CƏBHƏ GÜNDƏLİYİ — 18. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***ALİ BAŞ KOMANDAN: «Bizim savaşımız müqəddəs savaşdır!» 

İ. Əliyev son müraciətində düşmənə mesajlar verdi: «Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!» 

***İlham Əliyev: “Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı” 

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.
Prezident, Ali Baş Komandan İlham Əliyev bununla bağlı fikirlərini «Twitter” hesabında yazıb. 

***Mehriban Əliyeva: «Bu, ədalətin təntənəsidir» 

«Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir».

Bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın instagram səhifəsində yer alıb.

«Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!», — deyə o yazıb.

***BMT Baş katibi Gəncəyə hücumu pislədi

“Baş katib münaqişə ərazisində insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır. Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi, eləcə də Xankəndi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişə zonası və onun kənarında yerləşən bütün yaşayış məntəqələrinə edilən zərbələr tamamilə qəbulolunmazdır”.

Bu barədə BMT Baş katibinin sözçüsünün bəyanatında deyilir.

***Prezidentin köməkçisi Hikmət Hacıyev “Al Jazeera” televiziya kanalına müsahibə verib

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları, xüsusilə Gəncə şəhərinə raket hücumu ilə bağlı “Al Jazeera” televiziya kanalına müsahibə verib. 

***Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu 

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 


***ANAMA-dan Xızıya atılan raketlə bağlı AÇIQLAMA

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”.

Bunu brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

O, deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.


***Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib.

 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub. Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V.Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.


***Döyüşlərdə məhv edilən erməni hərbçilərinin YENİ GÖRÜNTÜLƏRİ yayılıb

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən uğurla həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğal altında saxladığı 60-dan artıq yaşayış məntəqələrimiz, o cümlədən Füzuli və Cəbrayıl şəhərləri, çoxsaylı strateji yüksəkliklər, eyni zamanda Murovdağ zirvəsi erməni yaraqlılarından təmizlənib. Şiddətli döyüşlər zamanı düşmən xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını itirib.

Ermənistan ordusunun itkilərinə dair daha bir videogörüntü yayılıb.

***Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirakdan imtina edib

erməni əsgəri

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirakdan imtina edib.


***Düşmənin alay komandiri, polkovnik məhv edilibDüşmənin alay komandiri məhv edilib

 Ermənistanın «Martuni» alayının komandiri, polkovnik Gegam Qabrielyan məhv edilib. Qeyd edək ki, ötən gün Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirilib.  


***İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir

“Sputnik Armenia” saytı xəbər verir ki, düşmən oktyabrın 18-də daha 37 hərbçisini itirib.

Buna qədər səhər 40 erməni hərbçinin məhv edilməsi təsdiqlənmişdi.

Qeyd edək ki, Ermənistan tərəfi 700-dən çox hərbçisinin öldüyünü etiraf edib.


***Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Aya Sofyanı ziyarət edib

 Bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, o, Türkiyə Dəyanət İşləri naziri Əli Ərbaş ilə Aya Sofyanı ziyarət edib və Türkiyə-Azərbaycan qardaşlığından bəhs edib. “Türkiyə və Azərbaycan arasında olan bu qardaşlıq yeni bir tarix yazdı. İnşallah, bu tarix əbədi olacaq və yaşayacaq. Hər iki dövlət yaşayacaq, dünyada tanınacaq. İnşallah, Qarabağımız da azad ediləcək”, – A. Paşazadə bildirib.

Əli Ərbaş da Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını və işğal siyasətini qınayıb.

***Erməni vandalizminin yeni əməlləri

Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriyadan atdığı top və raket mərmiləri Ağdamın Əhmədağalı-Çıraqlı, Xındırıstan-Paşabəyli, Tərtərin Qapanlı- Qarağacı kənd məzarlıqlarını dağıdıb. 

APA-nın xəbərinə görə, kənd məzarlıqlarına düşən mərmilər onlarla qəbir daşını sındırıb. 

***Ermənistan yenə də atəşkəs rejiminə əməl etmir 

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: