Nəsimi rayon Məhkəməsində «Troyka məhkəmələri»

67 minlik veteran ordusunu öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, Qarabağ müharibəsi qəhrəmanı, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynovun Yelobank-la yaranmış problemini işıqlandırmışdıq.

Bu günədək fakta reaksiya verməyən bank və onunla əlbirlikdə günahlandırdığımız Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin bu «unikal» məhkəmə işi haqqında yenidən yazmaq qərarına gəldik. Öncə bir xatırlatma yerinə düşərdi. Ötən il martın 1-də Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə məhkəmə-hüquq sistemini tənqid edib, bu sahədə islahatlara çox ciddi ehtiyac olduğunu və müvafiq göstərişlər verdiyini demişdi. Prezidentin bu çıxışından dərhal sonra Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyev yol verdikləri qanunsuzluqlara görə həbs ediliblər. Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçimişdi. Həmçinin, son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.Amma görünür ki, görülmüş bu tədbirlər unudulub və hakimlər yenə də ədaləti öz arşınlarıyla ölçməyə başlayıblar.

Müharibə veteranı Elmar Hüseynovun Yelobankla aralarında yaranmış məhkəmə prosesinə cavabdehi çağırmadan məhkəmə prosesi keçirmiş hakim Ceyhun Tağıyev, deyəsən yuxarıdakı xatırlatdığım prezident göstərişlərini dinləməyə, ya vaxtı olmayıb, ya da Yelobank cənab hakimlə «şirin» söhbətlər edib. Yoxsa məhkəmə prosesində qarşı cavabdeh tərəf necə yaddan çıxa bilərdi? Yəqin ki buna Ali Məhkəmənin sədri və Ədliyyə nazirliyi aydınlıq gətirəcəklər. Biz də bu aydınlıq cavabını mütləq hakim Ceyhun Tağıyevə çatdıracağıq. XXI əsrdə «cavabdehi tapa bilməyən» hakim və bank birləşib veteranın yaşadığı evi satışa çıxara bilirlər, amma içində yaşayan şəxsi tapa bilmirlər. Bu nağıla inanan varmı?

Məsələnin məğzini bir daha qısa xülasə ilə diqqətinizə çatdırıram: «Elmar Hüseynov 2014-cü ildə Nikoil Bankdan 25 min dollar kredit götürüb. Dolların məzənnəsi 0,78 olarkən götürülən kredit məbləği məzənnəyə uyğun 19500 manat edirdi. İlkin mərhələdə 5000 USD ödənilib. E. Hüseynov deyir ki, mən devaolvasiyadan sonra banka daha 25 000 USD ödədim. Yəni, hazırkı məzənnəyə uyğun olaraq, müharibə veteranı E. Hüseynov banka nə az, nə çox, düz 50 min manat ödəyib. 19500 manat alıb 50 min manat ödəyən müharibə veteranına borcu olmadığını deyən bank daha sonra ortaya 9000 USD faizin faizi deyilən bir borc atıb».Nikoil bank Problemli Aktivlərin İdarə edilməsi Departamenti verilən 2 aprel 2018-ci il tarixli arayışda əsas borc 0,0 USD olaraq göstərilmiş və müvafiq olaraq faiz və faizin faizi olaraq isə 7923,83 və 1032,54 USD göstərilmişdir. Müştərinin şikayətiylə Ədliyyə nazirliyinin ekspertizası bu borcu yoxlayaraq 7000 dollara endirib. Lakin bir daha bildiririk ki, bankların bu cərimə faizlərinin ölkə qanunlarına zidd şəkildə müəyyənləşdirilməsi, heç bir normativlə əsaslandırılmaması ciddi surətdə araşdırılmalıdır. Özünü xarici kapitallı bank sayan bu bank ölkə qanunlarının onlara dəxli olmadığını durmadan iddia edir.

İddiaçı «Yelobank» ASC-nin cavabdeh Hüseynov Elmar Knyaz oğluna qarşı «borcun tutulması və tələbin ipotekapredmetinə yönləndirilməsi» tələbinə yaşıl işıq yandıran hakim Ceyhun Tağıyevin bu prosesdəki hakimliyi, daha çox idman müəlliminin qaydalarını bilmədiyi bir idman növündəki hakimliyinə bənzətmək olar. Çünki araşdırma zamanı hakim C. Tağıyevin ADPU «İbtidai hərbi və fiziki təlim» fakültəsini (1999-cu il) bitirdiyini və sonradan 2008-ci ildə hüquq təhsili (bakalavriat) almasını,müəyyən etdik.Nə olursa, olsun ədalət cavabdehin xəbəri olmadan məhkəmə prosesinin keçirilməsinin heç bir izahını tapa bilmədik. Texniki, onlayn və elektron vasitələrin müasir səviyyəsi istənilən izahı rədd etmək üçün yetərlidir. Koronavirusun tüğyan etdiyi günlərdə birtərəfli qaydada qərar çıxarmış bir hakimin ədalətinə kimsə inanarmı? 18 mart 2020-ci il tarixli birtərəfli qaydada, cavabdehə məlumat göndərmədən məhkəmə prosesi keçirən hakimin əməllərini yəqin ki, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev özü qiymətləndirəcək.

Həmçinin, hakim C. Tağıyevə 4 may 2020-ci il tarixli Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatındakı müddəaları xatırladırıq:

1. Xüsusi karantin rejiminin müddətinin uzadıldığı 31 may 2020-ci il saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:

1.1 Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

1.2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;

Bu artıq mart ayı deyil, may ayından sonrakı dövrə aid bir göstərişdir. Qanunun isə geriyə qüvvəsi yoxdur. Amma bu cavabdehsiz məhkəmə prosesi nədənsə, keçmiş SSRİ dönəminin ən qanlı səhifələrindən birinin açılmasından – 1937-ci il 30 iyul tarixində qəddar Stalin tərəfindən verilmiş repressiya fərmanını xatırlatdı. Stalin SSRİ Milli Daxili İşlər Komissarı İvan Nikolayeviç Yejova ünvanladığı 00447 saylı sərəncamla, qısa dillə desək, “Troyka məhkəmələr”ı fəaliyyətə başlamışdı.

“Troyka məhkəmələr”i müttəhimlərin işinə mühakimə olunan şəxslər olmadan baxır, bir iclasda 10 hökm çıxarırdı. Hər bir respublika, əyalət və ya dairənin “Troyka məhkəmə”sində gündəlik və ya müəyyən qondarma ittiham irəli sürülmüş insanın şəkli, adı, soyadı, atasının adı olan albom hazırlanırdı. Bundan sonra MDİK-nın əyalət rəisi həmin şəxslərin adının altından qırmızı karandaşla “P” — rusca «R» hərfi, güllələmək mənası verir. Həmin axşam və ya gecə qərar icra olunurdu. Adətən həmin albomun altından səhəri gün «troyka»nın digər üzvləri imza qoyurdular. «Troyka»nın iclaslarının protokolları icraata keçirilmək üçün MDİK-nin operativ qruplarının rəislərinə göndərilirdi.

«Troykalar» müttəhimlərin işlərinə olduqca qiyabi və təcili şəkildə baxırdı. Misal üçün, Krasnodar əyalətində 1937-ci il noyabrın 20-də 1252 cinayət işinə baxılıb. Əgər düşünsək ki, «troykalar» 24 saat işləyib, demək olar ki, bir qərarı troyka 1 dəq 15 saniyəyə verib. Görəsən hakim bu qərara neçə dəqiqə sərf edib?!

Azərbaycanda da «troyka məhkəmə»ləri və qanlı repressiya tarixini yaşayıb. Yuxarıda danışılan sərəncama görə, Azərbaycan SSR-də respublika, əyalət və dairə «troyka»larının aşağıdakı personal tərkibi təsdiqlənib: Sədr: Sumbatov, üzvlər Teymurquliyev, Cahangir A.

Müharibə veteranının şikayət ərizəsini oxuduqca, nədənsə yadıma mühakimə olunan şəxslərin iştirakı olmadan keçirilən «Troyka məhkkəmələri» düşdü. Amma demokratik bir ölkədə yaşamağımızdan qürur duydum. Biz veteranlar Ali Baş Komandanı cənab İlham Əliyev olan bir ordunun əsgərləriyik. İnanırıq ki, uydurma bank faiz, daha dəqiq desək, sələmçiliyinə hüquqi don geydirən hakim də, sələmçi «Yelobank» da haqqı tanıyacaqlar. Veteranın evinə göz dikən bir bankın bu ölkədə nə işi var?

Ötən yazıda «yelo»-sarı rəngin məğzini izah edəcəyimizi bildirmişdik. Birinci anlamı sarı rəng «yoluxma, yoluxdurma» rəngidir. Görəsən «Yelobank» ASC hansı yoluxmaya işarə edir? Yəqin Nəsimi rayon Məhkəməsi bu sualın cavabını bilir…

Mabədi olacaq…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: