“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.Biz dəfələrlə müharibə veteranlarının cəmiyyətdə hüquqları ən az qorunan sosial təbəqə olduğunu yazmaqdayıq. Xidmət zamanı aldıqları travmaların zamanla səngər xəstəliyinə çevrilməsi, imkansızlıq baxımından vaxtında müalicə ala bilməmələri müharibə veteranlarının vaxtsız vəfatına səbəb olub.
Hər gün onlarla müraciət və şikayət məktubları alırıq. Öncə bildirək ki, qaldırdığımız problemlərin demək olar ki, 90 faizi öz müsbət həllini tapıb. Buna görə ölkə prezidenti, cənab İlham Əliyevə və xüsusən də Heydər Əliyev Fonduna veteranlar adından öz minnətdarlığımızı bildiririk. Yerlərdə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını yerli icra orqanları yerinə yetirsəydilər bunca problemlər yığılıb qalmaz və bizlər də min bir əziyyətlə belə problemləri ictimailəşdirərək vaxt itirməzdik. Amma və lakin…
Sabirabad rayonu Rüstəmli kənd sakini, Qarabağ uğrunda döyüşlərin iştirakçısı, Əvəzov Faiq Allahqulu oğlu üzləşdiyi ağır evsizlik problemi və güzaranla bağlı bizdən kömək istəyir. Çünki yazmağa ünvan, döyməyə qapı qalmayıb. Ölkəmizin rəhbərinin dönə-dönə dediyi bu sözlər, deyəsən hələ də çoxlarına çatmayıb: «Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.

Müharibə veteranı Əvəzov Faiq Allahqulu oğlu yazır ki, 27.07. 1992-ci ildən hərbi xidmətə çağrılıb və 701 saylı hərbi hissənin tərkibində 03.08.1996-cı ilədək tam 4 il xidmətdə olub. Ağdam, Kəlbəcər, Laçın uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 1993-cü il Kəlbəcər işğalı zamanı ayağını don vurub və Gəncə hospitalında 3 ay müddətində müalicə olunub. Sağalar-sağalmaz yenidən hərbi hissəyə qayıdıb. Ordudan tərxis olunandan bu günədək müalicə aldığı Gəncə şəhər hospitalı və daha sonra müalicə aldığı Şirvan şəhər xəstəxanasından xəstəliyi ilə bağlı epiqriz ala bilməyib.
Hərbi xidmətdən sonra da dəfələrlə həkimlərə müraciət edib və ona verilməli olan əlillik dərəcəsi ala bilməyib. Hazırda müharibə veteranıı öz evi yoxdur. 6 nəfərlik ailəsiylə birgə qardaşına məxsus evdə yaşayır. Övladlarının təhsil və sair problemini güclə həll etdiyinə görə bu günədək, nə evi, nə də torpaq sahəsi var. Qardaşı özünə məxsus həyətyanı sahədən ev tikintisi üçün ona Şirvan şəhərində torpaq sahəsi bağışlayıb. Amma Faiq Əvəzovun ev tikməyə imkanı yoxdur. Yaşadığı kənddə müharibə veteranına ev tikmək üçün torpaq ayrılmaması çox maraqlıdır. Yəqin ki, Rüstəmli kənd bələdiyyəsi və Sabirabad rayon İcra Hakimiyyəti bu barədə düşünəcəklər.
Müharibə veteranı özü və ailəsində kimsə işləmir. Bu yaşda qardaş, ata-ana himayəsində yaşamaq müharibə veteranının arına gəlir. O, bu günədək onunla kimsənin maraqlanmadığını deyir.
Daha bir veteranın problemini işıqlandırıb ictimailəşdirməyə çalışacağıq. İnanırıq ki, Sabirabad rayonunun rəhbərliyi müharibə veteranı Faiq Əvəzovun üzləşdiyi problemlərlə, nəhayət ki, maraqlanacaqlar.
İmkanlı soydaşlarımıza da səslənirik. Müharibə veteranı Faiq Əvəzova yardımçı olun. 6 nəfərlik bir ailənin ev problemini həll etmək lazımdır.
Əlaqə telefonu: +994513579370 — Faiq Əvəzov
Elnur Səlimov



