Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri, AVMVİB sədrinin müavini Akif Həsənov, eyni zamanda AVMVİB-in Ağdərə, Mingəçevir, Ağcabədi, Gəncə, Ağdaş, Zərdab, Yevlax, Tərtər, Bərdə, Beyləqan və digər rayon şöbə sədrləri və üzvləri Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, 32 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhid Piriyev Rəşadət Əli oğlunun məzarını ziyarət ediblər. Ziyarətdə həmçinin şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Tədbirdə şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin tədbir iştirakçılarına müraciəti çatdırılıb. Bildirilib ki, AVMVİB sədri üzrlü səbəbdən tədbirdə şəxsən iştirak edə bilməsə də, şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir, mərhum qəhrəmanımızın əziz xatirəsinə ehtiramını ifadə edir, ailəsinə səbir, yaxınlarına dözüm arzulayır və bütün şəhidlərimizin xatirəsinin daim uca tutulacağını vurğulayır.
Qeyd edək ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Rəşadət Piriyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndləri istiqamətində, Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.
Uzun illər itkin hesab olunan qəhrəman döyüşçünün şəxsiyyəti aparılmış müvafiq məhkəmə-tibbi ekspertizası və DNT analizləri nəticəsində müəyyən edilib. Bununla da ailəsi 32 illik həsrətdən sonra onun taleyi barədə dəqiq məlumata qovuşub.
AVMVİB olaraq Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə səbir diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti



.jpg)
.jpg)


