Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, müharibə veteranlarını və hərbçilərimizi təbrik edib.
Füzuli Rzaquliyev təbrikində bildirib ki, Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən birini ifadə edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə edildi. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal antiterror tədbirlərinin yekununda isə Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü təsis edildi.
AVMVİB sədri qeyd edib ki, bu tarixi nailiyyətin təməlində Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin, veteranlarımızın və bütün döyüş iştirakçılarının fədakarlığı dayanır:
“Bu gün üçrəngli Dövlət Bayrağımız Azərbaycanın bütün suveren ərazilərində dalğalanır. Bu mənzərə uğrunda canından keçən şəhidlərimizin ən böyük əmanətidir. Onların xatirəsi qarşısında baş əyir, qazilərimizə, veteranlarımıza və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə dərin ehtiramımızı bildiririk.”
Füzuli Rzaquliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasının xalqımızın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
AVMVİB sədri təbrikinin sonunda Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə bir daha təbrik edərək ölkəmizə daim sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövlət Suverenliyi Günümüz mübarək!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
AVMVİB-in Mətbuat xidməti
