YANLIŞLIQ, YOXSA XƏYANƏT?..

ALLAHVERDİ Gündoğan

Şəhid atası, yazıçı, jurnalistAVMVİB-nin fəxri üzvü

…Ötən ilimiz çox pis başladı. Virusmu deyək, hoqqabazlıqmı deyək, millətimizi çətin məqamda yaxaladı. Müəssisələrdə iş rejimi xeyli məhdudlaşdırıldı , irili- xırdalı ticarət obyektləri bağlanaraq, ailələrin dolanışığı ifrat dərəcədə ağırlaşdı.

Lakin ilin sonuna doğru ağılagəlməz hadisə -Vətən Müharibəsinin başlaması belə çətinlikləri arxa plana keçirdi. Millət elliklə müharibə havasına kökləndi. Ardıcıl gələn Qələbə müjdələri hər şeyi yaddan çıxardı. 30 ildən bəri çəkdiyimiz Yurd — Torpaq nisgilləri aradan qaldırılmağa başladı. Dünya müharibə tarixlərində analoqu olmayan, Vətən Müharibəsi tariximizə qızıl hərflərə yazılacaq 44 günlük qanlı savaşlar böyük Zəfərlə yekunlaşdı. Bu zəfərlər isə Ali Baş Komandanın qətiyyəti, uca Şəhidlərimizin və Qazilərimizin şücayəti və bütövlükdə millətimizin sıx birliyi nəticəsində əldə edildi.

Təbii ki, bu uğurlara xeyli ağız büzənlərimiz də tapıldı, bunun «nəyi qələbə oldu» deyib, banlayanlar da oldu. Gərək müharibə sona qədər davam edəydi, murdar hay donuzları Qarabağdan tamamilə çıxarılaydı, rus faşistləri sülhməramlı adı altında ölkəmizə buraxılmayaydı və s. və i.a.

Təbii ki, mən də ən xırda detallarına qədər bunların fərqindəyəm. İllah da ki, bu gün mənim Bala Vətənim — Ağdərə rayonunun Çərəkdar kəndi hələ də erməni -rus faşistlərinin tapdağındadır (inanıram ki, bu, müvəqqəti xarakter daşıyır), mən bunları o qədər də asanlıqla sinirə bilmərəm. Çılpaqlığı ilə anlayıram ki, bizim beynəlxalq güclərə, o cümlədən rus faşizminə qarşı təkbaşına çıxmağımız mümkünsüzdür. Sadəcə gələcəyə nikbin baxmağımız Türkiyə amilinin, qardaş Türkiyənin başından bəri yanımızda olması, bizə hər türlü dəstək verməsinə əsaslanır. Mən varlığım qədər inanıram ki, mövcud vəziyyətdə Türkiyə Azərbaycanı heç vaxt fırtınalı dənizdə təkbaşına buraxa bilməz.

Dünya miqyaslı iri layihələri, o cümlədən TURANA gedən Yolu üzünə qapaya bilməz! Xatirinizdədirsə, hələ Vətən Müharibəsi başlamamışdan bir qədər əvvəl Hərbi Səfərbərlik Komissiyalarına könüllü yazılanların axını başladı. Müharibə başlayan kimi , könüllülərin axını daha böyük vüsət aldı. Bu ərənlərimiz heç bir təmənna güdmədən, Ana-bacı demədən, meydana atıldılar. Onlar yalnız Vətən deyib, yürüdülər. Və xeyli Şəhidlər versək belə, böyük Zəfərlə döndülər! İndi gəlin görək bü qalibiyyətlə, zəfərlə dönən Aslanlarımız necə dəyərləndirilib,ödülləndirildilər?

Yuxarıda qeyd etdiyim kimi, onlar bu Böyük Yola çıxanda, Vətən deyib, hayqırdılar, kimsədən hər hansı bir ənam, bir sağol ummadılar. Lakin buna baxmayaraq, milətimiz və dövlətimiz haqlı olaraq böyük Zəfərləri bizə bəxş etmiş Vətən fədailərini — uca Şəhidlərimizi və Qazilərimizi layiqincə ödülləndirdi. Əminəm ki,Ali Baş Komandan onun rəhbərlik etdiyi müzəffər Ordunun bircə əsgərinin diqqətdən kənarda qalmasını istəməzdi. Lakin gəlin görək dövlət tərəfindən ödülləndirilmələrdə nələr baş verdi?

Hər kəsə bəllidir ki, 1988-ci ildən üzü bu yana Azərbaycan mədəniyyəti xaincəsinə necə ağlar günə qoyuldu. 30 il ərzində Azərbaycan mədəniyyəti ömürləri boyu rusca düşünən rus qafalı Polad Murtuzaoğlu və Əbülfəz (Əbülfəs) Qarayev tərəfindən 50 il, bəlkə də deyərdim 100 il geri tullandı. Məlumdur ki, Azərbaycanda mədəniyyət, incəsənət, eləcə də ədəbiyyat sahəsində yetərincə yaradıcı insanlar — rəssamlar, memarlar, drijorlar, müğənnilər, xanəndələr, aşıqlar, yazışı və şairlər vardır. İllər boyu öz sahələrində külünüg vurmuş bu sənət adamları hansı kriteriyalara əsasən ödülləndirilirdilər? Öncə milli mənsubiyyət, şəxsi münasibətlər, daha yaxşı yarınmaq mərəzi, bığ altından keçmə və s. O üzdən yetkin, səriştəli sənətkarlar illərdir darvazanın arxasında qalıblar, sənətdən uzaq, ətcəbala, lütcəbala, üzdəniraq yüzlərlə adamcıqlar yüksək fəxri adlarla ödülləniblər. Prezident də başına nə çarə qılsın, inandığı adamların tərtib etdikləri təqdimatlara dərkənar qoyur, vəssalam.

