Hər gecənin mütləq bir səhəri vardır…

… İlimiz gözəl gəlmişdi. Aşağı-yuxarı, həyat öz axarı ilə davam edirdi. Bir müddət əvvəl — 10 fevral 2020-ci ildə 55-ci doğum gününü şadyanalıqla qeyd etmək üçün Rusiyanın İvanovo şəhərində birgə gözəl anlar da yaşamışdıq qardaşım Sərrafla. O, gözəl anların təəssüratından yaranan qürur hissi hələ bizi tərk etməmişdi. Bakıda yaxın ətrafımızla bu hissləri paylaşırdıq.


4 aprel 2020-ci ildə qapımızı qəfil döyən acı və inanılmaz xəbərin yükü çox ağır idi. Biz ən dəyərlimizi, taleyinə qürbət həyatı nəsib olmuş qardaşım Sərrafı itirmişdik…


Qardaşım Sərraf haqqın dərgahına qovuşandan sonra qara rəngə boyanmış həyatımızın dəyişəcəyinə inamımız sarsılmışdı. Həyat eşqini məyusluq, ümidsizlik qara ağızlı əjdaha kimi udmuşdu. Yaşamaq həvəsi deyilən bir hiss qalmamışdı. Arxa dağlar çökmüş və hər yan qaralmşdı.
Sən demə, ümid qapısı tam qapanmayıbmış…


Sən demə, cismən bizi tərk edən əzizimiz Sərrafın yanında yetkinləşib, onun layiqli varisinə çevrilə biləcək ciyərparəsi Ruslan nəinki təkcə cismani boşluğu doduracaq, hətta onun bütün mənəvi keyfiyyətlərini əxz edərək atasından sonra bütün yükü öz çiyinlərinə çəkə biləcək bir oğul kimi formalaşıbmış.


Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə qardaşım Sərrafın ciyərparəsi Ruslan Məmmədov seçkilərdə parlaq qələbə qazanıb. Həmin Dumada ləyaqətli oğul kimi öz atasının yerini doldura bilib. Ruslanın bu nailiyyəti bizi hədsiz sevindirir və əminlik yaradır ki, qardaşımın həyat kredosu oğlu tərəfindən davam etdiriləcək. Yarımçıq qalmış layihələri reallaşacaq. Əməlləri, layihələri həyata keçdikcə Sərraf da yaşayacaq. Rahat ol, qardaş! Ruhun şad olsun, qardaş! Oğlun işiğımızı yandıra bildi! Atasının mirasına sahib çıxa bildi. Həyat davam edir. Yarımçıq qalan arzularını inşallah oğlun həyata keçirər…


Gərək ümidlər heç vaxt tam qırılmasın. Çünki, hər gecənin mütləq bir səhəri vardır!


Səni səmimi qəlbdən təbrik edirik, Ruslan!


Uğurların bol olsun! İnşallah!

Hacı Məmmədov

Redaksiyadan: Xatırladaq ki, Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədov aprelin 4-nə keçən gecə 55 yaşında vəfat edib. Fedai.az-da bu barədə məlumat vermişdik.

Sərraf Məmmədov keçirdiyi əməliyyatdan sonra xəstəxanada vaxtsız vəfat edib. O, 1955-ci ildə Azərbaycanda, Füzuli rayonunda anadan olub. Yaroslavlda hərbi xidmət keçib və İvanovo mühəndis-inşaat institutunda ali təhsil alıb. Burada bizneslə məşğul olub və yerli Dumaya seçilib. O, 2005-ci ildən İvanovo şəhər Dumasının deputatı idi.

Sərraf Məmmədov həm də ictimai fəaliyyətlə və xeyriyyəçiliklə məşğul olub. Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülüb. Bir çox digər mükafatlar da alıb. S.Məmmədov İvanovodakı “Azərbaycan” cəmiyyətinin lideri olub, 90-cı illərdən bu şəhərdə bizneslə məşğul idi.

Sevindirici bir xəbər aldıq. Bu yaxınlarda Sərrafın oğlu — Ruslan Sərraf oğlu Məmmədov atasının layiqli davamçısı kimi şəhər Dumasına seçkilərdə qalib gəlib. Layiqincə, həm Azərbaycanı, həm də atasını təmsil etməkdədir. Təbrik edirik, Ruslan bəy! Gələcək fəaliyyətuinizdə uğurlar diləyir və doğma Ata yurdunuz Azərbaycan naminə daha böyük işlərə imza atmanızı arzulayırıq.

Fedai.az

Bu xəbəri paylaşın:
  • 67
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •