*** Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” televiziya kanalının canlı yayımına qoşulub.

Prezident İlham Əliyev Rusiyanın “RTR Planeta” kanalına eksklüziv müsahibə verib. İ. Əliyev deyib: “Çünki Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, “fake news”dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır”. Tam mətn Fedai.az-da…
***Almaniya Kansleri Angela Merkel İlham Əliyevə telefonla zəng edib

Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.
Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.
***Yunanıstan hərbçilərinin Ermənistan ordusuna verdiyi təlim zamanı çəkilən görüntülər ortaya çıxıb

Yunanlar ortaq təlim, mövcud birgə hərbi əməkdaşlıq proqramı çərçivəsində Afinanın Peramo bölgəsindəki qışlaqda ermənilərə təlimlər keçib. “Birlik” qəzetinin iddiasına görə, təlimlər 6-9 iyun 2017-ci il tarixləri arasında Yunanıstan Baş Qərargahı (GEETHA) İntizamlı Xüsusi Əməliyyat İdarəsinin rəhbərliyində Ermənistan xüsusi təyinatlı qüvvələri üçün təşkil olunub. Təlim çərçivəsində çevik reaksiya, yaxın məsafədə döyüş və küçə döyüşü öyrədilib.
***Azərbaycanın mülki yaşayış məntəqələrinə xain hücumlar edən Ermənistan ordusu meydanda çarəsiz qaldıqca PKK terror təşkilatını irəli atıb.

İran ərazisindən keçirilərək Ermənistana aparılan PKK terror təşkilatının ünsürləri hazırda işğal olunmuş Azərbaycan torpaqları olan Füzuli və Cəbrayıl istiqamətində döyüşür. Münaqişənin kəskinləşdiyi Qarabağın şimalında öldürülənlərin çoxunun PKK-çı olduğu təsbit olunub.
***Rusiya Ermənilər Birliyinin (SAR) rəhbəri Ara Abramyan, «Подъём» teleqram kanalına verdiyi müsahibəsində, 28 sentyabr tarixində, təxminən 20 min Rusiya ermənisinin bir gün əvvəl genişmiqyaslı döyüş əməliyyatlarının başladığı Dağlıq Qarabağa könüllü olmaq istəyini dilə gətirdiyini söylədi. Bu barədə EADaily yazır:

“Bu, Azərbaycan və Türkiyənin genişmiqyaslı planlı bir hərəkətidir. Onlar bir erməninin də Qarabağda olmasını istəmirlər. Bunu etmək üçün koronavirusla bağlı epidemioloji vəziyyətdən istifadə edirlər. Heç bir təyyarə uçuşu yoxdur, hətta humanitar yardım da göndərmək mümkün deyil. İndi bir gecədə 20 min könüllünün siyahısını topladıq”- deyə Abramyan bildirib.
***“The Jerusalem Post”: Bu gün Azərbaycanın müasir ordusu var

Azərbaycan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarına qarşı hərbi hücumlarını uğurla davam etdirir. Rəsmi Bakı haqlı olaraq, bu qüvvələri Ermənistanın dəstəklədiyi qondarma “DQR” hesab edir.
Bu barədə tanınmış hərbi jurnalist Set Fransmanın İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan Ermənistan ilə münaqişədə nəyə nail olmaq istəyir” sərlövhəli məqaləsində deyilir. Məqalə müəllifi qeyd edir ki, bu ölkələr XX əsrin 90-cı illərindən münaqişə aparır, lakin son illər hərbi toqquşmalar daha tez-tez baş verir.
***APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Moskva gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”.
«Biz təmas xəttində baş verənlər haqqında bütün informasiyaları toplayırıq. Ən diqqətli şəkildə xəbərləri izləyirik, vəziyyəti təhlil edirik və bu məlumatlardan ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla gələcək addımları müəyyən etmək, gələcək mövqeyimizi formalaşdırmaq üçün istifadə edirik”, — deyə Kremlin sözçüsü vurğulayıb.***Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb
Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.
***“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.
***Ermənilər qorxudan qaçırlarErmənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bunun ardınca Ermənistanı tərk edərək müharibədə iştirakdan yayınmaq istəyən yüzlərlə, minlərlə şəxsin ölkəni tərk etməyinin qarşısını almaq məqsədilə rəsmi İrəvan 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub. Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.
***Düşmən yenidən Tərtəri atəşə tutdu

Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.
Düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub.
Top mərmilərindən biri isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, yaşayış evlərinə ciddi ziyan dəyib.
***Erməni təxribatı: Şeyx Babı türbəsinə ciddi ziyan dəydi

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.
***Ermənistan ordusunun Həsənqaya və Talış istiqamətindəki mövqeləri darmadağın edilib

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.
Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.
***Paşinyan gündə Putinə «vızıv» atır…

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb: «Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub”, — Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunub.
***
Fedai.az Araşdırma Qrupu
