Qazimizin pensiya kəsildi, bəs Prezident təqaüdü niyə əlindən alındı?

Azərbaycan dövləti hər zaman Vətən uğrunda sağlamlığını itirmiş hərbçilərə, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə xüsusi diqqət və qayğı göstərmişdir. Bu istiqamətdə qəbul olunmuş qanunlar, Prezident fərmanları və sosial təminat tədbirləri dövlətin öz müdafiəçilərinə verdiyi yüksək dəyərin göstəricisidir. Lakin bəzən ayrı-ayrı vətəndaşların üzləşdiyi problemlər göstərir ki, qanunvericilikdə nəzərdə tutulan təminatlar praktikada hər zaman eyni şəkildə tətbiq olunmur. Belə hallarda aidiyyəti qurumların məsələni obyektiv araşdırması, hüquqi və sosial ədalətin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Belə müraciətlərdən biri də ehtiyatda olan zabit, kapitan Avdiyev Akim Şakir oğluna aiddir. Onun təqdim etdiyi sənədlərə və bildirdiyi məlumatlara əsasən, o, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Ali Hərbi Məktəbi bitirib, uzun illər Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edib və 15 il ərzində müxtəlif hərbi hissələrdə, o cümlədən düşmənlə təmas xəttində çətin döyüş tapşırıqlarını yerinə yetirib. Xidməti dövründə göstərdiyi fəaliyyətə görə müxtəlif təltiflərə layiq görülüb.

Akim Avdiyev bildirir ki, xidmət zamanı iki güllə yarası alıb. Onun sözlərinə görə, həmin yaralanmalarla bağlı tibbi sənədlər və həkim rəyləri mövcuddur. Yaralanmalar nəticəsində III qrup əlillik təyin olunub, o, əlilliyə görə pensiya və Prezident təqaüdü almağa başlayıb. Bu sosial təminatlar təxminən beş il davam edib.

Lakin sonradan aparılan qiymətləndirmə nəticəsində əlillik statusu ləğv olunub. Bunun ardınca əlilliyə görə pensiya ilə yanaşı Prezident təqaüdünün də verilməsi dayandırılıb. Məhz bu məqam keçmiş zabitin etirazına səbəb olub.

Onun irəli sürdüyü əsas arqument isə kifayət qədər düşündürücüdür. Akim Avdiyev deyir ki, əgər aidiyyəti qurumlar onun artıq əlil olmadığını hesab edirlərsə və əmək qabiliyyətinin tam bərpa olunduğunu qəbul edirlərsə, bu halda ona hərbi xidmətini davam etdirmək və ya sağlamlıq vəziyyətinə uyğun dövlət qulluğunda işləmək imkanı yaradılmalıdır. Əks halda, əgər hərbi-həkim komissiyasının qərarına əsasən o, həqiqətən də hərbi xidmətə yararsız hesab olunursa və hərbi biletində bununla bağlı müvafiq qeyd aparılıbsa, onda əlillik statusunun hansı əsaslarla ləğv edildiyi ictimaiyyət üçün də maraq doğurur.

Ehtiyatda olan zabitin sözlərinə görə, hərbi biletində «156 B» maddəsi əsasında hərbi xidmətə yararsız hesab edilməsi barədə qeyd mövcuddur. Bu isə faktiki olaraq onun yenidən hərbi xidmətə qəbul edilməsini mümkünsüz edir. Belə olan halda sual yaranır: əgər şəxs nə əmək bazarında tam fəaliyyət göstərə biləcək qədər sağlam hesab olunur, nə də hərbi xidmətini davam etdirmək hüququna malikdirsə, onun sosial təminatı hansı hüquqi əsaslarla dayandırılıb?

Akim Avdiyev daha bir məqama diqqət çəkir. O bildirir ki, bədənində bu gün də qəlpələr qalır və bununla bağlı tibbi sənədlər mövcuddur. Onun fikrincə, sağlamlıq vəziyyəti ilə bağlı yekun qərar verilərkən bütün tibbi sənədlər, döyüş zamanı aldığı xəsarətlər və xidmət şəraiti kompleks şəkildə qiymətləndirilməlidir.

Əlbəttə, əlillik statusunun müəyyən edilməsi və ya ləğvi yalnız müvafiq tibbi ekspertiza orqanlarının səlahiyyətinə daxildir. Lakin söhbət dövlətə uzun illər xidmət etmiş, döyüş tapşırıqları zamanı yaralanmış və uzun müddət əlillik statusu əsasında sosial təminat almış bir şəxsdən gedirsə, belə müraciətlərin son dərəcə həssas yanaşma ilə araşdırılması vacib görünür.

Bu məsələdə diqqət çəkən digər məqam Prezident təqaüdü ilə bağlıdır. Əlillik statusu ləğv edildikdən sonra Prezident təqaüdü də avtomatik dayandırılıb. O hesab edir ki, bu qərarın hüquqi əsasları ona ətraflı izah edilməyib və aidiyyəti qurumlar tərəfindən məsələ yenidən nəzərdən keçirilməlidir.

Qazimizin videomüraciətini yayımlayırıq.

Müvafiq dövlət qurumlarının mövqeyini əks etdirməyə hazırıq.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: