Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən təhsildə yüksək nəticə göstərən şagirdlərin həvəsləndirilməsi məqsədilə növbəti təşəbbüs həyata keçirilib.
AVMVİB rəhbərliyinin tapşırığına uyğun olaraq, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı və imkansız ailələrə maddi və mənəvi dəstək tədbirləri mütəmadi şəkildə davam etdirilir. Eyni zamanda, təhsildə fərqlənən məktəblilərin əməyinin qiymətləndirilməsi də təşkilatın diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə AVMVİB-in Yardımlı rayon şöbəsinin təşkilatçılığı ilə Bozayran kənd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə məktəbin direktoruna AVMVİB-in Fəxri Fərmanı, yüksək nəticə göstərən iki şagirdə isə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı qeyd edib ki, gənclərin elmə, təhsilə və vətənpərvərlik ruhunda yetişməsinə dəstək göstərilməsi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bildirilib ki, gələcəkdə də bu kimi həvəsləndirici tədbirlər davam etdiriləcək, nümunəvi şagirdlər və onların müəllimləri daim diqqətdə saxlanılacaq.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə AVMVİB rəhbərliyinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin gənclərin təhsilə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar.
AVMVİB-in Mətbuat xidməti







