BÖYÜK TÜRK HÖKMDARI NADİR ŞAH ƏFŞARIN NƏVƏSİ RUSİYA İMPERİYASINA QARŞI

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Özlərini ərəblərin və yəhudilərin Kureş, qədim yunanların və romalıların isə Kirus adlandırdıqları ilk Əhəməni imperatoru Böyük Küruşun nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasındakı qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Muhəmməd Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri – Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar. Abbasilərin ilk xəlifəsi Əbul Səffah, eyni ilə ilk Sasani hökmdarı Ərdəşir kimi, keçmiş sülalənin bütün nümayəndələrini kütləvi şəkildə qırdı. Əməvi şahzadələrindən yalnız bir nəfər – Əbdürrəhman özünün ağlı, cəsarəti və əzmi sayəsində onu öldürmək istəyən düşmənlərdən yayınaraq təkbaşına səhranı, sonra isə gəmi ilə dənizi keçərək İspaniyaya çıxa bildi və çoxlu macəralardan sonra orada yeni Əməvilər dövlətini qurdu.

Tarixdə buna bənzər hadisələr az olmamışdır. Onlardan biri haqqında qazax şairi Sayın Nazarbekulı məlumat verir: “1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar. Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları onun iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şah Əfşarın nəvəsi Malini oğulluğa götürüb, ona Kulmali (Gülmali) adını vermişdi. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Kulmalinin oğlunun oğlu olmuşdur. Nadir şahın digər nəvəsi Matini isə bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək öz uşaqları ilə onun arasında heç bir fərq qoymadan böyüdüb boya-başa çatdırmışdı. Mati Manqıstau qazaxları arasında igid, güclü, öncəgörmə qabiliyyətinə malik, xəstələri müalicə etməyi bacaran mömin bir insan kimi ad çıxarmış, el arasında övliya Mati adı ilə məşhur olmuşdur”.

Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü də həmin Matının nəslindəndir.

Haşiyə: 2003-cü ildə bahadır Mahambetin 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş və həmin il onun şərəfinə Mahambet Utemisulı ili adlandırılmışdır. Qazax ədəbiyyatında siyasi lirikanın və realizm üslubunun əsasını Mahambet Utemisulı qoymuşdur. Şairin yaradıcılığının mühüm hissəsini istibdada və zülmə qarşı mübarizənin vəsfi təşkil edir. “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək” kimi şeirlərində o, qazax xalqını azadlıq uğrunda mücadiləyə, savaşa səsləyir.

P.S. Tarixdən məlumdur ki, Nadir şah Əfşarın nəvələrindən birinin adı Möhbəli mirzə olmuşdur. Möhbəli mirzənin anası Fatimə Sultan bəyim Səfəvi şahı Hüseynin qızı idi. Bəlkə də Mahambet Utemisulının babası məhz həmin Möhbəli mirzədir. Ola bilsin ki, Nadir şahın nəvəsinin Möhbəli adı qazax dilində təhrifə uğrayaraq Mali formasına düşmüş, sonra isə atalığı ona Kulmali adını vermişdir. Mümkündür ki, dilimizdəki Mehdi adı da XVIII əsr qazaxlarının ləhcəsində Mati şəklinə düşmüşdür. Lakin qeyd etməliyik ki, Azərbaycan dilində də Məti şəxs adı vardır. Amma Nadir şahın Mehdi və ya Məti adlı nəvəsi, yaxud azyaşlı oğlu olmuşdurmu? Bu sual əlavə araşdırma tələb edir.

Araz ŞƏHRİLİ

Araşdırmaçı, jurnalist

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •