Daxili İşlər Nazirliyi AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:
«Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
O ki qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda tərəfimizdən araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir».
*********
Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.
“Report”un xəbərinə görə, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.
Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cəzalandırılacağı ehtimal edilir. Həmin maddə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.
İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.
