Düşməni çətin payız gözləyir

Ermənistanda vəziyyət elə ermənicədir. Baş nazir Nikol Paşiyanın komandası ilə müxalifət arasında münasibətlər artıq açıq və sərt qarşıdurma həddinə çatıb.

«Çiçəklənən Ermənistan» Partiyasının (ÇEP) sədri Qagik Sarukyan aylardan bəri təxminlənən qərarını açıqlayıb.

O, partiyasının yenidən qurulacağını, qeydiyyatdan keçiriləcəyini və ən başlıcası, yerli ərazi təşkilatlarının sayını artıraraq onların fəaliyyətini aktivləşdirəcəyini bəyan edib.

Ermənistanın ən zəngin oliqarxlarından olan Q.Sarukyan onu da vurğulayıb ki, yaxın vaxtlarda bütün bölgələrə baş çəkərək «xalqla görüşlər» keçirəcək.

ÇEP Ermənistanda çox azsaylı siyasi strukturlardan biridir ki, bütün vilayətlərdə bölmələri var. Həmin bölmələr seçkilər arasındakı dövrlərdə partiyanın mərkəzi aparatı tərəfindən maliyyə, texniki və s. dəstək alır.

Sarukyanın fəallaşması heç də onun həbs qorxusu və ya malik olduğu, Ermənistanın miqyasları üçün çox böyük olan biznes strukturunu əldən vermək qorxusu ilə məhdudlaşmır.

Rusiyanın İrəvandakı siyasi və iqtisadi kreaturalarından olan Qagik Sarukyan hazırda baş nazir Nikol Paşinyanın ən ciddi rəqiblərindən və hətta düşmənlərindən biridir.

ÇEP sədrinə qaldırılmış cinayət işi fasiləsiz böyüyür. Daha doğrusu, böyüdülür və həmin cinayət işinin çərçivəsində artıq 20 nəfər məsuliyyətə cəlb olunub.

Q.Sarukyan 2017-ci ilin aprelin 2-də keçirilmiş parlament seçkilərində seçiciləri pulla ələ almaqda və rüşvət almaqda suçlanır.

Ermənistanın sabiq prezidentləri Serj Sarqsyanın və Robert Köçəryanın da cinayət məsuliyyətlərinə cəlb olunduqlarını xatırlasaq, mənzərə tamamlanır.

Nikol Paşinyan hazırda özünə ən ciddi rəqib saydığı üç nəfəri — Sarqsyanı, Köçəryan və Sarukyanı — tam zərərsizləşdirmək niyyətindədir.

Adları çəkilən şəxslərin üçü də Ermənistanda Rusiyaya meylli kimi tanınırlar və bu, gerçəkdən də belədir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə az qala hər gün Rusiya ilə əməkdaşlığın və tərəfdaşlığın, «qardaşlıq və səmimi əlaqələr sisteminin» çox vacib olduğunu vurğulasa da, reallıq tam fərqlidir. İrəvan sürətlə Rusiyanın təsir dairəsindən çıxmağa çalışır, Avropa Birliyi və ABŞ ilə əlaqələrini maksimum intensivləşdirir.

Bununla belə, Paşinyan anlayır ki, Moskvanı aşkar qıcıqlandırmaq onun devrilməsi ilə nəticələnməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi zonasında mümkün hərbi əməliyyatların başlayacağı təqdirdə ermənilərin tam məğluğbiyyəti ilə sonuclanacaq.

Səbəb sadədir: Ermənistan ordusunun hərbi, texniki və s. təminatı Rusiyadan «güzəştli kreditlər hesabına» adı ilə havayı, hədiyyə qismində alınan silah və hərbi texnikanın sayəsində gerçəkləşdirilir.

Bundan savayı, Dağlıq Qarabağ münaqişəsi müstəvisində də Ermənistan Rusiyaya arxalanır və məhz Moskvadan aldığı dəstəyə güvənərək danışıqları status-kvo mərhələsindən çıxarmaq istəmir, aqressiv mövqe nümayiş etdirir.

Münaqişə zonasında status-kvonun qalmasında Rusiya da maraqlıdır, çünki bu minvalla həm Ermənistana, həm də Azərbaycana ciddi təsir rıçaqlarını əldən vermiş olmur.

Fəqət sadalanan amillər rəsmi Moskvanın Nikol Paşinyan komandasına olan sərt və açıq qıcığını pərdələmir.

Payız Ermənistan rəhbərliyi üçün çox ağır olacaq.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin passiv fəaliyyətindən və münaqişənin nizamlanması istiqamətində konkret addımların atılmamasından, Ermənistanın daha da aqressivləşməsi səbəbindən səbr kasası daşmaq üzrə olan Azərbaycanın hər an antiterror əməliyyatına başlaması ehtimalı; Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı forpostu olduğunu unudan Paşinyana Moskvanın antipatiyasının artması və ən nahayət, Ermənistan daxilində Rusiyaya meylli müxalifətin qisas yanğısı erməniləri çətin günlərə tuş edəcək.

Çox çətin…

Elçin Alıoğlu
Milli.Az

Bu xəbəri paylaşın: