
Elbariz Məmmədli
Şair, publisist
Biz təzə mübarizə və savaş ilinə daxil olduq. Bütövlüyə, birliyə, Vətən sevgisinə, şəhid ucalığına, qazi əzəmətinə köklənmiş ruhumuz mübarək olsun!
Sözsüz ki, günümüzün mövzusu Vətənin bütövlüyü, rusların Qarabağ oyunu, açıq və gizli düşmən niyyətləri, hayların revanş çərənləmələri və.s ətrafında cərəyan edir. Özü də indiki həssas məqamda bu mövzu təkcə bizim deyil, bütün Türk dünyasının düşüncə arenasına daxil olub. Çünki cəhənnəmə yol alan rus İmperiyası hamını qıcıqlandırmağa, zorla və regional ziddiyyətlərlə savaşa çəkməyə maraqlıdır.
Rus kanallarının birində neofaşist deputat, keçmiş hərbçi Yevgeni Fyodorovla qazaxıstanlı Əfqanıstan veteranı , ehtiyatda olan polkovnik Murat Muxamedcanovun fikir mübadiləsinə baxdım. Əvvəlcə Murad bəy ondan soruşur ki, «sız, Jirinovski və bir çoxları Qazaxıstana qarşı torpaq iddiası ilə çıxış edirsiniz. Bunun nə ilə nəticələnəcəyinin fərqinə varırsınızmı?»
Öz növbəsində rus deputat deyir ki, mənim dediklərim, ötən əsrin 90- cı illərinin əvvəllərində qəbul edilmiş Rusiya Federasiyasının Konstitusiyasında təsbit edilib. Yəni, Rusiya özünü SSRİ-nin varisi elan edib və sovet dövründə Rusiyadan ayrılıb başqa respublikalara verilmiş torpaqları qaytarmaq hüququnu özündə saxlayır.
Əvvəla, bilmək maraqlı olardı, rusların torpaqları harda olub və müstəmləkə, işğal yolu ilə zəbt etdikləri əraziləri niyə özlərininki sayırlar?
İkincisi, əgər elədirsə, Azərbaycanın halal ərazilərini Ermənistan dövləti yaratmaq üçün haylara pay verənlər bizim haqqımızdan niyə danışmırlar?
Bir də ki, ilk rus dövlətinin harada və hansı şəraitdə yarandığı tarixdə bütün aydınlığı ilə göstərilib. Türklərin hansı ərazilərə sahib olduğunu da gizlətmək mümkün deyil. İndi rus neofaşistlərinin nəyin davasını apardıqları anlaşılmır. Etiraf etmək lazımdır ki, Murat Muxamedcanov Fyodorovun cavabını onların öz üslubuna uyğun şəkildə verdi. Dedi ki, sizin iddia etdiyiniz ərazilər tarixi türk torpaqlarıdır. Hazırda bütün Türk dünyasının birləşib bir güc mərkəzinə çevrilməsi istiqamətində işlər başlayıb. Bu 250 (red: əslində 300 milyon) milyonluq bir güc deməkdir. Siz bu gücləmi üz-üzə gəlmək istəyirsiniz? Əgər belə bir hadisə baş verərsə, bu Rusiya adlı bir dövlətin sonunu gətirəcək. Biz öz torpaqlarımızın hər qarışı üçün savaşmağa hazırıq.
İndi görürsünüzmü, ruslar təkcə Qarabağda xəyanətkar oyunlar oynamaqla kifayətlənmirlər. Həm də onların qorxulu röyasına çevrilmiş Türk birliyini pozmağa çalışırlar. Alınmayacaq.
Türk Birliyi də, Turan da mütləq qurulacaq. Bax, o zaman bizim tarixi ərazilərimiz də öz bütövlüyünə qovuşacaq. Hələlik isə, Qarabağdakı oyunları önləmək üçün hamı hərəkətdə olmalı, xəyanətlərə təpki göstərməlidir. Ən əsası, şərməramlıların Qarabağdan rədd olub getməsi hamımızın tələbinə çevrilməlidir. Artıq qardaş Türkiyə öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Azərbaycan dövləti və xalqı da öz fəaliyyətini bu istiqamətdə kökləməlidir.
Günlərimiz aydın, işlərimiz qələbəli olsun!