Əslində Prezident ətrafına topladıqları ilə özünü dərin bir bataqlığa salmış hesab olunur… Bəs Zəfər Paradı ilə sonuclanan Vətən müharibəsindən sonra nələr baş verir?

Mən şəxsən aldığım məlumatlara görə müharibədən sonra canlarını Vətən yolunda girov qoyan kifayət qədər əsğərlərimiz, 1-ci Qarabağ müharibəsi veteranları, onların övladları, Qazilərimiz həmin ödüllənmələrdən kənarda qalıblar. Əvəzində Qarabağın səmtini belə bilməyənlər, döyüş meydanını qoyub qaçanlar, fərarilik edənlər, müharibənin qızğın çağlarında hospitallarda başlarını girləyənlər, hətta belə satqınlar yüksək orden və medallarla ödülləniblər. Mən belə şeylərə 1990-cı il 20 Yanvar və Qarabağ Şəhidlərinin timsalında şahidlik etmişəm. Diqqət yetirin, 1990-cı ilin iyun ayında zəhər içib, intihar edən gənc özünü 20 Yanvar Şəhidlərinin cərgəsinə necə dürtüştürüb? Bu azmış kimi, Bakının böyük tam orta məktəblərindən birinə onun adı da verilib. 1-ci Qarabağ müharibəsi Şəhidlərinin cərgələri isə yad ünsürlərlə daha çox çeşidləndi. Qarabağın yolunu-izini belə bilməyənlər, Vətənin- torpağın -döyüşün nə olduğunu anlamayanlardan hətta Milli Qəhrəman səviyyəsinə yüksələnlər, müxtəlif ödüllər alanlar, veteran adı, əlillik dərəcəsi alıb, ondan bəhrələnən kifayət qədər yaramazlar peyda oldular…

Bəs bu araseçkiliyi, ayrımçılığı ,yaradanlar,habelə insanları üz-üzə qoyanlar kimlərdir? İllərdən bəri Ali Baş Komandanın etibar edib, bel bağladığı, hazırda onlardan bəziləri proseslərdən kənarda qalsalar belə ağbaşların, qarabaşların, hətta alabaşların idarə etdikləri komandadır. Bəli, bu gün bədnam 5-ci kolon ünsürləri var gücləri ilə hücuma keçiblər. Lakin əbəs yerə, unutmasınlar ki, onların da sonuna çox az qalıb. Bu dünyada sonsuz heç nə yoxdur axı! Altdan-altdan gecə-gündüz çalışan bu şərəfsizlər görürsünüz necə əzmlə susurlar. Bu gün başımızın üstünü alan bəlalara — erməni — rus faşistlərinin çıxardıqları hoqqalara qarşı üsyankar mövqedə dayanmalı olan, yadelli və yadqanlıların toplandığı antimilli həşəmətli Deputatxana üzvləri necə də əzmlə susurlar. Bir dəfə gördünüzmü rus-erməni faşistlərinin mövqeyini dəstəkləyən, onları bəh-bəhlə təqdir edən mənfur bolşevik nökərlərindən bircə nəfər cəzalandırılsın?

Unutmayın ki, deputatxana telebülbüllərinin cəh-cəhləri isə Biləcərdən o yana eşidilməz olur. Bu gün biz susmamalıyıq, canımızla,qanımızla Vətənlə olmalıyıq, Dövlətimizin,Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməliyik. Axı bu Vətən də, bu Torpaq da, bu Dövlət də bizimdir. Qarabağı erməni-rus faşistlərindən xilas etmək nə qədər önəmlidirsə, ölkə daxilini, ən vacibi də Dövlət daxilini vətən xainlərindən təmizləmək daha öndə olmalıdır.

Əminəm ki, müharibəni Zəfərlə başa vuran Ali Baş Komandanımız, Dövlətimiz bunun da öhdəsindən layiqincə gələcək. Yeni ildə bu köklü islahatlar baş verməyəcəksə, əldə edilən uğurların ,zəfərlərin bir qara qəpik qədər əhəmiyyəti olmayacaq. Bunu öncə uca Şəhidlərimizin və Qazilərimizin Vətən-Torpaq uğrunda axıtdıqları qanlar tələb edir! Mən çox nikbinəm, əminəm, çox keçməyəcək hər şey bizim istədiyimiz kimi olacaq.

Türk olan yerdə heç bir zəlalətə yer tapılmaz. Tanrı Türkü qorusun! Uca Şəhidlərimiz qarşısında ehtiramla baş əyirəm!

Bu xəbəri paylaşın: