Yardımlı şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı şəhər bələdiyyəsinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Yardımlı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək, onların keçdiyi şərəfli döyüş yolunu gənc nəslə tanıtmaq, eləcə də gənclər arasında vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.

Turnirdə iştirak edən komandalar şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə edərək meydanda əzmkarlıq və mübarizlik nümayiş etdiriblər. Yarış iştirakçılarına şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağı, onların Vətən qarşısındakı xidmətlərinin gələcək nəsillər üçün daim örnək olacağı bildirilib.

AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri də turnirdə iştirak edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: