Xalqına, vətəninə və dövlətinə xidmət şərəf işidir…

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda ağır döyüşlərdə yaralanaraq əlil olmuş keçmiş döyüşçülərin, veteranların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.

Müstəqil Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və fiziki sağlamlığını itirən digər şəxslərə xüsusi qayğı göstərir. Əsas prioritet istiqamətlərdən olan bu sahə həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Sevindirici haldır ki, dövlətimiz xüsusi imtiyazlı şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür lazımi şərait yaradır. Mütəmadi olaraq onların mövcud problemlərinin həll edilməsi və sosial rifah hallarının yaxşılaşdırılıması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyən etdiyi bu xəttə uyğun olaraq reallaşdırılan planlı dövlət siyasətinin aparılmasında əsas məqsəd ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, xüsusilə də imtiyazlı ailələr üçün sosial paketlər, dövlət dəstək proqramları hazırlayıb həyata keçirməkdən ibarətdir. Hər kəsə məlumdur ki, dövlət büdcəsinin xeyli hissəsi, hərbi və sosial məsələlərin həlli məqsədilə xərclənir. İqtisadi sahədə böyük imkanlarımızın olması, bu işlərin ardıcıl, məqsədyönlü şəkildə icrasına şərait yaradır.

Eləcə də, “Heydər Əliyev” Fondu və Fondun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizin sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi müxtəlif layihələr, xeyriyyə tədbirlərindən Beyləqan rayonunun aztəminatlı sakinləri də yararlanmışdırlar. Bu layihələrin əsas məqsədi ardıcıl olaraq bütün imtiyazlı şəxsləri əhatə etməklə onların ehtiyaclarının qarşılanmasına xidmət etməkdən ibarətdir. Aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. Hal-hazırda bu uğurlu siyasət Respublikamızın hər bir regionunda yüksək səviyyədə həyata keçirilməkdədir.

Eyni zamanda, bütün rayonlarda xüsusi qayğıya ehtiyacı olan imtiyazlı ailələr dövlətin göstərmiş olduğu çoxşaxəli yardımlarından bəhrələnir. Dövlətimizin əsas prioritet istiqamətli sahələrinin uğurla tətbiq edildiyi rayonlardan biri də, cəbhə xəttində yerləşən Beyləqan rayonudur. Dünyada və Respublikamızda koronavirus pandemiyasının yaratdığı acınacaqlı vəziyyət hər birimizə məlumdur. Xüsusi karantin qaydaları tətbiq edildiyi dövrdə Beyləqan rayonunda yaşanan çətinliklərin aradan qaldırılması prosesi qaydalara uyğun şəkildə təşkil edilmiş, maddi və mənəvi dəstəyə ehtiyacı olan aztəminatlı və xüsusi imtiyazlı ailələrin ehtiyaclarının ödənilməsi istiqamətində bir çox işlər görülmüşdür.

Həmçinin, zəruri dezinfeksiya vasitələrinin və müəyyən dərman pereparatlarının əhalinin yaşayış səviyyəsi aşağı olan təbəqəsinə vaxtında çatdırılması məsələsi də təmin edilmişdir. Bütün bunlarla yanaşı, Beyləqan rayonunda fəaliyyət göstərən, xüsusi imtiyazlı ailələri öz tərkibində birləşdirən Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərinə də lazımi şərait yaradılmışdır. Rayonda formalaşmış olan münbit şərait nəticəsində dövlət qurumları ilə Qeyri Hökumət Təşkilatları arasında qırılmaz bağ yaranmışdır. Belə təşkilatlardan biri də Beyləqan rayonunda uğurla fəaliyyət göstərən Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsidir. Şöbənin üzvləri rayon rəhbərliyi və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, cənab Müşfiq Əliyevin xüsusi qayğısı ilə əhatə olunmuşdur. Cəmiyyətin sədri, Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə batalyonunun yaradıcısı və komandiri kimi ağır döyüşlərdə öndə gedərək xüsusi qəhrəmanlıqlar göstərmiş keçmiş döyüşçü, Prezident təqaüdçüsü və ictimai-siyasi fəal şəxs olan cənab Müşfiq Əliyevin Beyləqan rayonuna işgüzar səfərləri zamanı rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanması işi təşkil edilmiş, cəmiyyətin Beyləqan rayonunda səmərəli fəaliyyət göstərməsi üçün zəruri göstərişlər verilmişdir.

QHT rəhbəri isə öz növbəsində Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin yerdə təşəkkül tapmasında yaradılan şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir. Onu da qeyd edim ki, Müşfiq Əliyevin göstərişi ilə dəfələrlə yaşayış səviyyəsi aşağı olan cəmiyyətin Beyləqan rayon şöbəsinin üzvləri ilə görüşlər keçirilmiş, yerindəcə onlara nəğd pul vəsaiti təqdim edilərək maddi və ərzaq yardımları göstərilmişdir. O, müntəzəm olaraq cəmiyyətin Beyləqan rayon şöbəsinin üzvləri olan şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının həyat şəraiti ilə ciddi şəkildə maraqlanır və onların problemlərinin həlli istiqamətində öz töhfəsini verir. Bu proses bu gün də müvafiq qaydada davam edir və görülən işlərin gedişi xüsusi nəzarəti altında saxlanılır.

Cəmiyyət sədri üzvlərin həllində çətinlik çəkdiyi problemlərinin qaydaya qoyulması yollarını rayon rəhbərliyi ilə birgə müzakirə edir və bu barədə fikir mübadiləsi aparır. Yuxarıda qeyd olunan məsələlərin yerdə icrasının təşkil olunması ardıcıllığı isə öz növbəsində rayon rəhbərinin göstərişi ilə həyata keçirilir. Xeyirxahlığı və sadəliyi ilə digərlərindən fərqlənən Müşfiq müəllim xüsusi imtiyazlı ailələrdə təhsil alan şagird və tələbələrin çətinliyinə də biganə qalmır, onların zəruri təhsil xərclərinin müəyyən hissəsini qarşılayır, narahatçılıq doğuran problemlərinin qarşısını alır və onlara öz qayğısını əsirgəmir. Hətta öz şəxsi vəsaiti hesabına bir neçə imkansız ailədə ali təhsil alan tələbələrin bütün xərclərinin qarşılanmasını da öz üzərinə götürüb. Belə nəcib təşəbbüsləri və xeyirxah əməlləri Müşfiq müəllim özünə bir vətəndaşlıq borcu hesab edir. Bəzən cəmiyyətin daxili imkanları hesabına, bəzən də, öz şəxsi vəsaiti hesabına reallaşdırdığı bu cür işlərin görülməsində bir məqsədi var qəhrəman vətən övladının: xalqına, vətəninə və dövlətinə ləyaqətlə xidmət etmək!

Yalnız ürəyi vətəninə, dövlətinə və xalqına bağlı olan insanlar bu çətin işləri təmənnasız, sidq-ürəklə görə bilər. Bütün bunlarla yanaşı, pandemiya dövrünün rəsmi ünsiyyət vasitəsi olan xüsusi zoom proqramı vasitəsilə cəmiyyət üzvləri ilə onlayn görüşlərin keçirilməsi cəmiyyət sədrinin diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Zərurətdən doğan bu cür görüşlərin keçirilməsi, nəticə etibarı ilə ənənəvi qaydalardan çox da fərqlənmir. Belə görüşlərdə üzvlər öz istəklərini və fikirlərini internet üzərindən rəhbərliyə sərbəst şəkildə çatdıra bilirlər. Görüşlərdən dərhal sonra sədr tərəfindən üzvlərin problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciətlər edilir və qeyd olunan icrası vacib işlərin həll edilməsinə nəzarət mexanizmi tətbiq edilir. Problemlərin həlli ağırlıq dərəcələrinə uyğun olaraq tənzimlənir, vətəndaş məmnunluğu və ədalət prinsiplərinə tam riayət edilir.

Dövlətçiliyimizin qorunmasında və ictimai həyatın bütün sahələrində xalqının yanında olan Prezidentimiz, cənab İlham Əliyevin apardığı müdrik siyasəti dəstəkləmək Müşfiq müəllimin əsas fəaliyyət prinsiplərindəndir. O, atdığı hər addımda milli maraqlarımızı, dövlət siyasətimizi hər şeydən üstün tutur və mübarizə metodlarında bu amilləri diqqətdə saxlamağı bacarır. Dövlətçiliyimizin və milli maraqlarımızın qorunması yolunda xalqına vicdanla xidmət etməsi, gözəl ürək sahibi olan bu insanın əsas əqidə göstəricisidir. Bildiyimiz kimi, ictimai-siyasi sabitliyin qorunması inkişafımızın əsasını təşkil edir. Bu inkişafın davamlı olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməli, dövlət başçısının ətrafında sıx birləşməlidir. Müstəqilliyimizin əbədi olması və üçrəngli müqəddəs bayrağımızın daima zirvələrdə dalğalanması üçün dövlətimizin, xalqımızın düşmənlərinə qarşı birləşməli və əzmlə mübarizə aparmalıyıq. Var qüvvəmizi tarixi düşmənlərimizlə mübarizəyə həsr etməli, onların məkrli niyyətlərinin reallaşmasına imkan verməməliyik. Hər bir vətəndaş işğal altında qalan doğma Qarabağ torpağının düşməndən azad edilməsi uğrunda yorulmadan çalışan cənab Prezidentimiz İlham Əliyevin yanında olmağı özünə müqəddəs bir borc hesab etməlidir. Ali Baş Komandanımızın rəhbərliyi altında baş tutacaq bu tarixi qələbə çox da uzaqda deyil.

Unutmamalıyıq ki, bu gün sabitliyin qorunması uğrunda etdiyimiz mücadilə, gələcək nəsillərimizin xoşbəxt yaşaması üçün əsasdır! Dövlətçilik prinsiplərinin qorunmasında bilavasitə yaxından iştirak etmək, xalqımızın sakit həyat şəraitində yaşamasını təmin etmək və milli maraqları diğər maraqlardan daha üstün tutmaq hər birimizin vətəndaşlıq borcudur! Müşfiq Əliyev qızıldan qiymətli vaxtını xalqımızın xoş gələcəyinə hesablanmış səmərəli işlərə həsr edərək ciddi uğurlara imza atmışdır. Mükəmməl savadı, güclü natiqlik qabiliyyəti və dürüstlüyü ilə fərqlənən bu alicənab insan cəmiyyətimizdə xüsusi nüfuza sahib əsl şəxsiyyət kimi formalaşmışdır.

QHT rəhbəri və çox fəal ictimai-siyasi xadim kimi xalq arasında xüsusi çəkiyə malik olan həmvətənimiz əsl vətəndaşlıq etalonudur! Ən şərəfli yolda yorulmadan çalışan, vətənini canından çox sevən, xalqımızın igid oğlu , şəxsiyyətinə dərin hörmət bəslədiyim əsl ziyalı şəxs olan cənab Müşfiq Əliyevə öz adımdan və cəmiyyətin Beyləqan rayon şöbəsinin çoxsaylı üzvləri adından can sağlığı, tükənməz eneji arzulayır və ömrünün sonuna qədər xalqımızın səmimi sevgisi ilə əhatə olunmasını diləyirəm!

Sonda, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin yerdə ciddi fəaliyyət göstərməsinə və əhalinin həssas təbəqəsinə ləyaqətlə xidmət etməsinə şərait yaratdığına görə Beyləqan rayon rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm! Müstəqil dövlətimizin qorunmasında əməyi keçən hər kəsə eşq olsun!

Allah xalqımızı qorusun və üçrəngli bayrağımızı daima uca etsin!

Sabit Vaqif oğlu Mehdiyev

YAP Beyləqan rayon təşkilatında məsləhətçi. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri.

Bu xəbəri paylaşın: