Ayının min oyunu və ermənilərin son çırpınışları

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən əsgər valideynləri də görüşdə övladlarının geri qaytarılmasını tələb ediblər.

Bu barədə görüşdə iştirak edən əsgər valideynlərindən biri belə deyib: “Paşinyanla görüş zamanı ona vəziyyətə nəzarət etmədiyini söylədim. Dedim ki, işçiləri ona yanlış məlumatlar ötürürlər. Qarabağdakı əsgərlərin həqiqi vəziyyəti barədə məlumatı yoxdur.

18-20 yaşlı çağırışçıların xidmətlərini davam etdirmək üçün Ermənistan ərazisinə qaytarılmasını tələb etdik. Müdafiə nazirliyinin əsgərləri tamamilə unutduğunu baş nazirin diqqətinə çatdırdım. Paşinyan isə cavab olaraq dedi: «Sən nə istəyirsən, biz ora ikinəfərlik çarpayı aparaq? Məgər, bu cavabdır. Bu sözlərdən sonra hesab edirəm ki, artıq baş nazirimiz yoxdur».

Şikayətçinin sözlərinə görə, Paşinyan onların reaksiyasından sonra axmaq ifadə işlətdiyini başa düşərək üzr istəyib: «Məgər biz çarpayı istəyirik? Əsgərlər torpağın üstündə yatırlar, səhhətləri getdikcə pisləşir”.

Xatırladaq ki, bu gün Ermənistan müdafiə nazirliyinin binası qarşısında əsgər valideynləri etiraz aksiyası keçirir. Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan əsgər valideynləri ilə görüş zamanı bildirib ki, onların övladlarını Ermənistana köçürmək mümkün deyil, yalnız hərbi qulluqçuları müvəqqəti olaraq əvəz etmək olar.

Ermənistan mediası xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş əsgərlərin valideynlərindən biri bildirib:

«Mümkün deyil ki, ordu oradan gəlsin, onları digər əsgərlərlə əvəz edib, 10 günlük məzuniyyət verə bilərlər. Beləliklə, bizim tələbimiz yerinə yetirilmədi. Soruşduq ki, heç olmasa övladlarımızın əsir götürülməyəcəyinə zəmanət verirlərmi? Dedilər bəli, onlar təhlükəsizliyə əmindirlər».

Əsgər valideynləri hətta övladlarını Ermənistana öz gücləri ilə qaytarmağı təklif ediblər, amma nazir buna etiraz edib.

«Biz bildirdik ki, övladlarımızı gətirmək üçün hətta 9-10 il həbs edilməyə hazırıq, o dedi: «bu, sizin üçün daha pisdir», — deyə aksiya iştirakçısı əlavə edib. Bu faktları verməkdə məqsədim, həm Ermənistan əhalisinin, həm də Azərbaycanın mövqeyi qanunsuz hərbi birliklərin ölkəmizin ərazilərindən çıxarılmasını istəyirlər. Aydın olan odur ki, Rusiya, məhz bu qüvvələrdən istifadə etməyi planlaşdırır.

Yəni Ermənistan rəhbərliyinin oyun oynaması göz önündədir. Rusiyanın tələm-tələsik özünü Laçın koridoruna «təpişdirməsi» üçün öz üzərinə götürdüyü qeyd-şərtsiz bir öhdəliyi deyəsən tamam unudub: «Миротворческий контингент Российской Федерации развертывается параллельно с выводом армянских вооруженных сил.» Rusiya buraya taxta-şalban daşımaqla, Haykanuşa su daşımaqla və s. «ayı oyunları ilə» Azərbaycan xalqını aldadacağını düşünürsə, böyük yanlışa yol verir. İnanmırsa, bunu Milli Müdafiə Mərkəzindən bir daha soruşsun.

Əldə etdiyim bir məlumata görə, Ağdərəni işğalda saxlayan qanunsuz erməni terrorçu birlikləri RF «sülh» məramsızları ilə tam əlaqədə fəaliyyət göstərməkdədirlər. Hətta Ağdərə Kəlbəcər rayonu arasında, Çərəkdar yaxınlığında postlar onlara məxsus birliklərə həvalə olunub. (Fotolar 28-29.11.2020-ci ilə aiddir, bu fotoları artıq internetdən yığışdırıblar).

Əldə etdiyim məlumatlar Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzinin hazırladığı plandan götürülüb. Bu Mərkəz hərbi departament kimi yaradılıb.

Məlumat üçün bildirim ki, Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Komandanlığının varisidir.


General-leytenant (2017-ci ildən general polkovnik) Mixail Mizintsev Rusiyanın MMİM-nin başçısı təyin edilib. Rusiyanın MMİM-i ölkənin bütün hərbi həyatında əsas koordinasiya orqanı halına gətirmək planlaşdırılır.


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin «MMİM-nin yaradılması haqqında» fərmanı 10 dekabr 2013-cü il tarixdə imzalamışdır.
1 dekabr 2014-cü il tarixində Rusiya MMİM-ə Atrium, Qarşılıqlı İdarəetmə Otağı, Qərar Qəbul etmə Zalı və digər salon və otaqlar daxildir.
22 dekabr 2014-cü il tarixində Rusiya Federasiyası Müdafiə naziri Sergey Şoyqu Rusiyanın MMİM rəhbərinin şəxsi standartını general-leytenant Mixail Mizintsevə təqdim edib.


Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin 23 dekabr 2014-cü ildə mərkəzə səfəri zamanı Milli Müdafiə İdarəetmə Mərkəzinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün ölkələri üçün çalışacağını söyləib. Bu məsələlər arasında sülhməramlılığa aid heç bir vəzifəyə rast gəlmədim. Çünki bu ordunun belə bir missiyası yoxdur və bu ordu bu sahədə özünü biyabır etmiş, ləkəli separatizmi dəstəkləyən bir imicə malik ordudur.

Məsələn, onun vəzifələri arasında əsas müddəalar Rusiya Federasiyası Silahlı Qüvvələrinin mərkəzləşdirilmiş döyüş nəzarəti sisteminin döyüş istifadəsinə hazır vəziyyətdə olması və Silahlı Qüvvələrin vəziyyətini, qoşunların (qüvvələrin) strateji istiqamətlərdə qruplaşdırılmasını və döyüş vəzifəsinin yerinə yetirməsi; Müdafiə Nazirliyinin rəhbərliyinə dünyadakı hərbi-siyasi vəziyyət, Rusiya Federasiyasındakı ictimai-siyasi vəziyyət və Silahlı Qüvvələrin vəziyyəti barədə məlumat vermək, Müdafiə Nazirliyinin situasiya mərkəzində hadisələr zamanı dövlətin və Müdafiə Nazirliyinin rəhbər işçilərinin işinə informasiya dəstəyi və s. hərbi uçuşlar barədə müddəalar var.(http://bastion-karpenko.ru/ncuo/)

Öz təqaüdçüləri acından ölən RF son ayda ən çox Qarabağla bağlı qərarlar qəbul edib və Putinin də əsas fəaliyyəti bununla bağlı olub. Qəbul edilmiş bütün qərarlar Azərbaycanın qanunvericiliyinə tam ziddir. Diqqət edin:

  • RF Qarabağda yaşayacaq erməni əhalini bütün kommunal və qeyri ödənişlərdən azad edib.
  • Rusiya sülh məramlı kontingentinin rəhbərliyi separatçıların lideriylə qanunsuz görüşdə ona Xankəndinin inkişaf planını təqdim edib.
  • Xankəndinin 100 minlik şəhərə çevrilməsi. Yeni binaların tikilməsi.
  • Qarabağda yerli hüquq-mühafizə orqanlarının təşkili və onların tərkibində yerli özünümüdafiə birliklərinin yaradılması. Yəni terrorçulara «qüsl» verib polis düzəldəcək Rusiyanın niyyəti bəllidir. Həmçinin bu qüvvələrə Sülh məramlılara yardımçı statusu veriləcək.
  • RF FHN və Səhiyyə nazirliklərinin bölmələrinin yaradılması.

Bu məlumatı MMİM-ə istinadən RİA Novosti yayıb. Xankəndi separatçılarından Artur Arutyunyan bu faktları təsdiq edib. Bildirib ki, hazırda Xankəndidə evləri olan, amma burada yaşamayan şəxslərlə əlaqə saxlanılır, onların mənzilləri təcili inventarlaşdırılır. Və bu mənzillərdə evlərini «itirən» ermənilər yerləşdirilir. İlkin hesablamalara görə, bu iki aylıq proses zamanı təxminən 25 min erməni onlara məxsus olmayan, amma özlərinin hesab etdiyi evlərini itirib.

