Əfsanəvi generalımızın qəbri niyə yoxa çıxdı? — Faktlar

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri, əfsanəvi general Səməd bəy Mehmandarovun (1856-1931) anım günüdür.

Kult.az Səməd bəy Mehmandarovla bağlı 8 faktı təqdim edir:

1. O, Birinci Dünya müharibəsində brilyantla bəzədilmiş “Qızıl Georgi” silahı alan yeganə azərbaycanlıdır.

2. Səməd bəy Rus-Yapon müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə Rusiya İmperator ordusunun tam artilleriya generalı rütbəsi alıb.

3. Əfsanəvi general Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri olduğu qısa müddətdə 35 minlik ordu yaradıb.

4. 48 yaşında ikən Port-Artur hərbi həbsxanasında tibb bacısı işləyən Yelizaveta Nikolayevna Teslavla ilə ailə qurub. Cütlüyün İqor adlı övladı olub.

5. Birinci Dünya müharibəsində göstərdiyi rəşadətə görə Rusiya, İngiltərə, Fransanın medallarına layiq görülüb. Lakin 1919-cu ildə ingilis hərbi hissələri Azərbaycanda talanlar həyata keçirdiyi üçün Mehmandarov etiraz olaraq Azərbaycan hökumətindən İngiltərənin verdiyi ordenləri bu ölkəyə qaytarmağı xahiş edib.

6. S. Mehmandarov rus, türk, fars dillərini yüksək səviyyədə bilsə də, orduda Azərbaycan dilinin rəsmi dil olması haqda əmr vermişdi.

7. Ömrünün son illərini ağır şərtlər altında, faciəvi şəkildə keçirən Səməd bəy 1931-ci il fevralın 12-də Bakıda vəfat edib və Çəmbərəkənd qəbiristanlığında dəfn edilib. Bolşevik Kirova heykəl qoyulanda isə generalın qəbri dağıdılıb və yoxa çıxıb.

8. Mehmandarovun vəfatından sonra xanımı Yelizaveta və oğlu İqor Sibirə sürgün edilib. Həyat yoldaşı faşistlərin partlatdığı qatarda həlak olub./Kult.az/

Bu xəbəri paylaşın: