26 avqust 2026-cı il Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) dövlət qeydiyyatına alınmasının 32-ci ildönümüdür.
32 il… Bu, sadəcə təqvimdə bir-birini əvəz edən illərin sayı deyil. Bu illərin arxasında Qarabağ uğrunda döyüşmüş insanların taleyi, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin ağrısı və qüruru, veteranlarımızın keçdiyi şərəfli döyüş yolu, Vətənə sədaqət və dövlətçiliyə bağlılıq dayanır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 1994-cü ildə Vətən uğrunda döyüşmüş bir qrup döyüşçünün təşəbbüsü ilə yaradılıb və həmin il avqustun 26-da dövlət qeydiyyatına alınıb. Təşkilatın formalaşdığı dövr Azərbaycan tarixinin son dərəcə mürəkkəb mərhələsinə təsadüf edirdi. Ölkəmiz müharibənin ağır nəticələri, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi və müharibədən qayıdan insanların sosial problemləri ilə üz-üzə idi.
Məhz belə bir şəraitdə döyüş meydanından qayıdan insanların bir təşkilat ətrafında birləşməsi sadəcə ictimai təşəbbüs deyildi. Bu, silahdaşlığın sülh dövründə də davam etdirilməsi, veteranların bir-birinə dayaq olması və onların səsinin cəmiyyətə çatdırılması zərurətindən doğan tarixi ehtiyac idi.
Təşkilatın dövlət qeydiyyatına alınması prosesində də Azərbaycan dövlətçiliyinin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xeyir-duası və tövsiyəsi xüsusi rol oynayıb. Bu, AVMVİB üçün həmişə böyük mənəvi dəyər daşıyıb. Ulu Öndərin müharibə veteranlarına, şəhid ailələrinə və Vətən qarşısında xidmət göstərmiş insanlara münasibəti dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub.
32 il ərzində AVMVİB kiçik bir təşəbbüs qrupundan Azərbaycanın müxtəlif şəhər və rayonlarında təşkilatlanmış böyük veteran ailəsinə çevrilib. Birliyin sıralarında Birinci Qarabağ müharibəsinin veteranları ilə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələrinin nümayəndələri və Vətən qarşısında xidmətləri olan minlərlə insan birləşib.
Bu illərin hər biri AVMVİB üçün həm mübarizə, həm xidmət, həm də sınaq ili olub.
Təşkilat veteranların sosial və hüquqi problemlərinin ictimailəşdirilməsindən tutmuş şəhid ailələrinə mənəvi dəstəyə, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindən Azərbaycan həqiqətlərinin təbliğinə qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. AVMVİB üçün veteran anlayışı heç zaman yalnız keçmiş müharibənin iştirakçısı mənasını daşımayıb. Veteran həm də dövlətin və dövlətçiliyin keşiyində dayanan, öz döyüş təcrübəsini və Vətən sevgisini gələcək nəslə ötürən canlı tarixdir.
Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər isə AVMVİB-in 32 illik tarixində tamamilə yeni mərhələnin başlanğıcı oldu.
Birinci Qarabağ müharibəsində döyüşmüş veteranların illərlə qəlbində daşıdığı ən böyük arzu gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalq–ordu birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
AVMVİB-in üzvləri 44 günlük Vətən müharibəsi günlərində də kənarda qalmadılar. Birinci Qarabağ müharibəsinin veteranları öz təcrübələri, mənəvi dəstəkləri və imkanları ilə Ordumuzun yanında oldular. Onların bir çoxunun övladları isə atalarının illər əvvəl başladığı mübarizəni döyüş meydanında davam etdirərək Zəfər tariximizin yazılmasında iştirak etdilər.
Bu gün AVMVİB artıq məğlubiyyətin ağrısını deyil, Zəfərin qürurunu daşıyan veteran təşkilatıdır.
Lakin Zəfər bizim üçün missiyanın başa çatması demək deyil. Əksinə, yeni dövr yeni vəzifələr müəyyənləşdirib. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qazilərimizin və veteranlarımızın problemlərinin diqqətdə saxlanılması, onların ailələrinə dəstək, gənc nəslin milli ruhda yetişdirilməsi, dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə çatdırılması bundan sonra da fəaliyyətimizin əsas istiqamətləri sırasında olacaq.
AVMVİB-in 32 illik tarixindən danışarkən bu böyük ailənin sıralarında olmuş, lakin bu günü bizimlə birlikdə qarşılaya bilməyən silahdaşlarımızı da unutmaq mümkün deyil. Azərbaycanın ilk döyüşçü-jurnalistlərindən biri, Qarabağ müharibəsi iştirakçısı, uzun illər AVMVİB-in Mətbuat xidmətinə rəhbərlik etmiş mərhum Xaqani Ədəboğlu (Rzaquliyev), Kamil Şirinov və dünyasını dəyişmiş digər silahdaşlarımızın xatirəsi bizim üçün əzizdir.
Allah dünyasını dəyişmiş bütün veteranlarımıza rəhmət eləsin!
AVMVİB-in yolu artıq Türk dünyasına uzanır
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin son illərdə fəaliyyətində mühüm istiqamətlərdən biri də Türk dünyasının veteran təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsidir.
Biz inanırıq ki, ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan Türk xalqlarının veteranları arasında münasibətlər də bu böyük qardaşlığın mühüm tərkib hissəsinə çevrilməlidir. Döyüşçünü döyüşçüdən yaxşı anlayan az insan var. Müharibənin nə olduğunu, Vətən üçün həyatını təhlükəyə atmağın mənasını, şəhid verməyin ağrısını veteranlar yaxşı bilirlər.
Bu baxımdan qardaş Türkiyə ilə veteranlarımız arasında mövcud olan mənəvi bağlar bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə dövlətləri arasındakı “Bir millət, iki dövlət” fəlsəfəsi bizim üçün yalnız siyasi ifadə deyil. Bu, xalqlarımızın tarixi yaddaşından, qan və mənəvi qardaşlığından doğan gerçəklikdir. AVMVİB Türk dünyasının veteran təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və layihələrin artırılmasını mühüm hədəflərdən biri hesab edir.
Bu istiqamətdə 2026-cı il xüsusilə əlamətdar olub. İyun ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “TURAN” Türk Dövlətləri Müharibə Veteranları Birliyinin işgüzar görüşü çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan veteran təşkilatları arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu sənəd bizim üçün sadəcə protokol xarakterli razılaşma deyil. Bu, Türk dünyasının veteranlarının ortaq tarix və dəyərlər ətrafında təşkilatlanması istiqamətində atılmış mühüm addımlardan biridir.
Bu gün AVMVİB-in mövqeyi aydındır: Türk dünyasının veteranları arasında sərhədləri aşan mənəvi birlik formalaşmalıdır. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və bütövlükdə Türk coğrafiyasının veteranları bir-birini daha yaxından tanımalı, təcrübələrini bölüşməli, şəhidlərin xatirəsinin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində ortaq layihələr həyata keçirməlidirlər.
Bu baxımdan son günlər Azərbaycan–Özbəkistan münasibətlərində baş verən tarixi hadisələr bizi xüsusilə sevindirir. 23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalayıblar. Eyni mərasimdə ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan proqram, investisiya və ticarət üzrə Yol Xəritəsi, turizm, mədəniyyət və pensiya təminatı sahələrində əməkdaşlıq sənədləri, eləcə də Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara qardaşlaşma protokolları mübadilə edilib.
Bu hadisənin rəmzi mənası olduqca böyükdür. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş Xankəndi və Laçın şəhərlərinin qardaş Özbəkistanın şəhərləri ilə qardaşlaşması Türk dünyasının həmrəyliyinin Qarabağda yaratdığı yeni reallığın ifadəsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də səfərin və imzalanmış sənədlərin ikitərəfli əməkdaşlıq üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
AVMVİB olaraq hesab edirik ki, dövlət başçılarımızın yaratdığı bu siyasi və mənəvi körpülər xalqlarımızın bütün təbəqələri, o cümlədən veteran təşkilatları arasında əməkdaşlıqla möhkəmləndirilməlidir. Dövlətlərimizin yaxınlaşdığı yerdə veteranlarımız da bir-birinə daha yaxın olmalıdır.