Ermənilər bu insanları Xankəndidə saxlamaq üçün müxtəlif addımlar atırlar. Məsələn, bir il ərzində burada yaşayan ermənilər elektrik enerjisinə, internetə və telefona ödəniş etməyəcək. Eyni zamanda hər ailə başına 60 min dram pul veriləcək. Separatçı Artyunyan rusların mövcud planına uyğun açıqlamalar verib.

Sülh məramlıların işləri bununla yekunlaşmır. MMİM — in planına və yaydığı məlumata görə, RF Müdafiə Nazirliyi açılmış mərkəzlərdən başqa bu tip mərkəzlər yaradacaq:

  • Ərazilərin minalardan təmizləmə mərkəzi
  • Qarşıduran tərəfləri barışdırma mərkəzi
  • Nəqliyyat təminatı mərkəzi
  • Məişət və ticarət mərkəzi
  • Tibbi təminat mərkəzi
  • Tele-radio yayınları
  • Sülh məramlıların «Vestnik» qəzetinin nəşri

Belə çıxır ki, Rusiya bir cəngəlliyə düşüb və orada özünə uyğun yeni rejim yaratmağa çalışır. 30 il bu problemə heç bir pozitiv mövqe nümayiş etdirməyən Rusiyaya bu şansı verə bilmərik. Ümumiyyətlə tarixi aspektdə Qafqaza bu problemi transfer edən Rusiyanın burada olmasına bircə şərtlə razılıq vermək olar ki, yaratdığı bu süni toplumu şəllənib Qafqazı təcili tərk etsin. Çünki Rusiyanın varlığı belə sülh, barış sözüylə antonimdir. Bunu Moldovanın yeni seçilmiş prezidentinin verdiyi bəyanat bir daha sübut edir. Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu, Rusiya qoşunlarının Dnestryanıdan dərhal geri çəkilməsini tələb edir. Liberal partiyadan seçkilərin qalibi, münaqişənin həllinə dair danışıqlarda «yumşaq yanaşmanın» heç bir nəticə vermədiyini və qarşı tərəflərin ərazi reinteqrasiya məsələsində bir razılığa gəlmədiklərini söylədi. Bölgədəki rus qoşunları buna mane olur. Yəni bütün postsovet məkanda sülhün bərqərar olmasının tək baiskarı elə Rusiyanın özüdür.

Ən başlıcası isə Rusiya sülh məramlılarına təcili olaraq ölkənin Xocavənd, Ağdərə, Xocalı və Xankəndində qalmış terrorçu, separatçı və işğalçı birləşmələrini ölkədən çıxarmaları üçün vaxt qoymalıyıq. Qəbul edilmiş razılaşmanın ilk bəndinə əməl etməyən bir ölkənin, nəinki 1960, heç 1 əsgəri də bizim ölkəmizdə qalmamalıdır. Bölgə daxili yollarda hərəkəti bərpa etməyi də təmin etməlidir. Şuşaya 103 km yol çəkmək deyil, 30 km-lik Əsgəran koridoru yaratmalıyıq.

Rusiya bir şeyi unutmasın ki, bizlər Qorbaçovun göstərişi ilə Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsinin rəhbəri təyin edilmiş Arkadi Volskini və SSRİ-nin Dağlıq Qarabağa ayırdığı 500 milyon rublu unutmamışıq və bu gün də Volskidən Putinin Rüstəm Muradovunun və ayırdığı rublların bizlər üçün elə bir fərqi yoxdur. Rusiya yaxşı bilir ki, bu münaqişənin həlli öz əlaltılarının Ermənistana və yaxud Krasnodar Erməni Respublikasına köçürülməsidir. Ən optimal yoldu, apar və orada qoru…

Biz öncə Allaha, sonra Ordumuza, Ali Baş Komandanımıza və 30 il oyunlarla yubadılan bir problemin həllində haqqın yanında olan qardaş Türkiyəmizə inanırıq!

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: