CƏBHƏ GÜNDƏLİYİ — 17. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Füzuli şəhəri işğaldan azad oldu — PREZİDENT 

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı , Dədəli kəndləri erməni işğalından azad olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Füzuli rayonunun kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.

***Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq — Prezident 

Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtılə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib.

 Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışaraq deyib: “İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

Dövlətimizin başçısı bildirib ki, biz öz şərəfli missiyasımızı yerinə yetiririk. “Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”, — deyə Prezident İlham Əliyev vurğulayıb.

***Prezident Hikmət Mirzəyevə general-leytenant rütbəsi verdi

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

***Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

 Azərbaycan Respublikası Ali Sovetinin «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktını qəbul etməsindən 29 il ötür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ötən yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

***Avropa Birliyi Gəncənin atəşə tutulmasını pislədi — RƏSMİ

 Avropa Birliyi  oktyabrın 16-dan 17-ə keçən gecə  Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirilməsindən, bunun nəticəsində mülki şəxslərin öldürüldülməsindən və ağır yaralanmasından  təəssüfləndiyini bildirib.  Bu barədə  AB-nin sözçüsü Peter Stanonun açıqlamasında deyilir. «Mülki və mülki obyektlərin atəşə tutulması  dayanmalıdır. 10 oktyabrda əldə edilən humanitar atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir ”, deyə Stano söyləyib. 

***Humanitar atəşkəs elan olundu Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Xarici İşlər Nazirliyi xəbər verir ki, bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

***Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı  

Ermənistan silahlı qüvvələrinin daha bir hərbi texnikası məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinə məxsus “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb. Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.

***Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi 

Ermənistanın “qəhrəman” adlandırdığı polkovnik Rüstəm Qasparyan məhv edilib. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Erməni millət vəkili Naira Zoqrabyanın açıqlamasına görə, Qarabağda gedən döyüşlərdə ağır yaralanan Rüstəm Qasparyan xilas edilə bilməyib. Xatırladaq ki, Azərbaycan Ordusunun öz torpaqları uğrunda qətiyyətli mübarizəsi şəraitində Birinci Qarabağ Müharibəsində iştirak etmiş keçmiş erməni deputat Rüstəm Qasparyanın oğlu da məhv edilmişdi.

Polkovnik rütbəsi daşıyan Qasparyan Xocalı soyqırımında aktiv iştirak edib.

***Hikmət Hacıyev: “Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır” 

Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərindən alır. Hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bir həftə bundan öncə və daha əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə xain hücum həyata keçirib.


***Azərbaycan Rusiyaya nota verdiRusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.  

APA xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Vilati Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

***Pakistan Ermənistanın saxta ittihamlarına cavab verdi 

Pakistan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ döyüşlərində Pakistan hərbçilərinin iştirakı ilə bağlı açıqlamalarını əsassız adlandıran bəyanatla çıxış edib. 

«Ermənistan rəhbərliyi Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz təbliğata əl atır. Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini davamlı olaraq genişləndirir. Pakistan qardaş Azərbaycan xalqını və hər cür təcavüzə qarşı özünümüdafiə hüquqlarını dəstəkləməyə davam edəcək» , deyə bəyanat sahibləri bildirir.  Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Pakistan ordusunun xüsusi təyinatlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlarda iştirak etdiyi barədə bəyanat vermişdi.

***Amerikanın Erməni Milli Komitəsinin terror təşkilatı kimi tanınması üçün petisiya açıldı

Ağ Evin rəsmi saytında ABŞ-da fəaliyyət göstərən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) terrorçu təşkilat kimi tanınması üçün petisiya açılıb.

Petisiyada ANCA-nın əməliyyatlarına, fəaliyyətinə məhduddiyyət qoyulması ilə bağlı çağırış edilib.

Həmçinin ANCA-nın fəaliyyətinə dair araşdırma aparılması ilə bağlı ABŞ-a müraciət ünvanlanıb. Qeyd edilib ki, təşkilat ABŞ-da yaşayan azərbaycanlılara sui-qəsdlər təşkil edir, Amerika ictimaiyyətini çaşdırmaq üçün yalanlar yayır.

Bildirilib ki, ANCA ASALA, NAR, JCAG kimi terror təşkilatlarına maliyyə dəstəyi göstərir. Petisiyanı dəstəkləmək üçün linkə elektron ünvanı tələb olunan hissələrə yazmaq və SİGN NOW düyməsini basmaq lazımdır. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.


***Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub-Kalantaryan niyə narahatdır? 

2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu.

XİN-dən verilən məlumata görə, Nazir Ceyhun Bayramov rusiyalı həmkarına Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Nazir, bu müharibə cinayətinin məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərində olduğunu vurğulayıb.


***Azərbaycan Yüksəliş Partiyası bu gün saat 14.45-də Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək 

Bu barədə məlumatı partiyanın sədri Anar Əsədli yayıb. Mənbənin bildirdiyinə görə, aksiya iştirakçıları Rusiyanın Ermənistana gizli hərbi dəstək verməsinə etiraz edəcəklər.

Həm kəs aksiyaya dəvət olunur.

***Ermənistana məxsus Su-25 təyyarəsi məhv edildi

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.

***Avstriyada erməni terroru əleyhinə aksiya keçirildi 

Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Helden Platz meydanında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.


***İrəvan KTMT-dən qovulmalıdır! – Karaşin sübut etdi

 Tanınmış qazax yazıçısı və analitik Beket Karaşin Feysbuk səhifəsində Ermənistanın Kollektiv Təhlükəsizlik haqqında müqaviləni və KTMT Nizamnaməsinin əsasnaməsini pozması haqqında faktlar gətirib.***Çavuşoğlu Bayramovla Gəncə hücumundan danışdı 

Oktyabrın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

***“Martuni alayı”nın komandiri Qarabağda məhv edildi 

“Martuni alayı”nın komandiri Qarabağda məhv edilib.

Bu gün əks-həmlə əməliyyatı zamanı Azərbaycan Ordusunun bölmələri Qarabağda daha bir erməni polkovnikini məhv edib.

Həmin şəxsin “Martuni alayı”nın komandiri , polkovnik Qeqam Qabrielyan olduğu məlum olub.

***Ermənistan ağ bayraq qaldırıb, atəşkəs istəyib

Bu gün saat 00.00-dan başlayacaq MÜVƏQQƏTİ humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan prosesin davamıdır.

Ermənistan hakimiyyəti yenə ağ bayraq qaldırıb. Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif vasitəçilərlə rəsmi Bakı ilə əlaqə yaratmağa çalışır. Gələn bilgilərə görə, Ermənistan Azərbaycanla heç bir şərt irəli sürmədən danışıq aparmağa, işğal altındakı Azərbaycan ərazilərinin boşaldılması üçün işlərə başlamağa hazır olduğunu bildirib…

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •