Qarabağlılara evləri Qarabağda tikmək zamanıdır!

Azərbaycan KİV-ləri məlumat yayıblar ki, Dövlət Satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək. Özü də ümumi dəyəri 55 milyon 431 min 379 manat!

Bundan başqa xəbərdə o da vurğulanır ki, tenderlər üzrə yaşayış məhəlləsində 15 binanın tikintisi aparılacaq. Ümumi tikinti işlərinə 48 milyon 990,6 min manat sərf olunacaq. Tenderdə qalib olan şirkətlər bunlardır:

“Azman Holding” MMC

“Akkord General Construction” MMC

“M.Nazimoğlu” MMC

“Minera” MMC

“Turan.İ.O” MMC

“Azertikinti-M” MMC

İndi bu yerdə Kərəmi ağlamaq tutmasın, nə etsin? Bu mənbəyə istinad edən saytlar isə bəh-bəhlə “Bakıda məcburi köçkünlər üçün yeni binalar tikiləcək” başlığı altında bu xəbəri tirajlayıblar. Kənardan gülünc görünmürükmü?

Olmazmı ki, 55 milyonu aşan həmin bu layihə Bakıda yox, ağaclarını, evlərini hətta sanitar qovşaq avadanlıqlarına kimi kökündən çıxarılıb viran qoyulmuş Qarabağda icra olunsun? Axı olar. Onsuz da Bakıda və Abşeronda məcburi köçkünlərin köçürülməsi üçün ucaldılan kifayət qədər yarımçıq binalar mövcuddur. O binaları əvvəlcə tamamalamaq lazımdır, nəinki o siyahıya daha əlavə yarımçıq binalar əlavə etmək.

Yuxarıda adı çəkilən bu “MMC”-lərin ya dövlətin işğaldan azad oluinmuş torpaqlarda həyata keçirilən sosial-iqtisadi planlardan xəbərləri yoxdur, ya da özlərini bixəbər kimi göstərib “dərə xəlvət tülkü bəy” deyərək Vətənimizin azadlığı uğrunda aparılan II Qarabağ müharibəsindən əvvəl planlaşdırılan bu layihəni tez-tələsik icra etməyə çalışırlar ki artıq “iş-işdən keçmiş” olsun. Doğrudanmı bu MMC-lərin başında duranlardan heç olmasa biri vətənpərvər mövqe və canıyanalıq nümayiş etdirərək dilə gəlib deyə bilmir ki, gəlin bu layihəni Bakıda yox, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada həyata keçirək?

Yəqin bu “MMC”-lərə hamilik edən «Qaçqınkom» “könüllülük prinsipi”ni əsas gətirərək onların Qarabağda fəaliyyətini qadağan edib?

Bu layihəni AR Nazirlər Kabineti dayandırmalı və yerini Qarabağda azad edilmiş rayonlarımıza salmalıdır. Bu evlərin Abşeron ərazisində tikilməsi yolverilməzdir və məqsədəuyğun deyildir. Belə çıxır ki, məskunlaşma hələ də Bakıda aparılır. Kimlərsə illərdir bu tikintilərdən pullar qazanırlar və Bakıda tikmək onlara daha rahat olduğu üçün bu addımın atıldığı işin görünən tərəfidir. Aidiyyatlı qurumlar bu məsələyə aydınlıq gətirməlidirlər…

Nurlan

Bu xəbəri paylaşın: