Səngər qoxulu ad günü…

Bu gün sənin doğum günün, qardaş oğlu! Şanlı Tarixin 11-ci günü. Böyük və şanlı Vətən Tarixinin yazılmasında iştirak edən İlkin Füzuli oğlu Rzaquliyevin ad günüdür. Vətənə könül vermiş bir Qazinin oğlu kimi hərəkət etdin. Qəlblərimiz səninlə və bütün əsgər və zabitlərimizlə döyünür. Ayağınıza dəyən daş bizim qəlblərimizə dəyər. Sizi üşüdən külək bizi də dondurar.

Bu şanlı günləri bizlərə ərməğan etdiyinizə görə sizlərə nə tərif desək azdır…


Səngərdə ad gününün özəllikləri var. Atılan mərmilər, açılan atəşlər və səngərin torpaq qoxusu…Tanrı səni qorusun, İlkin bəy! Gün var, min ilə bərabər. O günləri yaşayan bir savaşçıya, nə arzulaya bilərəm? O yollardan keçmiş əmi kimi deyim ki, Qazilik Vətən sevgisinin simvoludur. Qazi torpağı Vətənə, insanı ulusa çevirən bir dəyərdir. Qazilər şanlı bir tarixin, canlı abidələridir.


Allahdan tək arzum, səni sağ — salamat gül balalarına qovuşdurmasıdır. Təbrik edir və Zəfər bayrağını Xankəndində tezliklə dalğalandıracağınızı arzulayıram.
Qəlbin nə ilə döyünürsə, hər doğan günəş sənə onu gətirsin. Bu əziz gündə sənə mənalı və uzun ömür arzulayıram.


Bu gün ürəyində hansı arzunun xəyalı, qulaqlarında hansı səsin həsrəti, ürəyində hansı sevginin həsrəti varsa, hamısına qovuşmağın diləyiylə ad günün mübarək olsun!


100 yaşa, İlkin bəy!
Bütün gözəlliklər sənin olsun!​​​​​​​

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın:
  • 16
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •