Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 15 Sentyabr – Bilik Günü münasibətilə müəllimləri, şagird və tələbələri, eləcə də valideynləri təbrik edib.
F.Rzaquliyev təbrikində bu il ilk dəfə məktəbə qədəm qoyan şəhid, qazi və müharibə veteranlarının övladlarına xüsusi uğurlar arzulayıb, ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan şəhid və veteran övladlarının nailiyyətlərinin qürurverici olduğunu bildirib.
AVMVİB sədri qeyd edib ki, şəhidlərimizin bizə əmanət qoyduğu övladların, qazilərimizin və veteranlarımızın övladlarının yüksək təhsil alaraq Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi hər birimizi sevindirir.
Füzuli Rzaquliyev ölkədə təhsilin inkişafına, məktəblərin müasirləşdirilməsinə, uşaqların və gənclərin gələcəyinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. O vurğulayıb ki, təhsilə göstərilən hər bir qayğı əslində Azərbaycanın sabahının bünövrəsinin qoyulmasına xidmət edir.
Sonda AVMVİB sədri bütün təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, müəllimlərə fəaliyyətlərində uğurlar, şagird və tələbələrə isə yüksək nailiyyətlər arzulayıb.
AVMVİB-in Mətbuat xidməti
