Tərtərə atılan mərmilərdən veteranımızın evi dağılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.  

Bu barədə məlumatı AVMVİB Reional bölməsindən almışıq. 

Rəsmi məlumata görə, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib. 

Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb. Aldığımız məlumata görə, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Açılan atəşlər zamanı mərmilərdən biri AVMVİB Tərtər rayon şöbəsinin üzvü, məcburi köçkün Nemət Ərəbovun evinə düşüb. Ev bütün əşyaları ilə birgə dağıntıya məruz qalıb. Xoşbəxtlikdən müharibə veteranı daha öncə ailəsini daha etibarlı sığıncağa yerləşdiribmiş. Müharibə veteranının evinə və ev əşyalarına böyük ziyan dəyib. Bizimlə söhbətdə müharibə veteranı Nemət Ərəbov bildirdi ki, əsas torpaqlarımızın mənfur düşməndən azad edilməsidir.

Hadisə barədə «Report» əməkdaşı da yazıb. Tərtər rayonunda məskunlaşmış Ağdərə rayonundan olan məcburi köçkün Nemət Ərəbov «Report»un əməkdaşına bildirib ki, ötən gün düşmənin atdığı mərmilər nəticəsində evinə ziyan dəyib: «1991-ci ildən Tərtər rayonunda yaşayırıq. Burada 30 il müddətinə ərsəyə gətirdiyimiz evi ermənilər top mərmiləri ilə dağıtdı. Mənfur düşmənlər yalnız dinc əhalini hədəf alır. Çünki onlar Ordumuzla bacarmırlar. Allah Azərbaycan Ordusunu qorusun, sona qədər döyüşüb torpaqlarımızı işğaldan azad etsinlər. Düşmənin atdığı mərmi evimizin içərisinə düşərək partladı. Evdə olan əşyaların hamısı ələgəlməz vəziyyətdədir. Hətta bir çox qonşularımızın evinə də ziyan dəyib. Bu dağıntılar bizdən ötrü heç nədir. Allah xalqımızı, əsgərlərimizi saxlasın».


Elnur Səlim

Bu xəbəri paylaşın: