«Patriarxın payız» oyunları…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Ramiz Mehdiyevin serial açıqlamalarına gül olub «qoyunu qurda verməsək yaxşıdır». At izi, it izinə qarışdığı bir məkanda bunca əyri-oğrunun və xainin hansı «zavodda» istehsal edildiyini müəyyən etmək əvəzinə, hərə əlinə bir siyahı götürüb onun-bunun oğurladıqlarının siyahısını tutur. Anlamaq lazımdır ki, siyahı olmadan da bəllidir ki, ölkəmizin ən çox əmək haqqı alan məmuru, yeyib-içmədən pul yığsa, cəmi 500 min dollar «kəfən pulu» yığa bilər. Gerisi artıq prokrorluğun işidir.

AMEA Prezidenti Ramiz Mehdiyevin demədiyi (AMEA-nın Mətbuat xidməti Ramiz Mehdiyevin «Təzadlar»a açıqlaması ilə bağlı məlumatı təkzib edib-red.) fikirlərdən nümunələri təqdim edirik: «Həmin nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar…

Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur…

Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm.

Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün. Mən həmişə bütün fəaliyyətimdə dövlətimə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər… «

Ramiz Mehdiyevin deməyib «dediyi» bu sözləri oxuyunca, nədənsə yadıma Markesin «Patriarxın payızı» əsərindəki bu kəlam düşdü: «Hər şey bir yana, Bendisyon Alvarado məni, əmr yerinə yetirmək üçün yox, əmr vermək üçün yaradıb!» Nədən bu fikirləri xatırlatdığımı əsəri yaxşı oxuyanlar anladı. Bu gün Ramiz Mehdiyev və Əli Həsənov iş birliyi ilə öldürdükləri və yerində yaratdıqları qara güruhçu, qeybətçi bir toplumla üzbəüz qalıb. Hələ ki, dövlət başçısı bir kəlmə danışmayıb. Prezidentin sükutu da sizi qoruduğunu bu yaşda anlaya bilməmənizi ortaya qoyursunuz, Ramiz Mehdiyev.

Ramiz Mehdiyev savaşır. Sanki qocalıqla və öz yaratdıqları ilə savaşda siyasi «tənhalıq» obrazı yaratmağa çalışır. Müxalifət adında qurumun deməsindən belə çıxır ki, 82 yaşında bu adamı qocalıq adlı əjdahaya savaş açmağa qoymurlar. «Tərəfdar» eskadreliyasının deməsindən belə çıxır ki, Adam Smitin dediyi kimi, Fransada qumar oynamaq, qumarbaz olmaq adi məişət hadisəsi sayılır. Yəni ölkədə o vaxtlar qumar oynamayana pis baxırmışlar. Ramiz müəllim deyir ki. «Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam». Burada sadəcə bir sual yaranır: «Bəs o siyahıdakı var-dövləti əldə etmək cəhənnəmə, onların siyahısını tutmaq üçün, nə zaman vaxt tapmısınız?

Bu mövzuya qayıtmayacaqdım. Amma bu gün cahanşümul Azərbaycan jurnalistikası Ramiz Mehdiyevi öldürməsəydi, Ramiz müəllimin daim nifrət etdiyi, Qarabağ uğrunda döyüşüb ermənilərə güllə atmış insanların problemlərindən yazacaqdım. Amma Ramiz müəllim çıxıb dedi ki, ölmədiyim üçün öz yaratdığım jurnalistikadan üzür istəyirəm. Amma bu xəbəri eşidər-eşitməz, ağlımdan ilk keçən fikir bu oldu ki, görəsən Ramiz müəllimin ölməkdə nə məqsədi var?

Bir də R. Mehdiyev tez-tez dövlətə xidmətlərini tirajlayır. Əməllər bunu demədiyi ortadadır. Əgər bunca var-dövləti idarə etməyə dövlətçilik deyilirsə, bəs İsrailin 5-ci Baş naziri olmuş Qolda Meirin hakimiyyətini necə adlandıraq? O, ölkəni qüdrətli bir ölkəyə çevirmək yolları haqqında demişdi: «Əgər oğul və qızlarının qayıdıb gələcəyi bir ölkə qurmaq istəyirsinizsə, əgər bu ölkədən əhalinin yalnız tətil üçün gedəcəyini istəyirsinizsə, gələcək qorxusu keçirməyən bir ölkə qurmaq istəyirsinizsə, vur-tut iki addım atmalısınız.

1. Korrupsiya cinayətini Vətənə xəyanətlə eyniləşdirin, korrupsionerləri isə 7 arxa dönənini xain elan edin.

2. Bir də 3 peşəni yüksək gəlirlə və hörmətli mövqeyə qaldırın: Hərbçilər, müəllimlər və həkimlər...

Ən başlıcası isə, işləyin,işləyin, işləyin. Çünki sizdən qeyrisi sizi qorumayacaq, yedirməyəcək, sizin ölkəniz sizdən başqa heç kimə lazım deyil. Bunlar gəlişi xoş sözlər, şüarlar deyil, həyat tərzinizə çevriləcəksə, deməli məqsədə çatmısınız…

Qolda Meirin fikirlərinin önünə Ramiz Mehdiyevin, yalnız «Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər» fikirlərini qoysaq mahiyyət yetərincə görünür. Bunca illəri kompramat yığmağa sərf elə və dövlətçilikdən danış, türklər demiş, nə əla məmləkət…

Biz, bu qocanın əslində kim olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri çatmadığı, bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu cəllad, bizim mifimiz idi bəlkə?..

Yazını Qabriel Qarsia Markesin «Patriarxın payızı» romanından sitatla başladım və oradan bir hissə ilə də bitirirəm: «O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının nəhayət ki, sona yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə mahnılar oxuyan xalq kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla qaranlıq əbədiyyətə yollandı»…

Siz tək deyildiniz, Ramiz müəllim, bir Əli Həsənov da vardı. Görəsən haradadır? Beşcə gün öz başına buraxdınız, ilim-ilim itdi…

Qeyd: Qolda Meir Kiyev doğumlu yəhudi qadındır və İsrailin Baş naziri olmuş tək qadındır. İsrail dövlətinin ilk pasportunu Qoldaya veriblər. 1948-ci il müstəqillik aktına imza atmış birisidir. 1956-cı ildə Qolda xarici işlər naziri təyin edilir. BMT Təhlükəsizlik Şurasının toplantısında (1960) Argentina hökuməti keçmiş gestapoçu, yəhudilərin kütləvi qırğınlarının təşkilatçısı Otto Adolf Eyxmanı bu ölkədən oğurlayıb məhkəmə qarşısına çıxaran İsraili qanun pozuculuğunda ittiham edəndə Qolda bunları deyir:

“Eyxman 6 milyon yəhudini məhv edib – Almaniyada, Fransada, Belçikada, Hollandiyada, Lüksemburqda, Polşada, SSRİ-də Macarıstanda, Yunanıstanda, İtaliyada, Çexoslovakiyada, Avstruyada, Rumıniyada, Bolqarıstanda yaşayan yəhudiləri. Onların arasından elm, incəsənət, mədəniyyət nəhəngləri yetişmişdi. O illərdə milyonlarla uşağın öldürülməsi sonrakı nəslin də məhv edilməsi deməkdir. Bu hadisənin dəhşətini və İsrail və yəhudi xalqının gələcəyinə vurduğu zərbəni kim tam olaraq təsəvvür edə bilər?”

Bu xəbəri paylaşın: