Redaksiyadan: Bu yazını təkrar yayınlayırıq. Məqalə prezident seçkiləri öncəsi yazılmışdı. Zəfərimizlə bağlı yazı öncəsi bu yazını diqqətlə oxumanızı rica edirik. Yazıda yalnız fotolar dəyişib.
(05 aprel 2018-ci il. https://fedai.az/arxiv/www.fedai.az/www.fedai.az/fedai.az/index2fb7.php?newsid=1703)
Seçki öncəsi siyasi ehtiraslar anbaan qızışmaqdadır. Siyasi düşərgələrdə siyasi mübarizənin əsas silahı bəşər tarixinin ən relikt (nadanlıq) dövrlərinə uyğun olaraq siyasi mükalimələrlə deyil, söyüşlərlə aparılır. Bizi illərlə buna kökləyib və «hamının hamıya qarşı mübarizəsinə» tam hazır bir vəziyyətə gətirdilər. Ölkənin bir vətəndaşı kimi siyasi proseslərə öz vətəndaş mövqeyimi bildirməyi borc bildim və hər iki düşərgənin vandalist qara — güruhçu «bolşeviklərinə» bildirirəm ki, bu yazısiyasi sifariş deyil, kimsənin «molodesinə» də ehtiyacım yoxdur. Qələmə və sözə xəyanət etməyən bir jurnalistin reallıqlara öz rakursundan verdiyi dəyərləndirmələrdir. Bəri başdan bildirirəm ki, «iqtidardan xoşum gəlmir və müxalifətdən isə zəhləm gedir»…
İstər seçki öncəsi, istərsə də indi siyasi səhnədə 2 düşərgə arasında mübarizə aparıldığını demək olar. AXC «şinelindən çıxanlar» öz yolarını «Ə. Elçibəy yolu», iqtidar düşərgəsi isə öz yollarını «H. Əliyev» yolu olduğunu bəyan etmişlər. Yəni yollar fərqlidir. İdeolji baxımdan və deyilənlərə baxınca isə, yollar fərqli olsa da, məqsədlər eyidir: Demokratik Azərbaycan, ərazi bütövlüyünün bərpası, güclü iqtisadiyyat və s…

Yəni ən mücərrəd terminoloji vədlər və daha uzaqmənzilli planlardan özgə konkret olan bir tezis ortada yoxdur. Müxalifətin stadionda apardığı söhbətləri, İqtidar da Prezident sarayında aparır və bəzən yolunu azmış məmurları da cəzalandırır. Prezident seçkilərinin önə çəkilməsini müxalifət seçkiyə hazırlıq vaxtının dar olmasıyla bağlayıb boykot qərarı verməsi, heç də yerlərdə «müdrük qərar» kimi qarşılanmadı və əslində 25 il vaxt verilmiş müxalifət, bu taktikayla hələ də kimlərisə aldatmağı düşünür. O zaman seçkiyə hazırlıq mərhələsindən başqa yerdə qalan zamanlar barədə və nə ilə məşğul olduqları barədə qoy məlumat yaysınlar. Lakin yuxarıda qeyd etdiyimiz siyasi yollara uyğun olaraq, həm «Ə, Elçibəy yolunun», həm də «H. Əliyev yolunun» davamçıları baxımından «H. Əliyev yolunun» davamçıları 2 nəfər, yolsuz sosial-demokrat 1 nəfər və «Ə. Elçibəy yolunun» yolçuları isə nə az, nə çox 5 nəfərdir. Bu gün müxalif düşərgənin nə deməsindən asılı olmayaraq belə yolçular, hətta parlamentdə 21 nəfərlik millət vəkili ilə təmsil olunurlar. Siyasətdə «ayaq sürüşməsi» və ya «ayaqqabı problemi» onun keçdiyi yolun problemi hesab olunur. Əski kommunistlərin bunca siyasi arenada qalmaqda suçlayan «AXC-nin bolşevik şinelindən çıxmışlar» bilməlidirlər ki, Xalq Cəbhələrinin strategiyası və taktikası Kommunist İnternasionalının