Füzuli Rzaquliyev: “Biz dövlətimizin və Türk dünyasının birliyinin yanındayıq”
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təşkilatın 32-ci ildönümü münasibətilə bildirib:
“AVMVİB-in keçdiyi 32 illik yol Azərbaycan veteran hərəkatının tarixinin bir hissəsidir. Biz bu təşkilatı yaradanda ən böyük arzumuz torpaqlarımızın azad edilməsi, şəhidlərimizin qanının yerdə qalmaması və üçrəngli bayrağımızın yenidən Qarabağda dalğalanması idi. Bu gün həmin arzularımız gerçəklikdir. Bu tarixi gündə ilk növbədə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edirik. AVMVİB-in formalaşdığı ağır illərdə Ulu Öndərin veteranlara göstərdiyi diqqəti, təşkilatımızın dövlət qeydiyyatına alınmasına verdiyi xeyir-duanı və tövsiyəni heç zaman unutmamışıq və unutmayacağıq.
Bu gün Ulu Öndərin siyasi kursunu böyük qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Biz veteranların 30 ilə yaxın gözlədiyi tarixi ədaləti məhz onun siyasi iradəsi, Ordumuzun gücü və xalqımızın birliyi bərpa etdi. Qarabağ azaddır, Xankəndidə Azərbaycan Bayrağı dalğalanır, dövlətimizin suverenliyi bütün ərazimizdə təmin olunub. Bir veteran üçün bundan böyük qürur ola bilməz.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, eləcə də milli-mənəvi irsimizin qorunmasına göstərdiyi diqqət və qayğı da bizim üçün yüksək mənəvi dəyər daşıyır. Veteranlarımız dövlətimizin bu münasibətini görür və qiymətləndirirlər.
Bu gün Azərbaycan tək deyil. Azərbaycan böyük Türk dünyasının güclənən mərkəzlərindən biridir. Qardaş Türkiyə ilə sarsılmaz müttəfiqliyimiz, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər qardaş ölkələrlə sürətlə inkişaf edən münasibətlərimiz bizi sevindirir. Biz veteranlar da bu birliyə öz töhfəmizi verməliyik.
Daşkənddə Azərbaycan, Özbəkistan və Qazaxıstan veteran təşkilatları arasında imzalanmış Əməkdaşlıq Memorandumu məhz bu düşüncənin nəticəsidir. Biz istəyirik ki, növbəti mərhələdə Türkiyə də daxil olmaqla bütün qardaş Türk dövlətlərinin veteranları daha sıx birləşsinlər. Türk dünyasının veteranları bir masa arxasında oturanda orada sadəcə təşkilatlar görüşmür – ortaq tarix, ortaq yaddaş, döyüşçü şərəfi və gələcək nəsillər qarşısında ortaq məsuliyyət bir araya gəlir.
Cənab Prezident İlham Əliyevin iki gün əvvəl Özbəkistanda imzaladığı Əbədi dostluq haqqında Müqaviləni də böyük qürur hissi ilə qarşılayırıq. Dövlətlərimiz arasında qurulan bu tarixi münasibətlər biz veteranlara da yol göstərir. Bizim gələcək hədəfimiz Türk dünyasının veteranları arasında davamlı və güclü əməkdaşlıq platformasının formalaşdırılmasıdır.
Biz 32 il əvvəl olduğu kimi bu gün də Azərbaycan dövlətinin yanındayıq. Sabah da yanında olacağıq. Dövlətimizin müstəqilliyinə, suverenliyinə və milli maraqlarına xidmət bizim üçün sadəcə ictimai fəaliyyət deyil – döyüş meydanından gətirdiyimiz əsgər andının davamıdır.”
AVMVİB-in 32-ci ildönümü həm də böyük veteran ailəsinin bayramıdır. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Birinci Qarabağ müharibəsinin veteranlarını, 44 günlük Vətən müharibəsinin iştirakçılarını, qazilərimizi, müharibə əlillərini, şəhid ailələrinin üzvlərini, hərbi qulluqçularımızı, AVMVİB-in şəhər və rayon şöbələrinin rəhbərlərini, təşkilatın bütün üzvlərini, silahdaşlarımızı və onların ailələrini ürəkdən təbrik edir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Dünyasını dəyişmiş veteran və qazilərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrimizə səbir və ehtiram, veteranlarımıza uzun ömür, bütün silahdaşlarımıza şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
32 yaşın mübarək, AVMVİB!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Türk dünyasının birliyi və qardaşlığı!
AVMVİB-in Mətbuat xidməti
