Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə Sərhəd Qoşunlarının komandanlığını, şəxsi heyətini və bütün sərhədçilərimizi təbrik edib. Təbrikdə deyilir:
“Qəhrəman sərhədçilər!
Sizi 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin çoxsaylı üzvləri və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Dövlət sərhədlərinin etibarlı mühafizəsi hər bir müstəqil dövlətin təhlükəsizliyinin və suverenliyinin əsas təminatlarından biridir. Azərbaycan sərhədçiləri uzun illərdir Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanaraq üzərlərinə düşən şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər.
Azərbaycan sərhədçilərinin qəhrəmanlığı 44 günlük Vətən müharibəsi zamanı bir daha özünü parlaq şəkildə göstərdi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan Ordusunun digər bölmələri ilə çiyin-çiyinə döyüşərək torpaqlarımızın işğaldan azad olunmasında mərdlik, yüksək peşəkarlıq və əsl döyüş ruhu nümayiş etdirdilər. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə sərhədçilərimiz arasında şəhidlik zirvəsinə ucalan və yaralanaraq qazi olan igidlərimiz də oldu.
Bu gün Azərbaycan sərhədçisi qalib dövlətimizin sərhədlərinin keşiyində dayanır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərdən sonra sərhədlərimizin etibarlı mühafizəsi və dövlətimizin suverenliyinin qorunması istiqamətində sərhədçilərimizin üzərinə mühüm vəzifələr düşür.
Bu əlamətdar gün münasibətilə Sərhəd Qoşunlarının komandanlığını, şəxsi heyətini, veteranlarını və bütün sərhədçilərimizi ürəkdən təbrik edir, Vətən sərhədlərinin keşiyində şərəfli xidmətlərində uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıram.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Peşə bayramınız mübarək olsun!”
AVMVİB-in Mətbuat xidməti