VII Konqresində işlənib hazırlanıb. Keçmiş Sovet Respublikalarında, xüsusən Pribaltikada bu qurumlar qısa zaman kəsiyində ləğv edildi. Düşmən Ermənistan isə belə bir hərəkatın əvəzinə Ümummilli Erməni Hərəkatının fəaliyyətini leqallaşdırmağa nail oldu və bu gün postsovet məkanında bu adda hərəkat, partiya yoxdur. Amma Azərbaycanda AXCP, AXCP-1, KAXCP, BAXCP və s. hələ də qalmaqdadır. Bu cür parçalanmanı iqtidarda axtaranlar, unudurlar ki, hər bir siyasi təşkilat öz rəqibini bütün vasitələrlə zəiflətməyi öz qarşısına məqsəd kimi qoyur. Bunca illər qarşı tərəfin təftişini aparan müxalifəıt , məncə öz «yolunun» da təıftişini aparmalıdır. Bu adamların ayağı niyə sürüşdüyünü araşdırmaq və komsomol-kommunist davasından imtina etmək lazımdır. Bu iki düşərgəyə xalq keyfiyyət baxımından deyil, kəmiyyət-say baxımından gərəkdir. Buna görə də xalq tərəfsizliyini qorumağa çalışır.
Siyasi baxımdan bizim ölkədə seçki texnoloqlarını istifadə etdiyi üsul, əsasən əski sovetlərdən qalma seçki texnologiyasıdır. Bu texnologiyaya çağdaşlıq rəngləri qatılsa da, seçkinin taleyini hələ də sayım həll etməkdədir. Amerika yazıçısı Mark Tven deyirdi ki, seçkidə ən gərəksiz şey seçicilərdir. Yəni dünyada siyasi bicliklər də bir variant kimi bütün ölkələrdə işlədilir. Hətta ABŞ-da facebook hesablarında 50 milyonluq hesabının oğurlanması qalmaqalı hələ də davam edir. Elə düşünməyin ki, mən oğurluğu təbliğ edirəm. Sadəcə müxalifətin səriştəsizliyini nəzərinizə çatdırıram. Hakimiyyətdə olan tərəfin bütün mövcud resurslardan istifadə etməsi qaçılmazdır və bunu müxalifət gözəl bilir. Amma müxalifətin bu rıçaqları və kontr planları yoxdur. Yoxdursa, bacarmırlarsa, niyə 25 ildi meydanı zəbt ediblər? Vaxtın azlığını bəhanə edirlər. Seçkini boykot etmək əvəzinə müxalifətçiliyi baykot edin. 25 il azlıq edirsə, sizə daha bir 25 il vaxt veririk.

Siyasi düşərgələri təftiş edərkən rastlaşdığımız açıq və gizli hədəfdə olan iki siyasi lider — prezident İlham Əliyev və müxalifət düşərgəsində isə Əli Kərimlidir. Əli Kərimli namizəd olmadığı üçün bu yazının subyekti deyil. Düzdür, bəzi namizədlər hələ də bunun fərqində deyillər. Namizədlər içərisində və əks qütblü düşərgələrdə ən reytinqli və siyasi imicə sahiblik edən siyasətçi İlham Əliyevdir.
Bəs niyə İlham Əliyev?
Heç də müxalifətin dediyi kimi, İlham Əliyev zəif siyasətçi və inzibatçı sayıla bilməz. Bircə faktı deyim ki, bu sözləri deyən müxalif qüvvələr həmin komandanın qarşısında bircə il də duruş gətirmədiyi artıq tarixdir. İ. Əliyev partnomenklatura kommunistlərindən ibarət bir komandanı miras olaraq qəbul etmiş və öz siyasi iradəsinə tabe etməyə nail olmuşdur. Bu komandanın içərisində müxtəlif kolonlara işləyən kadrların nəzarətdə saxlanması görünəndir. Prezidentliyə namizəd olaraq onun deməyə daha çox sözü və faktı var.
