu uğurların təməlində isə 15 İyun Milli Qurtuluş Günündə əsası qoyulan sabitlik və dövlətçilik siyasəti dayanır. Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik iradəsinin, dövlətçilik ənənələrinin və milli həmrəyliyinin təntənəsidir. Əgər 1993-cü ildə qəbul edilən taleyüklü qərarlar olmasaydı, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatması, güclü iqtisadiyyat qurması, beynəlxalq aləmdə nüfuz qazanması və tarixi Zəfər əldə etməsi son dərəcə çətin olardı. Buna görə də 15 İyun təkcə keçmişin xatirəsi deyil, gələcəyin etibarlı təminatını ifadə edən, dövlətçiliyin qorunmasının, milli birliyin və davamlı inkişafın simvoluna çevrilmiş müqəddəs tarixdir. Bu gün hər bir azərbaycanlı üçün Vətənə sədaqətin, dövlətə bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyət hissinin ən parlaq təcəssümüdür.

ADPU-nun baş müəllimi, b.ü.f.d. Balaxanova Qumru Vasif qızı

Bu xəbəri paylaşın: