CƏBHƏ GÜNDƏLİYİ — 1.10.2020-Cİ İL

***Yəhudi icması Azərbaycana dəstək bəyanatı verdi 

Azərbaycanın yəhudi icması İsrail və bütün dünya yəhudilərinə Azərbaycana dəstək bəyanatı göndərib. 

Bəyanatda deyilir: “Azərbaycan zəngin tarixi, mədəni və multikultural dəyərləri olan ölkədir. Millətindən və irqindən asılı olmadan qanuna əməl edən hər kəs bu ölkədə dinc və sağ-salamat yaşaya bilər. Biz Azərbaycan yəhudiləri artıq 2 min ilə yaxındır burada sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı sülhsevər, tolerantdır və multikulturalizmə sadiqdir……Biz Azərbaycanda yaşayan icmanın yəhudiləri sizə, əziz qardaşlarımıza müraciət edərək təxribatların qarşısını almaqdan və Azərbaycanın işğal olunmuş ərazilərin təxirəsalınmadan azad edilməsindən ötrü Ermənistana mümkün olan bütün təsirləri göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquqa və normalara hörmətcil münasibətini təmin etməyə çağırırıq”.

 ***“freeazerbaijan.info” adlı sayt erməni yalanlarını tirajlayır

Düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar. Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərləri ictimailəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı saytı da bu məqsədlə istifadə olunur. Sayt erməni yalanlarının ifşasını tirajlamaqla məşğuldur. Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur.

***Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında bildirilir: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində yerləşir. Macarıstan da beynəlxalq hüququn təməl prinsipi olaraq dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Nazirlikdən həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərginliyin səngiməsinə, məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını da diqqətə çatdırıblar.

***Ermənistan İsraildəki fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün geri çağırır 

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan məlumat verib.

XİN rəsmisi son günlərdə İsrailin Azərbaycana müasir silahlar verməsindən narahatlıq keçirdiklərini bildirib. A.Nağdalyan İsrailin müasir silahları Azərbaycana tədarük etdiyini qeyd edib. Erməni tərəfi dəfələrlə diplomatik kanallar vasitəsilə İsrailli həmkarlara bu məsələnin ciddiliyini diqqətə çatdırıb. Yaranan vəziyyətə uyğun olaraq Ermənistan Yerusəlimdəki səfirini məsləhətləşmək üçün geri çağırmağa qərar verib. 

***20 min erməni artıq Qarabağı tərk edib

Azərbaycan Ordusunun üç istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq beş gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

***Nazarbayev Ermənistan və Azərbaycan arasında fərq qoymadı

Türk dünyasının ən böyük dövləti olan Qazaxıstanın keçmiş lideri ənənəsinə bu dəfə də sadiq qalaraq, işğalçı və işğala məruz qalan arasında fərq qoymayıb:

“Elbaşı Qazaxıstanın Azərbaycan və erməni diasporlarının Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə birgə müraciətini dəstəkləyib. Nursultan Nazarbayev münaqişənin böyüməsindən narahatlığını dilə gətirərək, iki dost dövlət arasında danışıqlara başlamağın bölgədəki vəziyyəti ən qısa müddətdə sabitləşdirməyə xidmət edəcəyini qeyd edib”.

Elbaşı küllükbaşı kimi danışdı.

***“Qarabağ”dan əsgər salamı

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Leqiya”ya Varşavada 3:0 qalib gəlib.

Oyundan sonra Ağdam komandasının futbolçuları bir yerə yığışıb və əllərində Azərbaycan bayrağı ilə əsgər salamı verib.

***“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır: “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 300 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb”.

***“Haber Global”ın müxbiri ön xətdəki əsgərlərimizin yanında olub

Türkiyənin “Haber Global” telekanalının çəkiliş qrupu Qarabağda, ön cəbhədə olub. Bu barədə kanalda geniş süjet efirə gedib. Müxbir Murat Karataş Azərbaycan Silahlı Qüvvələrinin topçu əsgərlərinin yanında olub və onlarla söhbət aparıb.

***Lukaşenko Fransa prezidentini «TOPA TUTDU»

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan təmas xəttində baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi Bakıya dəstəyini nümayiş etdirib. Aleksandr Lukaşenko Fransa prezidenti Emmanüel Makronu qərəzli mövqeyinə görə sərt şəkildə tənqid edib. Fransa prezidentini «yetişməmiş siyasətçi» adlandıran Lukaşenko deyib ki, 2 il əvvəl «sarı jiletlilər» Paris küçələrində kütləvi etiraz nümayişləri keçirən zaman Emmanüel Makron da istefa verməli idi:

«Amma nədənsə Fransada həmin demokratik prinsiplər ayaqlar altına alındı və cənab Makron hələ də prezidentdir. İndi Fransa tez-tez kütləvi etirazların baş verdiyi bir ölkəyə çevrilib. Həmçinin, Fransanın Marsel və Lyon şəhərlərində müsəlmanlar tez-tez etirazlar edirlər. Yaxşı olar ki, Emmanüel Makron başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə öz daxilindəki problemlərin həlli ilə məşğul olsun»

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: