18 Avqust — Azərbaycan Sərhəd Qoşunlarının Yaradılması Günü

18 avqust 2026-cı il — Azərbaycan dövlətçilik və hərb tarixinin şərəfli səhifələrindən birinin yazıldığı əlamətdar gündür. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etməsi ilə Azərbaycan Sərhəd Qoşunlarının əsası qoyulmuşdur. Bu tarixi ənənə bu gün müstəqil Azərbaycanın sərhəd mühafizə sistemində yaşadılır. Sərhəd yalnız xəritədə çəkilmiş bir xətt deyil. Sərhəd — Vətənin başladığı və bitdiyi müqəddəs əmanətin keşik çəkilən ünvanıdır. Sərhəddə dayanan hər bir əsgər isə dövlətin suverenliyinin, xalqın milli iradəsinin və torpağın müqəddəsliyinin canlı sipəridir. Çünki Vətənin sərhədini qorumaq yalnız torpağı qorumaq deyil, tarixi, milli ləyaqəti, ata-baba yadigarını və gələcək nəsillərin haqqını qorumaqdır. Bu müqəddəs və məsuliyyətli xidmətdə dayanan sərhədçilərimiz gecənin səssizliyində xalqın rahat yuxusunu, qarlı-şaxtalı günlərdə dövlətin ərazi bütövlüyünü, çətin və ağır anlarda isə Vətənin şərəfini qoruyurlar. Onların keşik çəkdiyi hər qarış torpağın arxasında bir tarix, bir şəhid əmanəti, bir ana duası və bir xalqın müqəddəs haqqı dayanır. AVMVİB-nin Neftçala rayon şöbəsi adından Azərbaycan sərhədçilərini və bütün sərhəd mühafizəsi əməkdaşlarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmət, ayıq-sayıq keşik və Vətən yolunda tükənməz qüvvət arzulayırıq. Uca Allah Vətənin sərhədində dayanan hər bir əsgərimizi qorusun, onların yolunu açıq, qəlbini möhkəm, niyyətini pak etsin. Sərhədçilərimizin ayaq basdığı hər qarış torpaq Haqqın əmanəti, xalqın etimadı və şəhidlərin müqəddəs yadigarı olaraq daim toxunulmaz qalsın. Bu yolda canından keçərək şəhidlik zirvəsinə ucalan bütün sərhədçilərimizin və Vətən müdafiəçilərimizin əziz xatirəsini ehtiramla yad edir, ruhlarına Allahdan rəhmət diləyirik. Onların qanı ilə yazılan tarix bizim yaddaşımız, onların əmanəti isə gələcək nəsillərin borcudur. Qoy Azərbaycan sərhədlərində daim üç müqəddəs sözün nəfəsi duyulsun: Vətən, dövlət, əmanət! Qoy sərhədçilərimizin şərəfli keşikləri altında üçrəngli Azərbaycan Bayrağı əbədi dalğalansın, dövlətimizin sərhədləri əbədi və toxunulmaz olsun! 18 Avqust — Sərhəd Qoşunlarının yaradılması günü münasibətilə bütün sərhədçilərimizi səmimi qəlbdən təbrik edirik! Vətən sərhəddən başlayır, sərhəd isə Vətənə sədaqətdən qorunur.

Hörmətlə və dərin ehtiramla

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: