
Allahverdi Gündoğan
Şəhid atası, yazıçı, jurnalist, AVMVİB-nin fəxri üzvü
Suala cavab tapmaq o qədər də asan deyildir. Oradan başlayaq ki, həyatımıza, məişətimizə daxil olmuş bu təqvim ilinin minilliklərlə tarixi vardır. Bəzi insanlarımız bunu ruslarla bağlasalar da, onun ruslarla heç bir əlaqəsi yoxdur. Ən çox da özlərini din əhli hesab edən insanlarımız belə düşünürlər.
Bu, başqa mövzunun sualı olduğundan, üstündə ətraflı dayanmayacam. Sevinc və kədərin üst-üstə düşdüyü bir məqamda yeni il şənliyinin keçirilib keçirilməməsi cəmiyyətimizdə şıdırğı müzakirə predmetinə çevrilib. Bir ildən bəri bəşəriyyətin başı üzərini almış gözəgörünməz pandemiya bəlası bizdən də yan keçmədi. Hətta virusa belə yoluxmayan insanlarımız onun xofundan dünyalarını dəyişdilər.
Əsasən də psixoloji böhran keçirən cəmiyyətimiz ağır anlar yaşamaqdadır. Digər tərəfdən, üzüntülü dövran yaşayan cəmiyyətimiz ilin sonuna doğru illərdən bəri sinədağımıza çevirilmiş Qarabağ düyününün qısa müddətdə paramparça edilməsi ilə bağlı sevincli günlər yaşamağa başladı. Təbii ki,bu günləri bizə qarşılarında ehtiramla baş əydiyimiz uca Şəhidlərimiz və Qazilərimiz, Ali Baş Komandanımız və onun ətrafında sıx birləşən Millətimiz bəxş etdi. Yəni bu günkü ağrı-acı,kədər də bizimdir,sevinc də. Bütün dövrlərdə qələbələr,zəfərlər məhz qanla qazanılıb. Şəhid qanı ilə yazılan Zəfərlər isə əbədiyaşar olublar.
Haşiyə: 1904-cü ildə rus-yapon müharibəsində Port-Artur qalasının alınmasında qalanı fəth edən yaponların ordu komandanına oğlunun Şəhid olduğu xəbərini verirlər. Komandan tövrünü pozmadan deyir ki, onun cəsədini cəsədlər üstə qoyun ki, bir pilləkən irəli düşəsiniz. Bax,bu idi, qəhrəmanlıq!
İndi də gələk yuxarıda qoyulan sualın cavabına: Təbii ki, bu,mənim baxış bucağım, subyektiv yanaşmamdır: İllərdən bəri İçində Şəhid ağrı-acısı və sevinci yaşadan bir insan kimi deyirəm ki, bəli, yeni il şənliyi keçirilməlidir. Belə ki, atasının Şəhid olmasını çılpaqlığı ilə anlamayan 2-3 yaşlı cocuq ağrı-acılar içində qovrulan anasının hüznlü ətəyindən yapışır ki, ana, mənə yolka qur! Binəva ana nə etsin, qursun,qurmasın? O, Cocuğun: «Atam gələndə, quracaq» deməsi qarşısında əriməyə başlayır…
Ata isə…
Əbədi Ucalıqda məskunlaşıb. Anasına, babasına, nənəsinə və Tanrısına əmanət edilmiş kifayət qədər bu sayaq Şəhid cocuqları vardır. Düşünürəm ki, məhz millətimizə böyük Zəfərlər qazandırmış uca Şəhidlərimizin şərəfinə, onların cocuqlarının xatirinə Yeni il şənliyi keçirilməlidir. Əks təqdirdə gərək biz 10 dekabr Zəfər Paradını təntənəli surətdə keçirməməli idik?
Bir daha Uca Şəhidlərim qarşısında ehtiramla baş əyirəm!