Hakimiyyətdə olduğu illər ərzində İ. Əliyev bir çox ilklərə imza atıb. Paytaxtın yol infrastrukturu, tikinti-quruculuq işlərinə geniş vüsət verməsi, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, idmanın inkişafı, ordu quruculuğu istiqamətində müasir texniki təhcizata diqqət yetirilməsi, xarici siyasət kursunda ölkəmizi bloklara qoşulmayan statusunun davamlılığı və regional layihələrdə Azərbaycanın aparıcı rolunun ardıcıllığı təmin edilib. Ən çox tənqid olunan və əhalini narazı salan haqlı tələblər daxili siyasətdə bürokratik idarəetmədə məmurların biznes oliqarxlığına meylliliyi, antixalq bir şəkildə ümumxalq tələblərinə, adi şikayətlərə laqeydcəsinə cavab verməmələri və ən başlıcası isə Qarabağ problemi istiqamətində real irəliləyişlərin olmamasıdır. İnzibati bürokratik sahədə çalışan məmurların yarıtmaz siyasəti bəzən məqsədli şəkildə prezidentin imicinə və dövlətin imicinə ciddi zərbələr vurmaqdadır. Araşdırma zamanı rastlaşdığım iki fakt, məhz prezidentə qarşı aparılan bir fəaliyyətin nəticəsi olduğunu aydın görünürdü.

Məqsəd nomenkulatura mənsublarının ölkə rəhbərini informasiya blokadasına alması xarakteri daşımaqdadır: «Birincisi, müstəqil mətbuata divan tutulması və ikincisi, əhalinin şikayətlərinin tam nəzarətə alınması». Xatırladım ki, böyük siyasi təcrübəyə malik olan mərhum H. Əliyev ömrünün sonunadək müxalif və azad mətbuatı bunlardan qorudu. Digər tərəfdən isə bu gün ölkə prezidentini hədəf seçmiş narazı sosial kəsimin heç biri, şəxsən prezidentdən zərər çəkməyib. Ayrı-ayrı yüzüncü dərəcəli məmurların törətdiyi qanunsuz əməllər, öncə dövlətin imicinə və ölkə rəhbərinin imicinə mənfi çalarlar qatır. Həbs olunmuş şəxslərin prezidentlə heç bir ranqda rəqabətləri ola bilməz. Bəziləri həbsdə olan İlqar Məmmədovu prezident İlham Əliyevə alternativ kimi cəmiyyətə təqdim etməyə çalışırlar. Bir araşdırmaçı jurnalist kimi İlqar Məmmədovun siyasi müstəvidə olan reytinqi, yalnız həbs olunduqdan sonra «0»-dan yuxarı qalxıb və onun İ.Əliyevlə rəqabət emək üçün heç bir şansı və rıçaqı yoxdur.
Digər bir tərəfdən iddiaçılar içərisində heç bir kimsə, 15 il hakimiyyətdə olmayıb və bunca da böyük layihələr həyata keçirə bilməyib. Müxalifətin Qərb mətbuatının təsdiq olunmamış iddialarından çıxış edib birbaşa İ. Əliyevə və I Vitse Prezident M. Əliyevaya etdiyi hücumlar çox sönük görünür, o iddiaların heç biri öz təsdiqini tapmayıb. Çünki normal savada malik olan hər kəs yaxşı bilir ki, dünyanın maliyyə dövriyyəsi SWIFT koduyla aparılır və bu gün bu dövriyyə şəffafdır, kimsədən gizlədilməsi mümkün deyil. Bütün vasitələrlə prezidentliyə namizəd İlham Əliyevə qarşı mübarizə aparanların, illər boyu xalqa deyil, Avropa dəstəyinə nail olmağa çalışmaları əks nəticələr verəcəyini diqqətdə saxlamaq lazımdır. Tutaq ki, Azərbaycan bu Avropa qurumlarından xaric edildi. Müxalif olanların bu qərardan qazancları nə olacaq? Bəs xalqın qazancı nə olacaq? 1992-ci ildə apardığımız yanlış mübarizənin nəticəsi olan 907-ci düzəlişi xatırlayın. O vaxtlar prezident olan Ayaz Mütəllibov deyil, Azərbaycan bu günədək bu qərarın basqısını gördü. Nəticədən yararlananlar isə düşmən Ermənistan oldu. Bu gün siyasi mübarizədə qalib gəlmək üçün İblislə sazişə girməyə hazır olanlar, bircə şeyi unutmayın: «Dövlət əbədidir!» Elə 907-ci düzəlişin də dayandırılması, məhz İlham Əliyevin yürütdüyü doğru siyasətlə bağlıdır.
Bəli narazı kəsimin şikayətləri də dinlənməlidir. Bu hakimiyyətə başucalığı gətirə bilər. Bu dövlətə əlavə dvidendlər gətirə bilər.
Bu gün savadsız jurnalistikamız qapı-qapı düşüb əhalidən soruşurlar ki, kimə səs verəcəksiniz? Barı bu zavallılara pul-para verib ortaya salanlar, deməyiblər ki, seçkidəki seçim seçicinin gizli haqqıdır və ona görə də gizlilik qorunur.
İlham Əliyevə bu cür xidmət etmək kimə lazımdır? Doğrudanmı bu cür cılız gedişləri, qara piyarçı dəstələri, XXI əsrdə hələ də vasitə kimi görməkdədirlər?

Siyasi reytinqinə görə mövcud siyasi prosesdə ən üstün olan şəxs İlham Əliyevdir. O, bir Ali Baş Komandan kimi düşmənə bir qarış ərazi verməmiş və bir neçə hərbi strateji yüksəkliyi düşməndən geri almışdır. Qısa zamanda sübut etdi ki, Ermənistanın qalibiyyət eyforiyası sabun köpüyündən başqa bir şey deyilmiş. Düşmən tərəfi 22 il ərzində milyonlarla dollar xərcləyib yaratdığı “yarılmaz istehkam” adlandırdıqları “Ohanyan müdafiə xətti” Azərbaycan ordusunun azsaylı hərbi dəstələri tərəfindən bir neçə saat ərzində dağıdıldı. Demək olar ki, bu xəttin 75 faizi sıradan çıxarıldı, hətta ikinci eşalon belə, davam gətirə bilmədi. Düşmənin iki hərbi qərargahı tamamilə məhv edildi. “Ohanyan müdafiə xətti” boyunca möhkəmləndirilmiş hərbi rayonlar mövcud idi. Orada tank atəş nöqtələri, DOT-lar, 100 mm zenit artireliya qurğuları (qaubitsalar) yerləşdirilmişdi. Betonlaşmış tam profilli səngərlər, mina sahələri, bahalı, müasir sərhədqoruma sistemləri (1000 km) qurulmuşdu. Ərazidə yerüstü radarlar, gecə və gündüz görmə müşahidə kameraları, elektron sərhədlər, seysmik sensorlar və s. işləyirdi. Bu səddi aşmaq erməni əlaltılarının söylədiyi kimi, heç də asan iş deyildi.
Ordumuzun peşəkarlığı sayəsində bu sədd ən minumum itki ilə yarıldı. Düşmən bu aktın şokunu uzun illər unutmayacaq. Şimal-Qərb cəbhəsində Madagiz ətrafı yüksəkliklərin azad edilməsi, Madagiz-Tonaşen koridoru kimi tanınan bir hərbi platsdarmın ordumuzun nəzarətinə keçməsi deməkdir. Qarabağ savaşında iştirak etmiş keçmiş döyüşçülər gözəl anlayırlar ki, bu mövqeyə nəzarət düşmənin manevr imkanlarını məhdudlaşdırır. Ən başlıcası isə düşmənin öz əhalisi arasında yaratdığı iki aspekt dağıdıldı. Düşmən tərəfi «keçilməz Oqanyan xətti» mifi və de fakto işğal etdikləri ərazilərin de yure əldə etməyə çalışmaları barədə əhaliyə sırıdıqları yalanlar deşifrə edildi.
Düşmən İlham Əliyevi bu yolda özünün baş düşməni elan edib. Bunu soisial şəbəkələrdə olan hər kəs yaxşı bilir. Azərbaycan Respublikası prezidenti kimi İ. Əliyev 4 dəfə həm daxildə, həm də xaricdə total hücumlara məruz qalıb.
Birinci hücum Aprel döyüşləri zamanı, ikinci hücum döyüşlərdən sonra «erməni əsgərləri ölmək istəmirlərsə bizim torpaqlardan rədd olsunlar» kimi sərt bəyanatından sonra, üçüncü dəfə «Türkiyə burada yoxdur, amma biz varıq» çıxışından sonra və dördüncü hücum İrəvanla bağlı son bəyanatından dərhal sonra başlandı. Əlbəttə mən digərləri kimi bu axına təsadüfən qoşulan sosial narazılıqları olan soydaşlarımıza qara yaxmadan səslənərdim ki, dövlətin maraqlarını şəxsi ambisiyalara qurban vermək olmaz. Sadəcə özünüz araşdırın və bu gün də dövlətin strateji qollarına sızmış bəzi məmurların düşmənlə qohum olmalarını nəzərə alın.

Xalq bu faktın seçkidən sonra araşdırılmasını istəyəcək. İnanıram ki, Dövlət Başçısı nəhayət bu məsələyə diqqət yetirəcək. Çünki prezident sosial dövlət modelini yaratmağı öz daxili siyasi prioriteti elan etsə də məmurlar bunu həyata keçirmək əvəzinə öz bildikləri şəkildə öz üsul idarələrini yaratmağa çalışırlar. İdarəçilik modeli nümunəsi kimi ASAN xidməti yaradan ölkə başçısının mesajlarını hələ də görməzdən gəlirlər. Prezidentin antiinhisar tədbirlərini inhisarçılığa «rəhmət» oxutmaqla gözdən salmağa çalışırlar. Bu addımları hər kəs görür və bunu prezidentə qarşı sabotaj kimi qiymətləndirirlər. Lakin bütün bunlara rəğmən xalq xaosa geri dönmək istəmir. Xalq «nimçə demokratiyalarının» ərəb variantını, Gürcüstan və Ukrayna variantlarını anlayır. Demokratiya vəd olunmuş Ukrayna əhalisi yarıbayarı azalıb. Əraziləri işğal edilib. Qərb Ukraynaya əlavə ərazilər, xammal bazarı kimi baxmaqdadır. Artıq Macarıstan, Rumıniya, Polşa ərazi iddialarına düşüblər. Xalq anlayıb ki, inqilab heç zaman, heç bir xalqa xoşbəxtlik gətirməyib. Bu yöndə də stabillik qarantı kimi İ. Əliyevi görür. Bu seçimə görə bolşevikcəsinə xalqı günahlandırmaq istəyənlər, heç zaman öz yollarına və səbəblərə nəzər salmazlar.
Xalqın içərisində olan bir jurnalist kimi xalqın, ikili münasibət arasında qaldığını, daha yaxşı bir cəmiyyətdə yaşamaq ümidiylə İ.Əliyevə səs verməyə qərarlı olduğunu deyə bilərəm. Həqiqət xoşa gəlməsə də həqiqətdir. Sadəcə daha sivil quruculuğa getməyi planlaşdıran ən reytinqli namizəd İ. Əliyevə bir keçmiş döyüşçü kimi çatdırmağı özümə borc bilirəm ki, SİZ HƏQİQƏTƏN DƏ LAYİQLİ NAMİZƏDSİNİZ, amma bu komanda sizə layiq deyil. Bir liderin öz əməyi ilə və fəaliyyətiylə yığdığı reytinqi bu şəkildə talayan bir komanda dünyanın siyasi tarixində belə rastlanmayıb.
Xaqani Ədəboğlu
P.S. İndi bildinizmi, niyə, məhz İlham Əliyev?..
