Əziz hərbi qulluqçular, veteranlar, qazilər və dəyərli həmvətənlər!
Sizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, Vətənimizə isə daim sülh, əmin-amanlıq və yeni uğurlar arzulayıram.
26 iyun Azərbaycan dövlətçiliyinin şərəfli tarixini özündə əks etdirən əlamətdar günlərdən biridir. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə milli ordumuzun təməli qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə isə bu tarix rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Ümummilli Liderimizin uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı əsaslı şəkildə gücləndirilmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yerini tutmuş, müasir silah və texnika ilə təchiz edilmiş, peşəkar hazırlıq səviyyəsini daha da yüksəltmişdir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və sonrakı lokal antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, xalqımızın yenilməz iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirmişdir.
Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq, hər zaman ordumuzun yanında olmuş, dövlətimizin milli maraqlarının qorunmasına öz töhfəmizi vermişik və bundan sonra da bu müqəddəs missiyanı davam etdirəcəyik. Veteranlarımız, qazilərimiz və ehtiyatda olan hərbi qulluqçularımız ölkəmizdə vətənpərvərlik ruhunun təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsi istiqamətində bundan sonra da fəal fəaliyyət göstərəcəklər.
Bu bayram günü münasibətilə Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsi önündə baş əyirəm. Qazilərimizə möhkəm cansağlığı, müharibə veteranlarımıza uzun ömür, hərbi qulluqçularımıza isə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıram.
Əminəm ki, şanlı Azərbaycan Ordusu bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olacaq, xalqımızın qürur mənbəyi kimi yeni zəfərlərə imza atacaqdır.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
